Birlikdə dəyişək bu məmləkəti – Tamilla Qulami

Bir video izlədim az öncə… Xərçəng xəstəliyindən əziyyət çəkənlərin saçlarının tökülməsi ilə bağlı sağlam insanlar dəstək videosu çəkmişdilər… Bilənlər halidir, 3 ay içində ard-arda 2 doğmamı bu xəstəlikdən itirdim, ətrafa baxırsan, az qala hər evin bir Şəhidi olduğu kimi, bir də xərçəng, vərəm, şəkər və s. xəstəlikdən əziyyət çəkənləri var…

Adam az qalır deyə, kaş ki, xərçəng, şəkər, vərəm və s. xəstəlikləri də pandemiyaya qataydılar da, o insanların da çarəsizliyinə bir əlac edəydilər. Bu gün evində yıxılıb ölənlərin sayı dünyasını dəyişən koronavirus xəstələrinin statistik sayından da çoxdur. (Allah hər birinə rəhmət etsin!) Hətta adi soyuqdəymədən vəfat edənlərin sayı belə… Di gəl, bu ölkə iqtidarı o koronavirus xəstələrinə belə gərəkən qayğını göstərməkdə “əziyyət” çəkdilər… Davamlı kimsə kiminsə ardınca düşdü, yalvardı, yardım istədi… Doğmalardan ayrı qalmağın psixologiyası isə bir ayrı dərd idi xəstələr üçün…

Xəstəxanalara gedirsən, adamın şair Sücaətin “bura biçarəylə doludur, ana” deyəsi gəlir…

Dəhşət bu ki, bu ölkədə yoxsul zənginə həsəd aparmaqdansa, bir xəstə o biri xəstəyə həsəd aparır.

Sosial, siyasi, iqtisadi problemlər başdan aşır – maddi, mənəvi əziyyətlər boğaza dirənib… Bir tikə çörəkpulu qazanıram deyib də yaşamaq çoxmu asandır, dostlar?

Azacıq düşünə bilən, bəlkə də bütün problemlərdən əl-ələ verib, çiyin-çiyinə mübarizə apararaq, qurtula bilərik, siz nədən kənara çəkilib sakitcə dayanmısınız ki?
Bu gün uzaq başı edilən ya bir status yazmaqdır, ya canlı yayın açmaq, ya da sıravi vətəndaşın bir-birinə pıçıltı ilə dediyini internet televiziyalarından (!) – dövlət televiziyalarından yox aa – deməkdir… Xalqın dediyini bir də çıxıb demək qəhrəmanlıq deyil, olsa-olsa, sözü gedib aidiyyatı qurumlara çatmayan cəmiyyətin içindəki fırtınanı qısa müddətlik oyalamaqdır…

Yəni dəyişməyi heç düşünmürük?

İqbal Ağazadənin də “DƏYİŞƏK” yazısında qeyd etdiyi kimi, siz doğrudanmı düşünürsünüz ki, Allah bu xalqı qarğayıb, hər gələn hakimiyyətlər vətəndaşlara zülm edəcək? Yox, əzizlərim, dəyişə-dəyişə doğrunu tapacağıq, ilk fürsətdə bu xalqa xidmət edəcək iqtidar yaratmağa, seçməyə bu ölkənin insanlarının gücü, ağlı yetəcək. “Xalqın gözü tərəzidir” deyib babalar. Siz dəyişməyə qərar verin, kimi seçəcəyinizi özünüz doğru təyin edəcəksiniz.

“Heç nə dəyişməyəcək” deyə illəri bada verməyi nə özünüzə, nə vicdanınıza, nə də balalarınızın gələcəyinə rəva görün.

Bəli… Axı hər birinizin evinizdə problemləriniz var, ətrafınızda, doğmalarınızda, qohumlarınızda… Özünüzdən yaxşı kimsə bilə bilməz…

Dəyişək, dəyişin, dəyişdirin! Dəyişdirin ki, bu vəziyyətin(m)iz dəyişsin, dəyişdirin ki, millətimizin imzası nəhayət ki, imzalar içində olsun, dəyişdirin ki, işğalları qələbəyə, aclığı toxluğa, işsizliyi əməyə, haqsızlığı haqqa, elmsizliyi elmə, xəstəliyi sağlamlığa, nəhayət ömrümüzü rahatlıqla sürə bilək.

Haqqım(n)ız yoxmu bütün bunlara? Var! Və həm də sizlərin gücünüz də var, gəlin, birlikdə dəyişək bu məmləkəti…

Bizimləsiniz?!

Tamilla Qulami 

Ümid Partiyası sədrinin təbliğat və təşviqat məsələləri üzrə müavini

Şərh yaz