İqbal Ağazadə növbəti sərəncamla özünə iki müavin təyin etdi

Ümid Partiyasının sədri İqbal Ağazadə partiyanın Qurultayından sonra növbəti sərəncamını imzalayıb.

Sərəncama əsasən Qulami Tamilla Famil qızı Ümid Partiyası sədrinin təbliğat və təşviqat məsələləri üzrə müavini vəzifəsinə, partiya sədrinin digər sərəncamı ilə Abbasov Elman Abdulla oğlu isə Ümid Partiyası sədrinin mətbuat və informasiya məsələləri üzrə müavini vəzifəsinə təyin edilib.
Qeyd edək ki, martın 28-də pandemiya şərtlərinə uyğun olaraq, partiya özünün növbəti V (VII) Qurultayını onlayn qaydada keçirib.

QEYD: Qulami Tamilla Famil qızı

(01 oktyabr 1983-cü il) Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Kulturologiya” fakültəsinin bakalavr pilləsini, “Maddi və mədəni abidələrin qorunması və bərpası” ixtisası üzrə “Münaqişə zonalarında təcavüzə uğramış maddi-mədəni abidələrin qorunmasında Beynəlxalq Konvensiyaların icra prinsipləri” mövzusunda dissertasiya müdafiə edərək, magistratura pilləsini FƏRQLƏNMƏ ilə bitirib.

Dövri mətbuatda ictimai-siyasi yazıları dərc olunur.

2008-2017-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin əməkdaşı olub.

2009-2014-cü illərdə Güney Azərbaycan Televiziyasında “Günün səsi” xəbərlər informasiya proqramının, 2014-2018-ci illərdə Kanal13 İnternet Televiziyasında müxtəlif müəllif verilişlərin aparıcısı kimi fəaliyyət göstərib.

2014-cü il dekabr ayının 23-də ölkədə keçirilən Bələdiyyə Seçkilərində 2014-2019-cu il dönəmi üçün Binəqədi Bələdiyyəsinə üzv seçilib.

Respublika və beynəlxalq elmi-nəzəri konfranslar və ictimai-siyasi tədbirlərdə iştirak edir.

2014-cü il oktyabr ayında Avropa Birliyi Şərq Tərəfdaşlığı çərçivəsində III “Gənc Liderlərin Akademiyası“nda “Siyasətdə gənclərin iştirakı: İmkanlar və perspektivlər” forumunda “Cənubi Qafqaz Birliyi” yazısıyla çıxış edib.

Avropa Birliyi və Litva Xarici İşlər Nazirliyinin himayəsi ilə Şərq Tərəfdaşlığı Proqramı Ölkələrinin Gənc Liderlərinin Akademiyasının məzunu olub, Beynəlxalq Diploma layiq görülüb.

Avropa İttifaqı (Aİ), Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) və Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin açılışını etdiyi, “Qadınlar Bələdiyyələrin İnkişafı Uğrunda” İctimai Birliyinin həyata keçirdiyi “Dayanıqlı İnkişaf Məqsədlərinin Tətbiqi Vasitəsilə Gender Əsaslı Bələdiyyələrin Təşviqi” layihəsinin bir hissəsi olan “Gender əsaslı Bələdiyyə Akademiyası”nın məzunu olub.

09 iyun 2014-cü il partiyanın “Beynəlxalq Əlaqələr” şöbəsinin müdiri olaraq fəaliyyət göstərib, 5 aprel 2015-ci il Ali Məclisin müavini seçilib, 02 fevral 2016-cı ildə Ümid Partiyasının sədr müavini vəzifəsinə təyin olunub.

2015-ci il noyabr ayının 1-də Parlament Seçkilərində, 2020-ci il 9 fevral növbədənkənar Parlament Seçkilərində 95 saylı Tərtər Seçki Dairəsindən deputatlığa namizəd olub.

Abbasov Elman Abdulla oğlu

(20 may 1970-ci il) Azərbaycan Pedaqoji Universitetinin “Tarix” fakültəsini bitirib.

Azərbaycan Milli Azadlıq Hərəkatının fəallarından olub.

Elman Abbasov jurnalist, eyni zamanda hüquq müdafiəçisi kimi fəaliyyət göstərib.

2004-2005-ci illərdə müxtəlif vaxtlarda Naxçıvanda çıxan müstəqil “Bizim Naxçıvan” qəzetində müxbir, ANS TV-in şəhərlər qrupunun Naxçıvan bürosunun rəhbəri, APA İnformasiya Agentliyinin Naxçıvan bölgə müxbiri işləyib. 2005-2007-ci illərdə “Bizim yol”, 2012-2013-cü illərdə “Azadlıq” qəzetləri ilə əməkdaşlıq edib.

2006-2010-cu illərdə Naxçıvan Demokratiya və QHT-lərin İnkişaf Resurs Mərkəzi ilə əməkdaşlıq edib.

2008-2012-ci illər Reportyorların Azadlığı və Təhlükəsizlik İnstitutunun (RATİ) Naxçıvan üzrə bölgə müxbiri işləyib. İnsan haqları ilə bağlı müxtəlif beynəlxalq seminar və konfransların iştirakçısıdır. Jurnalistika, vebjurnalistika və hüquq müdafiə sahəsi üzrə beynəlxalq sertifikatlara sahibdir.

2005-2010-cu illərdə 4 saylı Naxçıvan Şəhər Seçki Dairəsində Ümid Partiyasını təmsil edib.

2013-cü ilin may ayından Ümid Partiyasının Mətbuat Xidmətinin rəhbəri kimi fəaliyyət göstərib, 2014-cü ilin iyununda Ümid Partiyası sədrinin informasiya və mətbuat məsələləri üzrə müavini təyin edilib.

Müxtəlif mətbuat orqanlarında çap olunan çoxlu sayda məqalələrin və araşdırmaların müəllifidir.

Şərh yaz