Ümid Partiyasında illər öncə qurulmuş işlək mexanizm var – VƏZİR GÜLALIYEV

Ümid Partiyası Ali Məclisin üzvü, Kürdəmir Rayon Şöbəsinin sədri Vəzir Gülalıyev Umidparty.org saytının müsahibidir.

Vəzir bəy, mövcud vəziyyəti necə qiymətləndirirsiniz?

Dünyada baş verən problem iş ahəngini, həyat ritmini ciddi şəkildə dəyişdi. Xəstəliyin miqyası böyüdükcə, sosial problemlərin ölçüsü də böyüdü. Nəzərə alsaq ki, ölkədə insanların böyük əksəriyyəti gündəlik əldə etdikləri kiçik məbləğlə ailə büdcələrini formalaşdırırdılar. O məbləğ də yalnız ərzaqın əldə olunmasına xərclənirdi. Lakin artıq bir ildir ki, vətəndaş həmin məbləğin əldə edilməsi imkanlarını da itirib.

Sizcə vəziyyətdən çıxış yolu varmı?

Əlbəttə var. Artıq vətəndaşlarda sosial məsafəyə, tibbi maska taxmağa vərdiş ediblər. Xəstəliyin ciddiliyini qəbul edirlər. Son dövrlər yoluxmanın azalması da buna sübutdur. Lakin hökumət iş yerlərinin tam açılmasına hələ ki, tələsmir. Halbuki, belə olan təqdirdə bunun əvəzində vətəndaşa maddi yardımlar olmalıdır. Yanvar ayında ödənilməli olan 190 manatın da vaxtında və doğru-düzgün verilməməsi başa düşülən deyil. Halbuki qonşu Gürcüstan əhalisindən bir neçə ay su, qaz, elektrik təminatına görə pul almadı.

Pandemiyanın siyasətə təsirini necə xarakterizə edərdiniz?

Müxalif yönümlü siyasilərin görüş, müzakirə, məsləhət yerləri məişət obyektləri və ya ictimai yerlərdir. Çünki bu qəbildən olan siyasilərə normal fəaliyyət göstərmək üçün yerlərin verilməsi haqqında düşünülmür. Mövcud şərtlərlə həmin görüşlərin keçirilməsi də mümkünsüz idi. Lakin hər çətinliyin bir çıxış yolu da var. Mövcud imkanlarla, yəni sosial şəbəkə və ya telefon vasitəsilə əlaqə saxlayırdıq, məsləhətləşmələr aparırdıq. Hesab edirəm ki, vəziyyətin bundan sonra əlaqələrin yaradılması fonunda daha məqsədəuyğun olacaq.

Ötən müddət həm də xalqın yaddaşına xoş hadisələrlə yazıldı.

II Qarabağ Müharibəsi Azərbaycan xalqının özünün təsdiqi hadisəsi idi. 30 illik həsrət bitdi. Bu gün istər ölkə daxilində, istərsə də xaricdə biz “işğalla barışan xalq deyilik” fikrini təzələdik.

Lakin itkisiz də olmadı bu qələbə…

Bütün qələbələrin əldə edilməsi itkilərlə müşayiət olunur. Kürdəmir rayonunda Vətən Müharibəsində şəhidlər verdi. Çoxlu sayda qazilərimiz var. Şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa arzulayıram. Onu da qeyd edim ki, şəhidlərin əbədiyyətə uğurlanmasına fəallarımızla yaxından iştirak etdik, ailələrinin yanında olduq, olmalıydıq da. Qazilərimizlə də növbəli prinsiplə görüşürük. Onların əməllərini təqdir edirik.

Partiya quruculuğu hansı səviyyədə davam edir?

Ümid Partiyasında illər öncə qurulmuş işlək mexanizm var. İllərdir ki, bu mexanizmin dayanmaması üçün var qüvvəmizlə çalışırıq. Yuxarıda qeyd etdiyim kimi həyat müəyyən qadağaların qalmasına rəğmən öz ahənginə qayıdır. Çalışırıq fəaliyyətimizi daha dinamik formaya keçirək. Üzvlük üçün virtual müraciətlər var. Pandemiya bitəndən sonra ilk işimiz məclisin iclasını keçirmək olacaq.

QEYD: Vəzir Gülalıyev 7 oktyabr 1955-ci ildə Kürdəmir rayonunun Ərəbxana kəndində anadan olub. N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji İnstitunun Tarix fakültəsini bitirib. Kürdəmir şəhər 5 nömrəli orta məktəbdə direktor müavini, Uşaq Gənclər İnkişaf Mərkəzində metodist vəzifəsində işləyib.

Azərbaycan Xalq Hərəkatının fəallarından olub.

2005-ci ildən Ümid Partiyası Ali Məclisinin üzvü, Kürdəmir rayon şöbəsinin sədridir.

Şərh yaz