Salman İmanlı: “Gəncədə Ümid Partiyası aktiv fəaliyyət göstərir”

Umidparty.org saytının müsahibi Ümid Partiyası Gəncə Şəhər şöbəsinin sədri Salman İmanlıdır.  

Salman bəy müasir dünyanın üzləşdiyi problemlərdən bu gün bəlkə də birincisi koronovirus pandemiyasıdır. Ümid Partiyası Gəncə Şəhər Təşkilatı ötən bir ildə fəaliyyətini hansı istiqamətdə qurdu?      

Son bir il bütün dünyada olduğu kimi ölkəmiz üçün də kifayət qədər ağrılı il oldu. Bütün dünyanı təhdid edən koronavirus ölkəmizdə də xeyli sayda insan itkisi ilə müşayiət olunmaqdadır. Xəstəlik insanların sağlamlığı ilə paralel olaraq, ölkə iqtisadiyyatına da təsirsiz ötüşmədi. Sevindirici haldır ki, son bir neçə gündə yoluxma halları hiss ediləcək formada azalan xətt üzrə davam edir. Aktiv xəstə sayında da azalmalar var. Ən diqqətçəkən məqam isə o oldu ki, Azərbaycanda digər ölkələrlə müqayisədə daha az itkilər oldu. Ümid Partiyasının Gəncə şəhər təşkilatı olaraq, biz də üzvlərimiz arasında, cəmiyyət içərisində bu arzuolunmaz xəstəlikdən qorunmaq üçün bütün zəruri tədbirlərin aparılması təbliğatını apardıq. Fəaliyyətimiz bu gün də davam etdir. Ümid Partiyası Gəncə şəhər təşkilatının sədri olaraq, problemlərimizin həllinə dair internet televiziyalarında, xüsusilə Gəncəbasarda fəaliyyət göstərən KəpəzTV-də bir neçə dəfə çıxışlar etmişəm. Bu müddət ərzində partiya nizamnaməsinə uyğun olaraq, bir neçə onlayn tədbirlər keçirmişik. Eyni zamanda Azərbaycanın Müstəqillik Günü, 20 Yanvar Ümumxalq matəmi günü, Dünya Azərbaycanlılarının Həmrəylik Günü və daha bir neçə tədbirləri tələb olunan qaydalara uyğun formada icra etmişik. 

Ötən il millətin tarixinə həm də işğaldan qurtuluş ili kimi yazıldı. Həmin vaxt baş verən hadisələr fonunda Gəncə şəhəri də dünyanın diqqət mərkəzində oldu. 

Bütün çətinliklərə rəğmən xalqımız 44 günlük müharibənin uğurlu nəticələrinin də şahidi oldu. İşğal olunmuş torpaqlarımızın böyük bir hissəsini azad etməklə mənfur düşmən üzərində böyük qələbə qazandıq. Dağlıq Qarabağ ərazisindəki Xankəndi, Əsgəran, Xocalı və digər əzəli torpaqlarımızın da tam şəkildə azad olunmasına inanırıq. Bu müharibənin ağrı – acısı gəncəlilər olaraq bizlərdən də yan keçmədi. Mənfur düşmən Azərbaycanın ikinci ən böyük, strateji baxımdan geniş əhəmiyyətə malik olan Gəncəni mütəmadi olaraq, raket atəşinə tutdu. Bu müddət ərzində xeyli dövlət binaları və şəxsi evlər dağıldı. 41 nəfər şəhid verdik. Gəncədə kritik durumun yaranmasına baxmayaraq, əhali şəhəri tərk etmədi. Belə çətin durumda gəncəlilər bir-bilərinə dayaq oldular. Şəhidlərimizi böyük coşqu ilə haqq dünyasına uğurladıq. Partiyamızın sədri İqbal Ağazadənin Şəhid ailələrinə, Qarabağ qazilərinə, yaralılarımıza olan müraciətini onlara çatdırdıq və dəstəyimizi ifadə etdik.

Bu dönəmi necə xarakterizə edə bilərsiniz? 

Son bir ildə Gəncə Şəhər Təşkilatı olaraq, üzvlərimizin onlayn qaydada qeydiyyatını partiya saytında həyata keçirdik. Hal-hazırda Gəncə şəhər təşkilatının üzvləri şəhərdə və regionda olan bütün tədbirlərdə nəzərdə tutulmuş sayda iştirak edir, partiyanın fəaliyyətini daim təbliğ edirlər. 44 günlük müharibə dövründə Ümid Partiyası Gəncə Şəhər Təşkilatının 16 üzvü, o cümlədən Mehrab Nəriman oğlu, Arif Mustafayev, Əli Paşayev, Elşən Əliyev, Hüseyn İmanlı döyüşlərdə qəhrəmanlıqla iştirak etdilər. Mehrab Nərimanlı, Əli Paşayev və Elşən Əliyev döyüşlərdə ağır və orta dərəcədə yaralandılar. Hal-hazırda durumları şükür ki, yaxşıdır. Xatırladım ki, qismən səfərlik dönəmində Gəncə Şəhər Təşkilatının sədri kimi mən də başda olmaqla çoxlu sayda üzvlərimiz könüllü olaraq, döyüşlərdə iştirak etmək üçün şəhər Hərbi Komissarlığına müraciət etmişdik. 

Onu da qeyd edim ki, Gəncədə Ümid Partiyası digər siyasi təşkilatlarla müqayisədə daha aktif fəaliyyət göstərir. İnanırıq ki, Azərbaycan əksər problemləri kimi koronavirus pandemiyasından da uğurla qurtaracaq və yenidən həyat öz normal axarına qayıdacaq. 

Şəhid olmuş əsgərlərimizə Allahdan rəhmət diləyir, yaralılarımıza şəfa, qazilərimizə can sağlığı arzulayırıq. 

Allah Azərbaycan Xalqına və Dövlətinə daim uğurlar nəsib etsin.

Şərh yaz