Putinin Vaşinqtona mesajı: Rusiya beynəlxalq təcriddən çıxış yolu axtarır – ANAR İSAYEV şərh edir

Putinin Vaşinqtona mesajı: Rusiya beynəlxalq təcriddən çıxış yolu axtarır – ANAR İSAYEV şərh edir
Rusiya Avropanın gələcək təhlükəsizlik sisteminin qurulmasında ABŞ-ın iştirakını zəruri sayır və Vaşinqtona ünvanlanan mesajlarında daha yumşaq ritorikaya üstünlük verir. Moskvanın bu mövqeyi Avropanın təhlükəsizliyinə real töhfə vermək niyyətindən irəli gəlir, yoxsa Rusiyanın beynəlxalq təcriddən çıxmaq və Qərblə münasibətlərdə yeni siyasi manevr imkanları qazanmaq cəhdidir?
Rusiya həqiqətən Avropanın təhlükəsizlik sisteminin qurulmasında maraqlıdırmı, yoxsa bu ritorika ilə özünün Avropadakı geosiyasi mövqelərini yenidən gücləndirməyə çalışır?
Moskvanın ABŞ-yə ünvanladığı bu mülayim mesajların arxasında hansı siyasi məqsədlər dayanır? Bu, Vaşinqtonla münasibətləri normallaşdırmaq və Ukrayna müharibəsi ilə bağlı danışıqlarda ABŞ-ın mövqeyini öz xeyrinə dəyişmək cəhdi ola bilərmi?
Azərbaycan Ümid Partiyasının İdarə Heyətinin üzvü Anar İsayev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Rusiyanın Avropanın gələcək təhlükəsizlik sistemində ABŞ-ın iştirakını zəruri hesab etməsi Moskvanın Qərblə münasibətlərdə taktiki xəttini dəyişdiyini göstərir. Lakin bu yanaşmanı Rusiyanın Avropada sülh və təhlükəsizliyin təmin olunmasına yönəlmiş xoşməramlı təşəbbüsü kimi deyil, beynəlxalq təcriddən çıxmaq və itirdiyi geosiyasi təsir imkanlarını bərpa etmək cəhdi kimi qiymətləndirmək daha doğru olar.
“Görünən odur ki, Rusiya həqiqətən də Avropanın gələcək təhlükəsizlik arxitekturasında iştirak etmək istəyir. Ancaq Moskvanın marağı mövcud təhlükəsizlik sisteminə inteqrasiya olunmaqdan daha çox, həmin sistemin yenidən formalaşdırılmasında söz sahibi olmaqdır. Rusiya uzun müddətdir NATO-nun şərqə doğru genişlənməsini, Şərqi Avropada hərbi infrastrukturun gücləndirilməsini öz təhlükəsizliyinə təhdid kimi təqdim edir. Ona görə də Kreml NATO-nun hərbi-siyasi təsirinin məhdudlaşdırılmasını, Rusiyanın təhlükəsizlik maraqlarının nəzərə alınmasını və Avropada yeni güc balansının yaranmasını istəyir. Başqa sözlə, Moskva Avropanın təhlükəsizliyini özünün geosiyasi maraqlarından ayrı təsəvvür etmir”, – deyə o bildirib.
Müsahibimiz deyib ki, ABŞ-yə ünvanlanan yumşaq mesajların arxasında da konkret siyasi hesablamalar dayanır. Rusiya anlayır ki, Avropanın təhlükəsizlik məsələlərində Vaşinqtonun mövqeyi həlledicidir. Buna görə də Rusiya ABŞ-la münasibətləri normallaşdırmağa çalışarkən Avropa İttifaqının prosesdəki rolunu ikinci plana keçirməkdə maraqlıdır. Avropa ölkələri ilə münasibətlərdə yaranmış problemləri birbaşa həll etməkdənsə, ABŞ-la anlaşma əldə etməklə ümumi siyasi mənzərəyə təsir göstərməyə çalışır. Bu, eyni zamanda, Avropanın öz təhlükəsizlik siyasətində vahid mövqedən çıxış etmək imkanlarını zəiflətmək cəhdi də ola bilər.
“Başqa mühüm məqsəd Ukrayna müharibəsi ilə bağlı danışıqlarda ABŞ-ın mövqeyinə təsir göstərməkdir. Moskva Vaşinqtonla münasibətləri normallaşdırmağa, sanksiyaların yumşaldılmasına nail olmağa, Ukraynaya Qərbin hərbi dəstəyini məhdudlaşdırmağa və mümkün sülh razılaşmasında özünün əsas tələblərinin nəzərə alınmasına çalışır. Bu baxımdan ABŞ-la dialoq Rusiya üçün təkcə diplomatik münasibətlərin bərpası deyil, həm də müharibədən sonrakı siyasi düzənin formalaşdırılmasında üstünlük əldə etmək vasitəsidir.
Lakin burada bir mühüm məqam var: Rusiyanın ritorikasının yumşalması onun strateji məqsədlərindən imtina etməsi demək deyil. Moskva Qərblə münasibətlərdə qarşıdurma dilindən dialoq dilinə keçməklə daha əlverişli siyasi şərait yaratmağa çalışır. Bunun nə dərəcədə real nəticə verəcəyi isə Ukrayna məsələsində güzəştlərə hazırlıqdan, Avropanın mövqeyindən və ABŞ-ın təhlükəsizlik maraqlarına nə dərəcədə sadiq qalmasından asılı olacaq”, – deyə o bildirib.
Anar İsayevin fikrincə, Rusiyanın əsas məqsədi sadəcə Avropada təhlükəsizlik sisteminin qurulmasında iştirak etmək deyil, yeni təhlükəsizlik düzəninin formalaşmasında özünü yenidən əvəzolunmaz geosiyasi aktor kimi təsdiqləmək və böyük güc statusunu yenidən möhkəmləndirməkdir. Moskvanın Vaşinqtona mülayim mesajları da məhz bu strategiyanın tərkib hissəsidir.
Şərh yaz