Dürüstlüyünə heyrət etdiyim siyasətçi

84

Nizami dahidir, amma şahlara yazdığı tərifnamələri məni həmişə ondan bir köynək uzaqlaşdırır. Lakin yazı əhli bilir, bir söz ki qəlbini deşir, bağrını dəlir yazmasan çatlaya bilərsən. Əlimdən gəldiyi qədər onun şəninə tərif kimi səslənən cümlələri kəməndə salmağa çalışacağam.

İnsan fərd olaraq iki nəsnəylə tanınar: kimliyi və mənliyi.

Kimlik – mənsub olduğu xalq, irq, dindir. Azərbaycanın qanayan yarası Qarabağda doğulub. Müsəlmandır.

Mənlik – kimliyindən asılı olmayaraq insana aid keyfiyyətləridir. Gəncliyində tələbə ikən təhsilini dondurub Qarabağ müharibəsinə könüllü getməyi fərd kimi onu çoxlarından üstün edən ilk əməlidir. Bu, vətəndaş borcuna sadiqlikdir. Müasir Azərbaycan siyasi müstəvisində Qarabağ qazisi olan yeganə partiya sədridir. Azərbaycanda hakimiyyət dəyişimini inqilabla yox, sivil, demokratik seçki ilə, xalqı üzü-üzə qoyan vətəndaş müharibəsi olmadan etməyə, bütün bilik və bacarığı ilə çalışan yeganə siyasi liderdir.

Gənc yaşında qazi adını aldıqdan, ağır müharibə illərindən sonra, kifayət qədər imkanlı ailənin oğlu kimi kef-damaqla məşğul olmaq yerinə, ona inanan adamlarla partiya qurmağı və partiya sədri olmağ yaşıdlarının hamısından üstün edən növbəti əməlidir. Bu, vətənə xidməti hər şeydən üstün biməyin göstəricisidir. Xəmirinə yoğrulan xalq babası olmaq missiyasının fərqində olmasıdır.

Qurduğu partiyanın istənilən tədbirində həmişə öndə gedən də özüdür, həbs yatan da, qolu zorba hakimiyyət üzvləri tərəfindən fiziki və mənəvi təzyiqlərə qalan da. Heç kimi, heç bir üzvü bada vermədən, boynuna biçilmiş missiyasında insanları qurban vermədən irəliləmək onun yolunun ali olduğunu göstərən ən bariz nümunədir. İmkanlı ailədə böyüyüən bir gənc niyə cavanlığını yaşamaq, dünyanı gəzmək, daha çox pul qazanmaq əvəzinə… partiya qurmaq, ölkəsində demokratiya yaratmaq, xalqını firavan, vətənini bütöv görmək üçün ömür fəda etməyi seçir. NİYƏ?! 17 ay həbsdə yatmağı, gördüyü işgəncələr nəticəsində 6 ay yeriyə bilməməyi ilə nəticələnən 2003-cü ildə baş verən hadisəlrində xalqı meydanda tək qoymamağı onu küncdə bucaqda gizlənmiş liderlərin hamısından üstün olduğunu birbaşa sübut edən əməlidir. Bu isə xalqa fədakarcasına ömür xərcləməyə hazır olmağının sübutudur.

O, öz taleyini özü yazırmış kimi yaşayır. Onu tanıdığım bu beş ildə əmin olmuşam. Gələcəyi amansız dəqiqliklə görür, proqnozları gerçəkdə əksini tapır.

Bu gün adına “yalançı müxalifətçi”, “hakimiyyətin adamı”, “satqın” dediyiniz adam sizin atalarınız, analarınız, bacı və qardaşlarınız, dayı və xalalarınız müstəmləkə müstəqilliyindən qurtulub, həqiqi azadlığın bir addımlığında olanda, meydana yığılanda, indi yanında dayandığınız liderlər yox, məhz İqbal Ağazadə önə çıxdı. Həm də həbs olunacağını bilə – bilə… Xalqı meydanda naümid qalmasın deyə! NİYƏ?! Sonra çıxış elədiyi yerlərdə mənasız, tərbiyəsiz şərhlər yazasınız deyə?! Özünə dost deyib, kürəyinə bıçaq vurasınız deyə?! Hər uğurunda badalaq gəlmək üçün canfəşanlıq edəsniz deyə?! Sizin kimilərə görə mən bu adamın gözünə dik baxa bilmirəm. Uğruna ömrünü xərclədiyi xalqın övladlarının onu əl üstündə tutmaq yerinə, min bir iftiranı dilinə gətirməyinə ad verə bilmirəm. O isə hamınızı sevir. Təəssüf ki, hər birinizi!

Sonsuz mərhəmətlə ona bütün pislik edən adamları həmişə bağışlamaq kimi mənə yad olan keyfiyyəti var. Bu ifrat mərhəməti daim məndə qəzəb doğurur. Ona zəifliyi bağışlamaq mərhəmətdir, ləyaqətsizliyi bağışlamağın adı başqadır, deyirəm. Utanıram üzünə bunun adının sadəlöhvlük olduğunu deyəm. O isə qəlbinin acısı təbəssümündə, Günel, mən bu ölkənin prezidenti olacağam, xalqının bircə adamını sevməyəndən lider olarmı?!

Hə, onunla mübahisə etmək çox qəliz məsələdir. Söz bazası zəngin, bilgisi dərin, ruhu mübariz və casərətlidir. Gur səsi arqumentlərimi darmadağın edəndə qaşlarımı çatıb razılaşmaqdan başqa çarəm qalmır, onun xalqına olan alovlu sevgisi qarşısında bütün məntiqi nəticələr buz kimi əriyir.

Sağlam düşünməyə çalışıram. Şəxsiyyətə pərəstiş edən adamları xoşlamıram. Partiyaya gəldiyim ilk gündən müsahibələrini oxuyuram, çıxışlarını izləyirəm, iclaslarda ağzından çıxan hər sözə şübhə ilə yanaşıram. Nəsə, nəsə bir yanlış söz, zidd fikir axtarıram. Təbiətim belədir, şübhəciləm. Ola biməz ki, bu adam bu boyda fədakar olsun, deyirəm. Amma nə fayda?! Hər onda qüsur tapacam deyə çıxdığım yol gəlib heyrətəmiz dürüstlüyə çatır.

Belə bir insandır İqbal Ağazadə. Bu gün “Qarabağı bir ilə qaytararam” deyə bilmə cəsarətinə sahib olan yeganə lider. Sərvəti yox, qüdrəti yox, xalqını düşünən adam.

 

Günel İbadova

Ümid Partiyasının Ali Məclisinin sədr müavini

 

 

Şərh yaz