Tərtərə sakinlərinə layiq olan insanlar rəhbərlik etməlidir – İqbal Ağazadə

Tərtər rayon icra başçısı Müstəqim Məmmədovla bağlı dəfələrlə sosial şəbəkələrdə müxtəlif məzmunlu şikayətlərə rast gəlmişəm. Maraqlı məqamlardan biri budur ki, icra başçısından ən çox şikayət edən Şəhid, Qazi ailələridir.

Umidparty.org məlumat verir ki, bu sözləri Ümid Partiyasının sədri İqbal Ağazadə özünün feysbuk səhifəsində yazıb.

Bundan əlavə olaraq, Partiya sədri qeyd edir ki, səlahiyyətli dövlət qurumları illərdir çoxsaylı şikayətlərə nədən diqqət ayırmır, niyə icra başçısına vəzifəsinin xalqa xidmət olduğunu deyən yoxdur? Yoxsa Müstəqim Məmmədov əvəzedilməzdir, ya qəhrəman Tərtər əhalisi bu tip başçını haqq edir?

Şikayətlərin motivinə varmadan səlahiyyətli dövlət qurumlarına (Prezident Administrasiyasının rəhbəri cənab Samir Nuriyevə, Prezidentin köməkçisi cənab Zeynal Nağdəliyevə, DTX-nın rəhbəri cənab Əli Nağıyevə) müraciət edirəm:

Bu icra başçısının əməlinə hüquqi qiymət verin, onun adamları, xüsusilə, şəhid ailələrini, qaziləri təhqir etməsinə, aşağılamasına imkan verməyin. Tərtər düşmənin iki addımlığında illərdir mübarizə aparır, o şəhərə və sakinlərinə layiq olan insanlar rəhbərlik etməlidir.

P. S. Çoxsaylı şikayətlər, müraciət edən xeyli sakinlər var. Videomateriallar sosial şəbəkələrdə yayılıb. Əlavə faktlar axtarmağa ehtiyac yoxdur. İcra başçısı təkcə rüşvət alarkən tutulmur, həm də vəzifəsini yerinə yetirməyəndə, qanunları başqa formada pozanda da həbs edilir.

Ümid Partiyasının Mətbuat Xidməti

Şərh yaz