Borcsuz idarəetmə modeli: “Uğur düzgün maliyyə idarəçiliyindən asılıdır” – Tamilla Qulami şərh edir
Bələdiyyələrin Dövlət Sosial Müdafiə Fonduna yaranmış borcları və bu öhdəliklərin gələcək pensiya təminatına təsiri son günlər müzakirə olunan aktual məsələlərdəndir. Sosial sığorta haqlarının vaxtında ödənilməsi yalnız qanuni tələb deyil, həm də vətəndaşların sosial təminat hüquqlarının qorunması baxımından mühüm əhəmiyyət daşıyır.
Bələdiyyələrin yaranmış borclarının silinməsi məsələsi isə həm maliyyə intizamı, həm də sosial məsuliyyət müstəvisində müzakirələrə səbəb olub.
Maliyyə naziri Sahil Babayev borcların silinməsinin mümkün olmadığını bildirərək sosial sığorta vəsaitlərinin birbaşa vətəndaşlara məxsus olduğunu vurğulayıb. Məsələnin əsas müzakirə predmetini borcların yaranma səbəblərinin araşdırılması və onların ödənilməsi üçün səmərəli mexanizmin müəyyənləşdirilməsi təşkil edir.
Azərbaycan Ümid Partiyasının İdarə Heyətinin üzvü, Binəqədi rayon Binəqədi Bələdiyyəsinin Yerli iqtisadi inkişaf Məsələləri Komissiyasının sədri Tamilla Qulami Herbiand.az-a açıqlamasında təmsil olunduğu bələdiyyənin maliyyə vəziyyəti, mövcud borc öhdəlikləri və onların aradan qaldırılması istiqamətində görülən tədbirlər barədə ətraflı məlumat verib:
“Binəqədi bələdiyyəsinin hazırkı maliyyə vəziyyətinə gəldikdə, tam məsuliyyətlə deyə bilərəm ki, 2024-cü il bələdiyyə seçkilərinə qədər qurumun təxminən 145 min manat borcu mövcud idi.
Lakin yeni rəhbərliyin müəyyən etdiyi idarəetmə strategiyası, maliyyə intizamının gücləndirilməsi, mövcud resurslardan səmərəli istifadə və borcların mərhələli şəkildə aradan qaldırılması istiqamətində görülən işlər nəticəsində bu gün Binəqədi bələdiyyəsinin heç bir quruma borcu yoxdur.
Bu, sadəcə borcun bağlanması deyil, həm də bələdiyyə idarəçiliyində yanaşmanın dəyişdirilməsinin nəticəsidir. Hesab edirəm ki, yerli özünüidarəetmə orqanının uğuru yalnız onun büdcəsindəki vəsaitin həcmi ilə deyil, həmin vəsaitin nə dərəcədə düzgün idarə olunması ilə ölçülməlidir.
Bələdiyyə büdcəsinin rentabelliliyinə gəlincə, burada bir məqamı nəzərə almalıyıq ki, bələdiyyə kommersiya qurumu deyil, onun əsas məqsədi mənfəət əldə etmək yox, yerli əhəmiyyətli məsələlərin həlli və əhaliyə xidmət göstərməkdir”.
Komissiya sədri hesab edir ki, büdcənin maliyyə baxımından dayanıqlı, gəlir və xərclər balansının qorunduğu, öhdəliklərin vaxtında yerinə yetirildiyi bir sistem qurulmalıdır: “Əlbəttə ki, bütün bunların fonunda nə qədər çətin olsa da, bələdiyyələr öz gəlirlərini artırmalı, mövcud əmlak və resurslarından səmərəli istifadə etməli, xərclərdə qənaət və şəffaflığı əsas prinsipə çevirməlidir.
Dövlət Sosial Müdafiə Fonduna olan borclar məsələsi də məhz bu məsuliyyət kontekstində dəyərləndirilməlidir.
Çünki söhbət yalnız maliyyə öhdəliyindən deyil, bələdiyyə əməkdaşlarının gələcək sosial təminatından gedir. Bizim üçün əsas hədəf borcsuz, şəffaf və öz maliyyə imkanları hesabına əhaliyə daha keyfiyyətli xidmət göstərən bələdiyyə modelini formalaşdırmaqdır”.
Məhəmməd Əliyev
Şərh yaz




