PARTİYA

Azərbaycan Ümid Partiyası 1993-cü ildə təsis edilib. Elə həmin ildə də dövlət qeydiyyatına alınıb. Partiyanın ilk sədri “Qızıl Qələm” mükafatı laureatı, jurnalist, bir sıra kitabların müəllifi mərhum Əbülfət Əhmədov olub.

2002-ci il dekabrın 15-də Ümid Partiyasının III (I) Qurultayında partiyanın sədri İqbal Ağazadə seçilib. Qısa bir müddətdə sıralarında istedadlı, intellektual, liderlik və təşkilatçılıq qabiliyyəti olan gəncləri birləşdirən partiya yeni bir qüvvə kimi Azərbaycanın siyasi səhnəsinə daxil olub.

2003-cü ilin martından etibarən Müxalifətin Koordinasiya Mərkəzinin demokratik və azad seçki tələbilə təşkil etdiyi kütləvi etiraz aksiyalarında aktiv iştirak edib. Bu aksiyalarda partiyanın kütləvilik və aktivlik baxımından aparıcı müxalifət partiyaları ilə ön sırada olması  medianın,  ictimai-siyasi qüvvələrin və beynəlxalq təşkilatların da diqqətini cəlb edib.

2003-cü ilin prezident seçkilərində əksər müxalifət partiyalarının birləşdiyi “Bizim Azərbaycan” blokuna qoşulub. O zaman bu blokda otuzdan artıq siyasi partiya və yetmişə yaxın ictimai təşkilat birləşirdi.

2003-cü il iyunun 30-da Güney Azərbaycanda yaşayan soydaşlarımızın hüquqlarının tapdanmasına etiraz olaraq, İran İslam Respublikasının Bakıda yerləşən səfirliyi qarşısında partiya üzvlərinin keçirdiyi dinc aksiya polis tərəfindən dağıdılıb. Aksiya iştirakçılarının bir hissəsi ciddi bədən xəsarəti alıb və 6 nəfər həbs olunub.

2003-cü il prezident seçkiləri kampaniyası zamanı istər rayonlarda, istərsə də Bakıda təşkil olunmuş 7 sentyabr və 12 oktyabr mitinqlərində Ümid Partiyası kampaniyanın aparıcı təşkilatlarından biri kimi çıxış edıb.

Seçkidən əvvəl bəyan etdiyi kimi, Ümid Partiyası və onun lideri İqbal Ağazadə həm 2003-cü il 15 oktyabr prezident seçkiləri günü məhkəmələrin qarşısında səsvermə hüququndan məhrum olunmuş seçicilərin yanında, həm də 16 oktyabrda səslərinin oğurlanmasına etiraz edən xalqın önündə olub.

2003-cü ilin 17 oktyabrında “Ümid” liderinin deputat toxunulmazlığı siyasi sifarişlə ləğv edilib. DİN MCQMİ əməkdaşları İqbal Ağazadənin evinə basqın edərək, onu 17 nəfər ailə üzvü, vəkili və jurnalistlərlə birlikdə zorakı üsulla həbs edib. Millət vəkili toxunulmazlığı götürülən partiya sədri çox ağır mənəvi, psixoloji və fiziki işgəncələrə məruz qalıb.

Bu həbslə kifayətlənməyən hakimiyyət Ümid Partiyasına və müttəfiqlərinə repressiyalarını davam etdirib, bütün ölkə ərazisində  partiya üzvlərinin zorakı üsullarla 16 oktyabrda baş verənləri pisləyən ifadələr və partiyanı tərk etmək haqqında bəyənatlar verməyə məcbur etməyə çalışıblar. Hakimiyyətin repressiya maşını ümidçiləri təşkilat ətrafında daha da sıx birləşdirib.

Ən ağır günlərdə ölkədə qeyri-rəsmi hökm sürən fövqəladə vəziyyətdə belə Ümid Partiyası bir gün də olsun fəaliyyətini dayandırmayıb. Əksinə həbs olunmuş müxalifət liderlərinə qarşı törədilən qanunsuzluq və ədalətsizliklərə etiraz olaraq, həbsxanada keçirdikləri aclıq aksiyasına partiya olaraq, ancaq Ümid Partiyası dəstək verib.

Ümid Partiyası 7 mart 2004-cü ildə Azərbaycanda 16 oktyabr hadisələrindən sonra liderinin həbsdə olmasına baxmayaraq, müxalifət düşərgəsində ilk ümumrespublika müşavirəsi keçirməklə bir partiya olaraq, siyasi böhrandan çıxmağı bacaran qüvvə olduğunu göstərib.

Siyasi böhrandan sonra müxalifətin ilk birgə tədbiri 20 aprel 2004-cü ildə Ümid Partiyasının Gənclər Təşkilatı tərəfindən təşkil olunub. Həmin tədbirdə ümidçi gənclərin 16 oktyabr tarixinin “Demokratiyanın müdafiəsi günü” kimi qeyd olunması təklifi ictimaiyyət tərəfindən dəstəklənib.

Ümid Partiyası müxalifət liderləri ilə bağlı ədalətli mühakimə tələbi ilə məhkəmə keçirilən binanın qarşısında bir neçə dəfə etiraz aksiyası təşkil edıb.

1 dekabr 2004-cü il tarixdə ölkədə demokratik seçki mühitinin olmamasını, faktiki olaraq, fövqəladə vəziyyət rejiminin qüvvədə saxlanılmasını və müxalifətin ümumi rəyini nəzərə alaraq, Ümid Partiyası 17 dekabr 2004-cü ildə keçirilən Bələdiyyə Seçkilərində iştirakdan imtina edib.

Bir il davam edən məhkəmə prosesindən sonra 22 oktyabr 2004-cü il tarixdə Ağır Cinayətlərə dair Məhkəmənin qərarı ilə 3 il müddətinə həbs olunan partiya lideri İqbal Ağazadə digər silahdaşları ilə birlikdə beynəlxalq təşkilatların təzyiqləri nəticəsində 20 mart 2005-ci ildə əfv fərmanı ilə azad edilib.

Ümid Partiyası 6 noyabr 2005-ci il  Parlament Seçkilərinə 30 namizədlə qatılıb. Seçkilərin nəticələrinin əksər dairələrdə kütləvi şəkildə saxtalaşdırılmasına baxmayaraq, həqiqətən də xalqın etimadını qazana bilmiş çox az sayda namizəd millət vəkili seçilə bilib ki, bu namizədlərdən biri də 35 saylı Xətai Üçüncü Seçki Dairəsindən deputatlığa namizəd Ümid Partiyasının lideri İqbal Ağazadə olub.

Ümid Partiyası 10 noyabr 2005-ci ildə seçkilərin xalqın iradəsini tam ifadə etməməsi və beynəlxalq standartlara cavab verməməsi haqqında parlament seçkilərinin nəticələrinə dair bəyanatla çıxış edib.

Parlament fəaliyyəti dövründə Ümid Partiyasının sədri bir sıra ölkə əhəmiyyətli təkliflər paketi ilə çıxış edib. Qarabağ probleminin həlli, sosial sahə, kənd təsərrüfatının inkişafı, gömrük, neft sahəsi, bank və maliyyə, təhsil və səhiyyə, siyasi sahələrlə bağlı hökümətə təkliflər paketi təqdim edib. Qaçqın şəhərciyinin ləğv olunması məhz İqbal Ağazadənin təklifi ilə həyata keçib.

2006-cı ildən Ümid Partiyası MSK, DSK və MnSK-larda təmsilçilik hüququ qazanıb.

15 oktyabr 2008-ci ildə Ümid Partiyası Prezident Seçkilərində iştirak edib. Ümid Partiyasının Qurultayında prezidentliyə namizəd olaraq, partiya sədri İqbal Ağazadə təqdim olunub və sədr Prezident Seçkilərində iştirak etmək hüququ qazanıb.

Uğurlu bir seçki kampaniyası aparan partiya əhalinin və ölkənin sosial-iqtisadi vəziyyətilə bağlı proqramlarla çıxış edib. Onlardan biri də “sosial evlər” layihəsidir ki, bu gün hökümət onu həyata keçirir.

Ümid Partiyası 2009-cu ildə Konstitusiya dəyişikliyinə etiraz olaraq, müxalifətin Antireferendum Koalisiyasının yaranmasını təşkil edib. Partiya həmin ildə də Bələdiyyə Seçkilərində müxalifət düşərgəsindən ən çox namizədlə seçkilərə qatılıb. Bir neçə namizəd bələdiyyədə təmsil olunmaq hüququ qazanıb.

7 noyabr 2010-cu ildə Ümid Partiyası Parlament seçkilərinə Qarabağ bloku ilə qatılıb. Qarabağ blokunda Ümid Partiyası ilə yanaşı ADP və Aydınlar Partiyası da olub. Bu seçkilərdə də partiya bir mandatla  parlamentdə təmsilçilik qazanıb, partiya sədri İqbal Ağazadə 35 saylı Xətai Üçüncü Seçki Dairəsindən millət vəkili seçilib. Ümid Partiyası parlamentdə bir mandatla təmsil olunmasına baxmayaraq, ən fəal parlament partiyası olub. Partiya ölkənin sosial-iqtisadi həyatı, insan haqlarının müdafiəsi, azad və ədalətli seçkilərin keçirilməsi ilə bağlı hökümətə kifayət qədər proqram və təkliflər paketi ilə çıxış edib.

2013-cü il 9 oktyabr prezident seçkilərində də partiyanın namizədi  İqbal Ağazadə olub.

Ümid Partiyası 23 dekabr 2014-cü il bələdiyyə seçkilərində iştirak edib. Namizədliyi qeydə alınan partiya üzvlərindən bir neçəsi şəhər və kənd bələdiyyələrinin üzvü seçilib.

2015-ci ildə dünya bazarında neftin qiymətinin kəskin ucuzlaşması səbəbindən ölkədə yaranan iqtisadi böhranla bağlı partiya hökümətə böhrandan çıxış yolları ilə bağlı Antiböhran Proqramı təqdim edib.

Partiya 1 noyabr 2015-ci ildə parlament seçkilərinə 125-lər Siyasi Klubu layihəsi ilə (125 seçki dairəsinin hər birindən namizəd) qatılıb. Uğurlu bir seçki kampaniyası aparan Ümid Partiyasının namizədlərinin bir necəsi qeyri-qanuni olaraq qeydə alınmayıb, seçkini qazanan namizədlərinin isə haqqı tanınmayıb. 35 saylı Xətai Üçüncü Seçki Dairəsindən partiyanın deputatlığa namizədi İqbal Ağazadənin  qalib gəldiyini sübut edən bütün məntəqə seçki komissiyalarının rəsmi protokolları sonradan dəyişdirilərək, başqa bir namizədin xeyrinə saxtalaşdırılıb.

2018-ci il 11 aprel növbədənkənar Prezident Seçkilərində partiya Qurultay keçirilmədiyi üçün seçkilərdə iştirak edə bilməyib.

2019-cu il 23 dekabr növbədənkənar bələdiyyə seçkilərində iştirak edən partiya seçkilərin total saxtalaşdırılması səbəbindən bələdiyyələrdə təmsil olunmaq hüququ qazana bilməyib.

2020-ci il 9 fevral tarixində keçirilən növbədənkənar Parlament Seçkilərində yetmiş seçki dairəsindən namizəd irəli sürən Ümid Partiyası fəal iştirak edərək, ölkədə uğurlu seçki kampaniyası həyata keçirib. 2015-ci il 1 noyabr tarixində olduğu kimi 2020-ci ildə də seçkilərin nəticələri total şəkildə saxtalaşdırılıb. Partiya parlamentdə təmsil olunmaq hüququ qazana bilməyib, 35 saylı Xətai Üçüncü Seçki Dairəsində seçkilərin nəticələrinin ləğvi ilə bağlı hüquqi müstəvidə mübarizəsini davam etdirib. Partiya sədri İqbal Ağazadənin namizəd olduğu 35 saylı Xətai Üçüncü Seçki Dairəsində saxtalaşdırılmış seçki nəticələri ləğv olunub, dairədə təkrar seçkilər keçiriləcək.