Ramazan bayramınız mübarək!

Hörmətli həmvətənlər, dəyərli müsəlman soydaşlarımız!

Sizi Müqəddəs Ramazan ayının gəlişi münasibətilə təbrik edir, hər birinizə ən səmimi arzu və diləklərimi çatdırıram. Oruc tutan bütün müsəlmanların ibadət və dualarının qəbul olunmasını Allahdan diləyirəm!

İlahi hikmətlər xəzinəsi Qurani-Kərimin nazil olduğu mübarək Ramazan ayı insanları gözəl niyyətlər və xeyirxah əməllər naminə birliyə çağırır, onları əmin-amanlıq, qardaşlıq və bərabərlik yoluna dəvət edir. Müsəlmanlar bu ayda Allah və din qarşısında vicdani borc və vəzifələrini ləyaqətlə yerinə yetirmək fürsəti qazanır, mənəvi-ruhi kamilliyin nəfs üzərində qələbə sevincini yaşayırlar.

Hər şeydən əvvəl ölkəmizin, millətimizin bu çətin dönəmində Ramazan ayının millətimizə, ölkəmizə, bütün dünyaya, insanlığa xeyir, bəşəriyyətə sülh gətirməsini, işğal altında olan torpaqlarımızın azad olunmasını, xalqın azad, demokratik bir cəmiyyətdə xoşbəxt, əmin-amanlıq və firavanlıq içərisində yaşamasını, küskünlüklərin aradan qalxmasını, qardaşlıq və dostluq duyğularının qüvvətlənməsini arzulayıram.

İnanıram ki, bu müqəddəs Ramazan ayı günlərində etdiyiniz dua və diləklər, saf niyyətlər Tanrı dərgahında qəbul olunacaq, Uca Yaradan öz mərhəmətini xalqımızdan, dövlətimizdən əsirgəməyəcək.

Bu əziz gündə bir daha sizi, dünyanın müxtəlif guşələrində yaşayan bütün soydaşlarımı Ramazan ayının gəlişi münasibətilə təbrik edir, ailələrinizə xoşbəxtlik, süfrələrinizə bol ruzi və xeyir-bərəkət arzulayıram.

Allah oruc və dualarınızı qəbul etsin!

Sevgi və sayğılarla İqbal Ağazadə

 

Şərh yaz