Dövlət sərhəddən başlayır! – İQBAL AĞAZADƏ

“Rusiya tərəfi nizamlama prossesində işğal olunmuş beş  rayonun geri qaytarılmasının, əraziyə sülhməramlıların yerləşdirilməsinin və nəqliyyat-kommunikasiya sisteminin bərpa olunmasının tərəfdarıdır.”

Bu fikirləri Rusiyanın XİN-nin başçısı Sergey Lavrov səsləndirib. Ümid Partiyasının sədri İqbal Ağazadə isə hesab edir ki, Lavrovun bu açıqlaması əslində Rusiyanın problemi həll etmək istəməməsinin göstəricisidir.

Umidparty.org bildirir ki, İqbal Ağazadə Bizimyol.info-ya verdiyi açıqlamada müharibənin labüdlüyündən bəhs edərək, görülməli addımlar barədə danışıb:

Lavrovun işğal olunmuş beş rayonla bağlı səsləndirdiyi fikir əslində onu təsdiq edir ki, proseslərə nəzarətə edən Rusiya tərəfidir və məhz beş rayonun qaytarılması məsələsini gündəmdə saxlamaqla Rusiya münaqişəyə nəzarəti əlində saxlamaq istəyir, problemin bütövlükdə həll olunmasına tərəfdar deyil.

Konflikt bütövlükdə həll olunarsa, tərəflər hərəsi üzünü bir yana tutub, başqa xarici siyasət yürüdəcək və Rusiyanın Cənubi Qafqazdan çıxmağı şərt olacaq. Rusiya tərəflərin danışıqlardan imtina edib, müharibə ritorikasına girdiyi bir vaxtda belə açıqlama verməklə həm emosiyaları sakitləşdirmək istəyir, həm də gələcək niyyətindən xəbər verir. Yəni hətta, gələcəkdə hakimiyyət dəyişsə belə, Rusiyanın planları dəyişməyəcək, konfliktin başqa şəkildə irəliləməsinə imkan verilməyəcək.

Kəlbəcərsiz və Laçınsız həll yolu bizim milli maraqlarımıza cavab vermir. Hesab edirəm ki, əgər müharibəyə başlasaq, birinci Kəlbəcər işğladan azad olunmalıdır ki, söhbət beş rayon mərhələsindən çıxsın. Sərhədyanı rayonlar işğadan azad edilməlidir. Bu, Cəbrayıl, Qubadlı, Zəngilan və Kəlbəcərə şamil olunmalıdır.

Azərbaycan Zavox keçid məntəqəsinə nəzarəti həyata keçirə bilməlidir. Naxçıvan, Qubadlı, həm də Laçının Güləbirdə söykənən istiqamətindən nəzarət ələ alınmalıdır. Konfliktin danışıqlar yolu ilə həllinə ancaq bundan sonra baxılmalıdır. Rusiya konflikt üzərindəki hakimiyyətindən imtina etmək istəmir, ümumiyyətlə Rusiya dünyada harda varsa, orda konfliktlərlə qala bilir. Bu Suriyada, Liviyada, Ukraynada, Abxaziya və Osetiyada, Ermənistanda da belə təşkil olunub. Rusiyanın olduğu yerdə demokratiya anlayışı yoxdur. Hesab edirəm, Rusiya bizimlə məqsədəmüvafiq  danışmamalıdır. Bir var, hüquqa müvafiq, biri də var məqsədə müvafiq yanaşma. Hüquqamüvafiqlik Azərbaycanın ərazi bütövlüyünün tam şəkildə azad edilməsini diktə edir, məqsədəmüvafiqlikdən danışsaq, onda bizim məqsədimiz Göyçəyə, Zəngəzura qədər torpaqlarımızı geri almaq olmalıdır. Rusiyanın maraqları Kəlbəcər və Laçındırsa, bizimki də İrəvan olacaq. Ona görə Azərbaycanla kimsə məqsədmüvafiqlik prizmasından danışa bilməz.

Ermənistan danışıqlara razılıq versə də verməsə də, dəyişən bir şey olmayacaq. Azərbayan ən pis halda müharibənin birinci mərhələsini başlamalıdır. Dörd rayonu işğaldan azad etməlidir – Cəbrayıl, Zəngilan və Kəlbəcər azad edilməlidir. İndiki dövrdə Füzuli və Ağdam istiqamətindən hücuma keçməyin əhəmiyyəti yoxdur. Bu gün əsas məsələ dövlət sərhədlərinin təmizlənməsi və bağlanmasıdır. Sərhədlərimiz azad edildikdən sonra danışıqlara oturulmalı, Ermənistan yenə israr etsə, Laçın dəhlizinin bağlanması gündəmə gəlməlidir. Bundan sonra Azərbaycanın daxilində terrorçularla mübarizə aparıb, öz problemini həll etməsi qalır.

Ağdam, Füzuli azad edildi, amma sərhəd zolağımızda Azərbaycan dövlətinin nəzarəti olmaması halı yolverilməzdir! Dövlət sərhəddən başlayır! Bizim sərhədlərimiz pozulub! Laçın dəhlizi ona görə ilk mərhələdə açıq qoyulur ki, istəməyən vətəndaşlar getsinlər. Azərbaycanda qalanlar isə Azərbaycan qanunları ilə yaşamalıdırlar. Məsələnin həll yolu budur. Hərb yolu mütləq şərtdir! Bu dörd rayon işğaldan azad olunmadan danışıqlar masasına otursaq, hər kəs bizə öz şərtini diktə edəcək.

İndi hər kəs öz mövqeyini möhkəmləndirir. Əgər adını çəkdiyim dörd rayonu azad etsək, bizə heç kim “gözün üstdə qaşın var”, deyə bilməz. Sadaladıqlarım beynəlxalq hüquqa uyğundur. Niyə etmirik?! – bax, bunu iqtidardan soruşmaq lazımdır. 

İlhamə / bizimyol.info

 

 

Şərh yaz