FEİL ZAMANIDIR, A(y)FƏ(rd)T: MÜRGÜLƏ (1)

15
Ağlamayan uşağa süd verməzlər.

(el deyimi)

Dözümlü xalqım, sənə açıq məktub yazmaqda məqsədim gündəlik məişət dolanbacında özündən xəbərsiz ya bilərəkdən elədiyin bəzi hərəkətlərinə güzgü tutmaqdır.
Sən işi olan cüzi, bəxtəvərlər qisminə aidsənsə səhər millətinin digər üzvləri ilə qucaq-qucağa ictimai nəqliyyata minirsən. Əlbəttə, səhər yeməyə nə isə tapmısansa, uşaqların məktəbi üçün süpürgə, printer, su aparatı pulu vermədən, qapını açanda kandarda AZƏRSU, AZƏRENERJİnin mübarək “namə”ləri yaz yağışı kimi ayaqlarına sərilmədən evdən çıxmağa müvəffəq olmusansa ikiqat bəxtəvərsən. İctimai nəqliyyatda oturmağa yer olubsa, yaxud əlin tutacaqlara çatıbsa, iki ayağını da rahat yerə qoya bilmisənsə belə fövqalədə bəxtigətirənsən.
Avtobuslar bibər turşusu kimi sıx olduğu halda, niyə son dayancaqlarında boşlarının dəqiqələrcə dayandığı sənin diqqətini cəlb etmir. Neft ölkəsində işığın, qazın niyə maaşının az qala yarısı qədər etdiyi səni narahat eləmir. Paytaxda suyunun niyə iki saat səhər, iki saat axşam verildiyi səndə sual doğurmur. Rayonda işıqsız, qazsız, hətta susuz yaşamaq sənin gündəlik həyatına təsir etmir.
Nə yolunun palçığı, nə ərzaqların bahalığı, nə yarıməsrdən bir də olsa evini təmir edə bilməməyin səni düşünməyə vadar etmir.
Lap belə maaşın da üç yüz manatı keçirsə, bəxtəvərlərin əlahiddəsisən. Sonsuzluğa uzanan, bitdikcə ardı gələn kreditlərini ödəməyə də, ayda bir-iki dəfə ət, hərdən evə şokolad, hətta ildə iki dəfə paltar almağa da imkanın var.
Nə olsun ki, tətildə ən yaxşı halda İsmayıllıya gedə bilərsən, nə olsun ki, seçkilərdə sənin səsinin heç bir önəmi yoxdur, nə olsun ki, məmurlarının hərəsinin saysız evi, obyekti olduğu halda sən öz rəhmətə getmiş valideyninə baş daşı düzəltdirmək üçün də kredit götürürsən, xəstəxanaya düşmüş ailə üzvün üçün də qohum əqrabandan borc alırsan?!
Bilirəm, sevmədin bu güzgü effektini, oxuma, get avtobusda evə(qəbrə) qədər mürgülə… əsas odur sənin ASAN xidmətin var!
Günel İbadova
Şərh yaz