Vaşinqtondan Bakıya kritik zəng: Yeni mərhələyə hazırlıq başladı – TAMİLLA QULAMİ şərh edir

Vaşinqtondan Bakıya kritik zəng: Yeni mərhələyə hazırlıq başladı – Tamilla Qulami şərh edir
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Amerika Birləşmiş Ştatlarının dövlət katibi Marko Rubio arasında telefon danışığı aparılıb. Bildirilib ki, telefon danışığı zamanı Azərbaycan-ABŞ ikitərəfli strateji tərəfdaşlıq münasibətlərinin cari vəziyyəti və inkişaf perspektivləri, habelə Azərbaycan-Ermənistan normallaşma prosesi ilə bağlı məsələlər müzakirə edilib.
Telefon danışığı zamanı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıldığı bildirilir.
Bayramov və Rubio hansı məsələləri müzakirə edib? Mövcud geosiyasi vəziyyətdə bu zəng necə dəyərləndirilməlidir? Regionda nəyə hazırlıq gedir?
Globalinfo.az-a danışan Azərbaycan Ümid Partiyasının İdarə Heyətinin üzvü Tamilla Qulami deyib ki, Ceyhun Bayramovla Marko Rubio arasında baş tutan telefon danışığını yalnız Azərbaycan-ABŞ münasibətlərinin cari gündəliyi çərçivəsində yox, mövcud geosiyasi reallıqlar fonunda həm Cənubi Qafqaz, həm də daha geniş region üzrə Vaşinqtonun artan marağının göstəricisi kimi dəyərləndirmək olar:
“Rəsmi açıqlamada tərəflərin Azərbaycan-ABŞ strateji tərəfdaşlığının mövcud vəziyyəti və inkişaf perspektivləri, eləcə də Azərbaycan-Ermənistan normallaşma prosesi ətrafında fikir mübadiləsi apardığı bildirilir. Digər “maraq doğuran məsələlər” ifadəsi isə diplomatik dildə adətən ictimaiyyətə açıqlanmayan və tərəflər üçün həssas olan regional və beynəlxalq məsələlərin müzakirə edildiyini göstərir. Düşünürəm ki, söhbətin əsas istiqamətlərindən biri Azərbaycan-Ermənistan sülh gündəliyinin növbəti mərhələsi, regionda kommunikasiyaların açılması və bunun daha geniş nəqliyyat-geosiyasi layihələrə təsiri olub. Dialoqda həmçinin İran ətrafında yaranmış vəziyyət, enerji təhlükəsizliyi, Xəzər–Cənubi Qafqaz xətti və Azərbaycanın regionda artan strateji rolu da Vaşinqton üçün xüsusi əhəmiyyət daşıyır. Təbii ki, bunlar rəsmi açıqlanmayan məqamlar olduğu üçün konkret müzakirə mövzusu kimi deyil, mövcud geosiyasi gündəliyin mümkün istiqamətləri kimi dəyərləndirmək mümkündür”.
Tamilla Qulami bildirib ki, rəsmilərin dialoqunun baş tutduğu zaman isə xüsusi diqqət çəkir:
“ABŞ Cənubi Qafqazda yalnız Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasını deyil, formalaşmaqda olan yeni regional təhlükəsizlik və kommunikasiya arxitekturasını da nəzərə alır. Azərbaycan isə bu prosesdə həm coğrafi mövqeyinə, həm enerji və nəqliyyat imkanlarına, həm də Türkiyə ilə strateji tərəfdaşlığına görə mühüm aktordur.
Belə ki, regionda hərbi əməliyyata hazırlıqdan daha çox, yeni geosiyasi balansın formalaşdırılması prosesi gedir. Azərbaycan-Ermənistan sülh prosesinin praktik mərhələyə keçməsi, kommunikasiyaların açılması, ABŞ-ın regiondakı rolunun yenidən müəyyənləşməsi və İran ətrafında mümkün dəyişikliklər Cənubi Qafqazın strateji əhəmiyyətini daha da artırır.
Bu baxımdan Bayramov–Rubio danışığı sadəcə diplomatik telefon zəngi deyil. Bu, Azərbaycanın yeni regional düzəndə mövqeyinin, ABŞ-ın Cənubi Qafqaz siyasətinin və qarşıdakı mərhələyə hazırlığın müzakirə edildiyi mühüm siyasi-diplomatik təmasıdır”.
Şərh yaz