Xanlar Abbas: “Bizi bizə qaytaran savaşımız mübarək!”

29

Uzun zaman idi ki, bir məsələ məni çox düşündürürdü. Hər dəfə cavabını tapa bilmədiyim suallara görə narahat olurdum. 

Axı, niyə biz bizim olanlara sahib çıxa bilmirik?

Niyə öz haqqımız olanı istədiyimizə görə  (hansı ki, bu gün xalq olaraq hər kəs bunu istəyir və tələb edir) bizi susdurmağa çalışırlar? Bizim olanlardan nədən başqaları, konkret olaraq düşmənlərimiz – ermənilər daha yaxşı istifadə edir, özününküləşdirir və dünyaya təqdim edir? Biz isə bunu bacarmırıq, bəzən bacarmaq üçün heç cəhd də etmirik, etsək də, sanki içimizdə özümüzə qarşı bir sevgisizlik, inamsızlıq var. Bununla bağlı xeyli araşdırma da aparmışam.

Musiqimiz, mədəniyyətimiz, tariximiz, kulinariyamiz, ədəbiyyatımiz, axı, biz nəyimizlə geridə qalmışıq? 

Nəticədə bəlli olur ki, qonşu xalqların, eyni zamanda dünya xalqlarının böyük əksəriyyətindən çox – çox öndəyik, hətta bizdən öyrənməyə çalışanlar da var.

 Təhsilimizə baxıram. Yenə də öndəyik. İstər xaricdə, istərsə də ölkədə təhsil alan gənclərimiz var ki, onlar bizim gələcəyimiz üçün böyük ümiddir. Onların arasında dünyaya yeni kəşflər bəxş edəcək qədər istedadlı, potensiallı gənclərimiz az deyil. 

Tarixə baxıram, 1918 – ci ildə babalarımızın qurduğu dəyərlərə sahib olan dövləti hələ də əksər xalqlar qura bilməyib. Sovetlərdən çıxanda da eyni dövləti qurma gücünü özümüzdə tapdıq.

Bəs, niyə bizim musiqini erməni mənimsəyərkən, “bizimdi”,- deyə bağırsaq da heç bir fayda olmur? 

Biz “dolma bizimdir”, “sarı gəlin bizimdir” dedikcə, erməni daha çox sahiblənir. Və elə bil ki, biz soyuyub, yorulub kənara çəkilirik. 

Biz “Qarabağ bizimdir!” dedikcə, erməni daha bərk səslənir dünyaya ki, “Qarabağ mənimdir”. Ən acı tərəfi də odur ki, dünya əksər zamanlarda bizi deyil, ermənini eşidir.

Həmişə bu cür sualların cavabını axtarırdım. 

Düşünürdüm ki, bizim insanın ağılı, dünyagörüşü, insanpərvərliyi və bütün kriteriyaları daha üstündur. Hətta sülhsevərliyi belə çox xalqlardan öndədir. Bəs, o “düyün” haradadır?

Sən demə, millət sındığı yerdən düzəlməli imiş. 

Bu günlərdə yaramıza məlhəm qoyuldu və bu xalq artıq yıxıldığı yerdən qalxmağa başlayıb. Hələ sınığımız tam düzəlməyib, amma tezliklə bu məlhəm yaramızı tam sağaldacaq.

Sən demə, bu yara sağalmadan heç bir müalicənin faydası yox imiş. Çünki sınmış xalqın səsi duyulmaz, söylədiyi dinlənilməz, haqqını tələb etdiyində dəstək olunmazmış. O vaxta qədər ki, o xalq ayağa qalxıb birlikdə  “mən varam və mənim olan mənimdir” – deyə bütün dünyaya səslənsin.

Biz qalib olduqdan sonra, yəni Qarabağı tam azad etdikdən sonra, kimsə bizə aid olana sahib çıxmağa çalışsa da, bu, mümkün olmayacaq. Biz dinməsək də bu gün susan xalqlar “o, Azərbaycanındır” – deyə doğru tərəfi göstərəcək. Mən artıq bu məsələdə bütün suallarıma cavab tapmışam.

Savaşımız mübarək!!!

 

Xanlar Abbas

Ümid Partiyasının gənclərlə iş üzrə sədr müavini 

 

Şərh yaz