Mübariz Maxsudov: “Torpaqlarımızı ordumuzun gücü ilə azad edəcəyik”

“Qarabağ müharibəsi vaxtı cəbhə bölgəsində atəşkəsi nəzərdə tutan sənəd – “Bişkek protokolu”, 1994-cü ilin mayın 14-də imzalandıqdan sonra böyük dövlətlər başımızı aldatmaq üçün bir üçlük yaratdılar. 1997-ci ildə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk Qrupunda üçlü həmsədrlik – Rusiya, ABŞ, Fransa seçildi. Bu üç dövlətə diqqət edin. Rusiyanın, Fransanın olduğu bir təşkilat bizə necə xeyir verə bilərdi? Rusiya bizə 31 mart soyqırımını yaşadıb, ən  dəhşətlisi isə müstəqil, demokratik cümhuriyyətimizi işğal edib. Rusiya ən yeni tariximizdə Xocalı soyqırımını, 20 yanvar faciəsini bizlərə yaşadan dövlətdir. Fransızların erməni soyqırımını tanımaqla nə qədər qərəzli siyasət yürütdüyünü bilməyən varmı? Bu həqiqətləri görüb də bu dövlətlərin vasitəçiləriylə danışıqlara gedən iqtidar buna məcbur idimi? Əslində, bunu da onlardan  soruşmaq lazımdır. 26 ildir ki, bu mənasız danışıqlarla hara gedirik?”

Bu fikirləri Ümid Partiyasının yerli özünüidarəetmə və seçkili orqanlarla iş üzrə sədr müavini Mübariz Maxsudov son vaxtlar Qarabağ konflikti üzərində yaranmış gərginliklə bağlı öz açıqlamasında bildirib: “Azərbaycan xalqının səbri və müdrikliyi imkan verdi ki, iqtidar uzun sürən mənasız danışıqları davam etdirsin. Ona görə ki, hakimiyyət bu uzun illərdən düzgün istifadə edib həm güclənə, həm də beynəlxalq dəstəyi qazana bilərdi. Lakin bu istiqamətdə yanlış siyasət yürüdüldü. Buna baxmayaraq, ordumuz hal-hazırda Ermənistandan silahı və əsgərinin ruh yüksəkliyi baxımından qat-qat üstündür. Beynəlxalq dəstəyə gəlincə, BMT-nin, ATƏT-in Parlament Assambleyasının Qətnamələri  bizim əlimizi kifayət qədər güclü edir. Həmçinin, qardaş Türkiyənin ölkəmizi həmişəki kimi dəstəkləməsi torpaqlarımızı işğaldan azad etməyin vaxtı çatdığını göstərir.”

M.Maxsudov onu da qeyd edib ki, iqtidarın bu böyük müharibəyə başlaması üçün sadəcə siyasi iradəsi lazımdır. Hakimiyyət bu iradəni ortalığa qoysa, bütün siyasi qüvvələr və xalq tərəfindən birmənalı dəstəklənəcək.

 

Ümid Partiyasının Mətbuat Xidməti

Şərh yaz