İqbal Ağazadə: “Biz Şuşanın alınmasına niyə müxalif olaq?” 

Ümid Partiyasının sədri İqbal Ağazadə Reaksiya TV-də qonaq olub. Bir sıra vacib məsələlərə münasibət bildirib. 

Azərbaycanda müxalifətçilik bitdimi? – sualına İ.Ağazadə belə cavab verib: 

“Bu sual çox adamı maraqlandırır. Sentyabrın 27-dən sonra hamı Ali Baş Komandanın ətrafında birləşdi. Baxın. Ölkənin ən böyük problemi Qarabağ idi. Müxalifət istəyirdi ki, Qarabağ azad olunsun. Biz şəxslərə yox, problemin həll olunmamasına müxalif idik. Amma problem həll olunursa dəstəyik. Biz ilk gündən dedik ki, vətən müharibəsidirsə, biz də əsgərlik. Onda biz sonuc nə olur olsun, paylaşırıq, demişdik. 200 illik problem idi, həll olundu. Bu problemin hər kəs bir yerindən yapışdı, milli birlik yarandı. İndi bəlli yerə çatmışıq, qələbə qazanmışıq, narazı tərəflər də var. Hesab edirəm ki, narahat olanların da narahatçılığı xoşməramlı narahatçılıqdır” 

İ.Ağazadə bildirib ki, bizim ilk probleminiz Qarabağ idi: “Qarabağ məsələsi birinci növbəli məsələmiz idi. Həll olunma istiqamətində biz müxalifətçiliyimizi yerə qoyub birləşdik. Sabah azad seçki məsələsində prezident deyəcək ki, azad seçki keçirilməsində dəstək olun, biz yenə dəstək olacağıq. Harda problem varsa, biz orda müxalifik. Məmur özbaşınalığı, rüşvətxorluq olacaqsa, biz orda da müxalifətçi olacağıq”.

Ermənilərlə birlikdə yaşamaq məsələsinə İ.Ağazadə belə cavab verib: 

“Maksilamalizm yaxşı şeydi. Münasibətlər elə yerə çatıb ki, birgə yaşamaq haqqında düşünmək çətindir. Birgə yaşayışı təmin etmək bizim üçün nə qədər çətindirsə, ermənilər üçün də o qədər çətindir. 44 günlük müharibə elə sürətlə qələbəyə getdi ki, adamlar az qala İrəvana bayraq sancmağa qədər xəyal qururdu. Müharibə 444 gün çəksəydi, belə olmazdı. Çünki illərin müharibə, qələbə istəyi daha böyük idi. Birgə yaşamağın mümkünsüzlüyü haqqında düşünürəm. Amma hər şey ölkəmizin maraqlarına xidmət etməlidir”.

Qarabağdakı ermənilərə pasport verilə bilərmi? – sualını İ.Ağazadə belə cavablandırıb: 

“Biz doğru siyasət aparsaq verilməz. Prezident özü də dedi ki, statusu olmayan yerdə pasport verilə bilməz. Kimsə buna cəhd etməz. Çünki uğursuz cəhd olar, ona cəhd edən tərəf Azərbaycanı itirər. Gələcək perspektivlərə baxmaq lazımdır. Biz daha perspektivli ölkəyik, bütün tərəflər üçün”.

İ.Ağazadə onu da qeyd edib ki, biz təkcə 1988, 92, 94 – cü illərin yox, 1923-cü ildə etdiyimiz səhvləri düzəldirik. Kim deyə bilərdi ki, Şuşa azad olunacaq? 

Sözügedən verilişi olduğu kimi təqdim edirik: 

Ümid Partiyasının Mətbuat Xidməti

Şərh yaz