Fransada dərinləşən sosial-siyasi böhran: Makron hökumətini nə gözləyir? – BAKİR HƏSƏNBƏYLİ şərh edir
“Fransadakı kütləvi etiraz və qarşıdurmalar nəticəsində 2400-dən çox insan saxlanılıb, yüzlərlə polis və nümayişçi yaralanıb.”
Bu barədə Azərbaycan Ümid Partiyasının İdarə Heyətinin üzvü Bakir Həsənbəyli Yenicag.az-a açıqlamasında bildirib.
Politoloq Fransada baş verən kütləvi etiraz aksiyalarının pərdəarxası səbəblərini geniş təhlil edib:
“Fransada baş verən son kütləvi etirazların əsas səbəbi təhsil sistemindəki problemlər – müəllim çatışmazlığı və məktəblərin acınacaqlı vəziyyəti, həyat bahalığı, eləcə də yanacaq qiymətlərinin artmasıdır. Sentyabrın ortalarında ilk olaraq lisey və universitet tələbələrinin başlatdığı bu hərəkat, oktyabrın ortalarında həmkarlar ittifaqları, işçilər və “Sarı jiletlilər”in də qoşulması ilə ölkə miqyaslı böyük bir siyasi-sosial böhrana çevrildi. Aksiyalar ilkin olaraq Parisin aztəminatlı şimal ətraflarında məktəblilərin narazılığı ilə başlayıb və sürətlə digər şəhərlərə yayıldı. Şagird və müəllimlərin haqlı tələbləri var. Dərslərin boş keçməsi və uzun müddət əvəzedici müəllimlərin təyin olunmaması, məktəb binalarının köhnəlməsi, siniflərin həddindən artıq sıx olması və yay aylarında sinif otaqlarında temperaturun 40 dərəcəyə qədər çatması, universitetlərə qəbul üçün istifadə olunan portalının yaratdığı stress, hökumətin bəzi texniki liseylərdə qeydiyyat haqlarını artırmaq planları və s. Etirazlar yalnız təhsillə məhdudlaşmadı. Geniş sosial narazılıqlarla birləşdi: Əhalinin gündəlik tələbat mallarını almaqda çətinlik çəkməsi, vergilərin yüksəkliyi. benzin və dizelin bahalaşması keçmiş “Sarı jiletlilər” hərəkatının yenidən küçələrə çıxmasına səbəb oldu. Makron hökumətinin büdcə kəsirlərini azaltmaq üçün sosial xərcləri və dövlət xidmətlərini ixtisar etmək planları kütləvi etiraz doğurdu. Oktyabrın 17–18-də nümayişlər pik həddə çatdı, Ölkə üzrə 800 minədək insan küçələrə çıxdı. Paris, Marsel, Lion və Limoj kimi şəhərləridə daxil olmaqla kütləvi iğtişaşlar, dövlət binalarının yandırılması və mağazaların talan edilməsi halları baş verdi. Qarşıdurmalar nəticəsində 2400-dən çox insan saxlanılıb, yüzlərlə polis və nümayişçi yaralanıb. Müxalifət və etirazçılar prezident Emmanuel Makronun istefasını tələb edirlər.”
B. Həsənbəyli bildirib ki, bu etirazlar fərqli ssenari ilə yekunlaşa bilər:
“Fransadakı etirazların son nəticə etibarilə necə bitəcəyini dəqiq proqnozlaşdırmaq qeyri-mümkündür, çünki bu, hadisələrin hansı konkret etiraz dalğasından, məsələn, pensiya islahatları, iqtisadi çətinliklər, yoxsa digər sosial-siyasi məsələlərlə bağlı müzakirələrin getməsindən və hökumətin atacağı addımlardan asılıdır. Fransa siyasi həyatında kütləvi nümayişlər və tətillər tez-tez baş verir və adətən bu ssenarilərdən biri və ya bir neçəsinin kombinasiyası ilə nəticələnir. Hökumət etirazçıların tələblərini qismən qəbul edərək qanun layihələrində güzəştlərə gedir və ya onları tamamilə geri çəkir, hökumət geri addım atmır, qanun qəbul olunur və zaman keçdikcə etiraz hərəkatı enerjisini itirərək zəifləyir,gərginlik pik həddə çatdıqda, hökumət kabinetində dəyişikliklər məsələn, Baş nazirin istefası və ya növbədənkənar seçkilər baş verə bilər. Makronu ciddi siyasi böhran, təhlükəsizlik tədbirlərinin sərtləşdirilməsi və prezident seçkiləri ərəfəsində güclü müxalifət təzyiqi gözləyir. 2026-cı ilin oktyabrında ölkədə qiymət artımı və təhsil islahatlarına qarşı baş qaldıran, yüz minlərlə insanın qatıldığı nümayişlər son illərin ən ağır küçə toqquşmalarına çevrilib. Keçiriləcək prezident seçkilərinə cəmi altı ay qalmış bu etirazlar Makronun mərkəzçi siyasi xəttini böyük risk altına qoyur. Mövcud vəziyyət onun ehtimal olunan varislərinin şanslarını azaldır. Baş verən xaos həm sağçı müxalifətin, həm də radikal solun mövqelərini gücləndirir və hökumətin funksionallığını birbaşa sorğu-sual altına alır. Makron xalqa müraciətində radikal qrupların törətdiyi zorakılığı kəskin pisləyib və yerli hakimiyyət orqanlarına ehtiyac yaranarsa, müəyyən aksiyaları qadağan etmək səlahiyyəti verildiyini bildirib. Prezident respublika quruluşunu hədəf alanların və dövlət binalarını yandıranların mütləq qanun qarşısında cavab verəcəyini və vurduqları maddi ziyanı ödəyəcəklərini bəyan edib. Polisin nəzarəti itirdiyini etiraf edən daxili işlər naziri istefasını qəbul etməyən Makron, kəşfiyyat və təhlükəsizlik orqanlarında yeni operativ metodların tətbiqini tapşırıb. Müəssisə və dükanların qarət edilməsi ölkə iqtisadiyyatına yüz milyonlarla avro ziyan vurub.”
Bakir Həsənbəyli hesab edir ki, bu etirazlar Makron üçün böyük səs itkisinə səbəb olacaq:
“Bu gərginlik fonunda parlamentdə keçiriləcək növbəti büdcə səsverməsi Makronun azlıq təşkil edən hökuməti üçün ciddi sınaq olacaq. Makron gərginliyi azaltmaq üçün şagirdlər, müəllimlər, yerli rəsmilər və biznes assosiasiyaları ilə bir araya gələrək “eyni masa arxasında” konkret həll yolları tapmağa çalışacağını elan edib. Lakin əvvəlki etirazlar zamanı verilən vədlərin yerinə yetirilməməsi cəmiyyətdə hökumətə qarşı inamsızlığı artırıb və bu dialoqun nə dərəcədə effektiv olacağı sual altındadır”.
Nurlan Cəfəri




