Nazirliyin dərslik fiaskosu: “İdarəetməniz çöküb!” – Tamilla Qulami şərh edir
“Məktəblərdə dərslik çatışmazlığının məsuliyyəti Elm və Təhsil Nazirliyinin rəhbərliyindədir.”
Yenicag.az xəbər verir ki, bu sözləri Ümid Partiyasının İdarə Heyətinin üzvü Tamilla Qulami bildirib.
T.Qulami yeni tədris ilinin başlamasına rəğmən bəzi məktəblərdə dərs kitablarının çatışmamasına sərt reaksiya göstərib:
“Hər il sentyabr ayında dərslik çatışmazlığının yenidən gündəmə gəlməsi göstərir ki, problem ayrı-ayrı məktəblərin və ya kitabxana əməkdaşlarının səhlənkarlığı ilə izah ediləcək qədər sadə deyil. Şagird kontingenti, siniflərin komplektləşdirilməsi və əvvəlki illərin dərslik ehtiyacı kifayət qədər proqnozlaşdırıla bildiyi halda, tədris ilinin əvvəlində kitab çatışmazlığının yaranması planlaşdırma, uçot, logistika və resursların bölgüsü mexanizmlərində sistemli boşluqların olduğunu göstərir.
Burada məktəb rəhbərliyinin və kitabxana müdirinin də məsuliyyəti istisna edilə bilməz. Məktəbdə mövcud dərsliklərin düzgün uçotunun aparılması, kitab fondunun vaxtında müəyyənləşdirilməsi və ehtiyacın aidiyyəti qurumlara çatdırılması onların vəzifələrinə daxildir. Lakin bütün məsuliyyəti məktəbin üzərinə qoymağı da doğru yanaşma hesab etmirəm. Çünki dərsliklərin hazırlanması, çapı, bölgüsü və məktəblərə vaxtında çatdırılması daha geniş idarəetmə zəncirinin nəticəsidir.
Əsas məsələ hər il problemi aradan qaldırmaq üçün yalnız sentyabr ayında reaksiya vermək deyil, dərslik təminatını əvvəlcədən proqnozlaşdırılan və rəqəmsal uçotla idarə olunan sistemə çevirməkdir. Hansı məktəbdə hansı sinif üzrə neçə şagirdin olduğu, neçə dərsliyə ehtiyac yarandığı və mövcud fondun vəziyyəti dəqiq müəyyən edilməlidir. Miqrasiya və şagird sayındakı dəyişikliklər də bu proqnozlaşdırmaya daxil edilməlidir. Əks halda, hər il eyni problemin təkrarlanması idarəetmədə məsuliyyət bölgüsünün və planlaşdırma mexanizminin yenidən nəzərdən keçirilməsinin zəruriliyini göstərir.
Ən böyük çatışmazlıq və məsuliyyətsizlik isə Elm və Təhsil Nazirliyinin rəhbərliyindədir. Çünki illərdir kadr dəyişikliyinə baxmayaraq, hələ də fundamental bir dəyişiklik müşahidə edə bilmirik.”
Şərh yaz




