İqbal Ağazadə Türkiyənin A Haber kanalında qonaq olub

Ümid Partiyasının sədri, keçmiş Qarabağ savaşçısı İqbal Ağazadə Türkiyənin A Haber kanalının qonağı olub. “Canan Barlas ilə Gündəm” verilişinə dəvət alan partiya sədri ikinci Qarabağ savaşında Ümid Partiyasının birmənalı mövqeyindən, Qarabağın hazırkı hüquqi vəziyyətindən, tarixi faktlardan və beynəlxalq hüququn Ermənistan tərəfindən pozularaq? savaş cinayətləri törədilməsindən danışıb.

İqbal Ağazadə “Sizə Azərbaycanın “CHP”si deyə bilərikmi? – sualına təbəssümlə “yox” deyərək bildirib ki, biz 27 sentyabr, yəni ikinci Qarabağ savaşı başlayan ilk gündən dedik ki, ölkədə bir Ali Baş Komandan var, bir də əsgər – bu gün biz hamımız əsgərik.

Qarabağın tarixindən və hüquqi vəziyyətindən danışan partiya sədri bunları deyib: “Bugünkü Ermənistan dövləti Azərbaycan torpaqlarında qurulub. Tarix boyu altı yüz mindən çox azərbaycanlı o torpaqlardan qovulub. Sonuncu iki yüz min azərbaycanlı 1987-dən başlayaraq, öz yurdlarından didərgin salınıblar. O vaxtdan 27 sentyabra qədər belə qaldı. Bu otuz ilə yaxın müddətdə Ermənistan Dağlıq Qarabağı və ondan ərazicə üç dəfə böyük olan ətraf rayonları işğalda saxladı. Bu gün ermənilər tərəfindən Gəncənin, Tərtərin, Bərdənin və başqa rayonların vurulması, azərbaycanlı sivillərin öldürülməsi, öz uşaqlarını savaşa cəlb etmələri, öz əsgərlərinin cəsədlərinin cəm halında torpağa basdırmaları və bu kimi digər hərəkətləri bir daha göstərdi ki, Ermənistan nə insanlıq tanıyır, nə də beynəlxalq hüquq. Bu gün Ermənistanın etdikləri savaş cinayətləridir və mütləq bütün bunların cavabını verməlidir”.

İqbal Ağazadə onu da qeyd edib ki, bu gün baş verən hadisələr yalnız 1918-ci il ilə müqayisə oluna bilər: “Bu yaxında hörmətli Rəcəb Tayyib Ərdoğan da bildirdi ki, necə 1918-də babalarımız gəldi, bu gün də biz gələ bilərik. Bu gün Azərbaycan və Türkiyə münasibətləri türk cümhuriyyətləri üçün yeni bir mənzərə açır. Nəzərə alsaq ki, İranda qırx milyon azərbaycanlı yaşayır və onlar bu gün bir nəfər kimi dəstəklərini bildirirlər və bütün bunlar ümumi olaraq, türk dünyasına olan münasibətləri dəyişir”.

Sözügedən verilişi təqdim edirik:

https://m.facebook.com/watch/?v=3474986849260865&_rdr

ÜMİD PARTİYASININ MƏTBUAT XİDMƏTİ

Şərh yaz