Azərbaycanın ərzaq idxalından asılılığı niyə artır? – ANAR İSAYEV şərh edir

Azərbaycanın ərzaq idxalından asılılığı niyə artır? – ANAR İSAYEV şərh edir
2026-cı ilin yanvar–sentyabr aylarında Azərbaycana 2 milyard 67 milyon 672 min dollar dəyərində yeyinti məhsulları idxal olunub.
2025-ci ilin ilk 9 ayında bu göstərici 1 milyard 880 milyon 465 min dollar idi. Beləliklə, ərzaq idxalı 187 milyon 207 min dollar və ya 10 % artıb.
Ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirlər görülsə də hələ də Azərbaycan idxaldan asılı ölkə olaraq qalır. Hətta idxalla bağlı artım müşahidə olunur.
Maraqlıdır, niyə bu sahədə rəqəmlər azalmır, əksinə statistik göstəricilərdə artım müşahidə olunur?
Məsələ ilə bağlı iAzərbaycan Ümid Partiyasının İdarə Heyətinin üzvü, iqtisadçı Anar İsayev “Cebheinfo.az”-a bildirib ki, ərzaq idxalının 10 faiz artması Azərbaycanda aqrar siyasətin nəticələrinə və ərzaq təhlükəsizliyinin təmin olunması mexanizmlərinə yenidən baxılmasını zəruri edir:
“Çünki uzun illərdir kənd təsərrüfatına subsidiyalar ayrılır, güzəştli kreditlər verilir, fermerlərə dəstək göstərilir. Buna baxmayaraq, ərzaq idxalının dəyəri artırsa, deməli, görülən tədbirlərlə daxili bazarın tələbatı arasında hələ də ciddi uyğunsuzluq var. Burada əsas məsələ kənd təsərrüfatına nə qədər vəsait ayrılması deyil, həmin vəsaitin hansı iqtisadi nəticəni verməsidir.
İlk növbədə, Azərbaycan əhalisinin ərzaq tələbatı artır, istehlak bazarı genişlənir. Yerli istehsal bu artımı tam qarşılaya bilmədikdə idxala ehtiyac yaranır. Digər tərəfdən, kənd təsərrüfatında məhsuldarlıq, suvarma, torpaqdan səmərəli istifadə, texnologiyaların tətbiqi və istehsal xərcləri ilə bağlı problemlər qalmaqdadır. Bir sıra hallarda yerli fermerin məhsulu xaricdən gətirilən məhsulla qiymət baxımından rəqabət apara bilmir”
Onun sözlərinə görə, digər ciddi məsələ istehsalın strukturudur:
“Biz müəyyən məhsullar üzrə istehsalı artıra bilərik, amma idxaldan asılı olduğumuz əsas ərzaq və kənd təsərrüfatı xammalı istiqamətlərində irəliləyiş yetərli olmazsa, ümumi idxal göstəricisi yüksəlməkdə davam edəcək. Xüsusilə heyvandarlıqda yem təminatı, bitki yağları və bəzi taxıl məhsulları üzrə xarici tədarükdən asılılıq diqqətlə araşdırılmalıdır. Bununla yanaşı, idxalın dəyərinin 10 faiz artmasının avtomatik olaraq idxal olunan ərzağın fiziki həcminin də 10 faiz artması demək deyil.
Dünya bazarında qiymət dəyişiklikləri və məhsulların strukturundakı fərqlər də nəticəyə təsir göstərə bilər. Buna görə də dəqiq qiymətləndirmə üçün məhsullar üzrə həm idxal dəyəri, həm də fiziki həcm müqayisə edilməlidir”.
Anar İsayevin fikrincə, Azərbaycanda aqrar siyasətin əsas problemlərindən biri nəticələrin kifayət qədər konkret göstəricilərlə qiymətləndirilməməsidir:
“Dövlət dəstəyinin həcmi ilə yanaşı, hər bir strateji məhsul üzrə özünütəminetmə səviyyəsinin necə dəyişdiyi, məhsuldarlığın nə qədər artdığı və idxaldan asılılığın hansı istiqamətlərdə azaldığı açıq şəkildə təhlil olunmalıdır. Ərzaq təhlükəsizliyi yalnız ölkədə daha çox məhsul istehsal etmək deyil, strateji ərzaq məhsullarına olan tələbatı mümkün qədər dayanıqlı və rəqabətqabiliyyətli yerli istehsal hesabına ödəməkdir.
Bütün məhsulları ölkə daxilində istehsal etmək iqtisadi baxımdan məqsədəuyğun olmaya bilər. Lakin yerli istehsal imkanları olan məhsullar üzrə idxaldan asılılığın davam etməsi ciddi suallar doğurur. Nəticə etibarilə, 2026-cı ilin ilk doqquz ayında ərzaq idxalının 187,2 milyon dollar artması aqrar sahədə görülən tədbirlərin səmərəliliyinin daha dərindən araşdırılmasına əsas verir.
Dövlət subsidiyaları və investisiyaları son nəticədə məhsuldarlığın yüksəlməsinə, istehsal xərclərinin azalmasına və daxili bazarın yerli məhsullarla təminatının yaxşılaşmasına xidmət etməlidir. Əks halda, biz kənd təsərrüfatına vəsait ayırmağa davam edəcəyik, amma ərzaq bazarımız dünya qiymətlərindən, xarici tədarükçülərdən və beynəlxalq təchizat zəncirlərindən asılı qalacaq.
Bu isə təkcə iqtisadi məsələ deyil, həm də milli təhlükəsizlik və əhalinin sosial rifahı məsələsidir”.
Nigar Abdullayeva
Şərh yaz