25 noyabr BMT Baş Assambleyasının qərarı ilə Qadın Zorakılığına Qarşı Beynəlxalq Mübarizə Günüdür.
Qadın Zorakılığına Qarşı Mübarizə Gününün məhz 25 noyabrda qeyd edilməsi təsadüfi deyil. Bu günün tarixi 1960-cı ildə Dominikan Respublikasında baş verən hadisədən qaynaqlanır. Həmin vaxt Dominikanın diktator prezidenti Rafael Truxilonun əmri ilə siyasi fəallardan olan 3 tibb bacısı vəhşicəsinə öldürülüb.
BMT bu problemə diqqəti cəlb etmək üçün hökumətlərə, beynəlxalq təşkilatlara, qeyri-hökumət təşkilatlarına həmin gün ictimaiyyətin diqqətini bu problemə yönəldən tədbirlər keçirməyi təklif edib. Baş katib Pan Gi Munun müraciətində deyilir: “Qadın zorakılığı ailələrə iztirab, kədər gətirir. Bundan qoca da, uşaq da əziyyət çəkir və bu, icmanı yoxsullaşmağa gətirib çıxarır. Zorakılıq qadınlara bütün potensial imkanlarından istifadə etməyə imkan vermir, iqtisadi yüksəlişi məhdudlaşdırır, inkişafı pozur”.
Bu günün simvolu ağ lent hesab olunur. Ağ lent qadın zorakılığının bütün formalarına etirazın, analığın qorunmasının rəmzidir.
Təəssüf ki, qadın zorakılığı hələ də qlobal problem olmaqda davam edir. Cəmiyyətdə qadınların təxminən 70 faizi məişət zorakılığından əziyyət çəkir. BMT-nin məlumatına görə, dünyada qadınların və qızların 35 faizi ömründə ən azı bir dəfə fiziki və ya cinsi zorakılığın bu və ya digər formasına məruz qalır.
Qadınlara qarşı məişət zorakılığı dünyanın hər yerində, təhsildən və maddi təminatdan asılı olmayaraq cəmiyyətin bütün təbəqələrində baş verir. Hətta müstəqil və özünə güvənən, ayaqları üzərində durmağı bacaran avropalı qadınların 15 faizə qədəri gündəlik məişət zorakılığının qurbanı olur.
Müstəqil Azərbaycan Respublikasının 1995-ci ildə qəbul etdiyi ilk Konstitusiyasında və digər qanunverici sənədlərdə qadın və kişilərin hüquq bərabərliyi, azadlıqları birmənalı şəkildə qətiyyətlə təsbit edilmişdir. Konstitusiyanın 25-ci maddəsində deyilir ki, “kişi və qadının eyni hüquqları və azadlıqları vardır”.
Müqəddəs dinimiz də bizə qadın və kişilərin bərabər olduğunu, ikisinin bölə bilməyəcəyi nələrinsə olmadığını və hər kəsin cəmiyyətdə öz rolunun, öz funksiyasının olduğunu bildirir. Biri əsla digəri üzərində dominantlıq edə, zorakılıq tətbiq edə bilməz.
“Əhzab 35. Həqiqətən, Allah məhz müsəlman kişilər və qadınlar, mömin kişilər və qadınlar, Allaha müti kişilər və qadınlar, doğru danışan kişilər və qadınlar, səbirli kişilər və qadınlar, təvazökar kişilər və qadınlar, sədəqə verən, oruc tutan kişilər və qadınlar, ayıb yerlərini zinadan qoruyub saxlayan kişilər və qadınlar və Allahı çox zikr edən kişilər və qadınlar üçün bağışlanma və böyük bir mükafat hazırlamışdır.”
Ayədən də gördüyümüz kimi xitab və nəticə hər iki cins üçün keçərlidir. Kişi və qadın əməl baxımından tam eynidir.
Lakin buna baxmayaraq, qadınlara qarşı zorakılıq halları gündəlik qarşılaşdığımız bir hala çevrilib. Mütəmadi olaraq mətbuatda, eləcə də cəmiyyətimizdə zorakılıq faktlarına rast gəlirik. Zorakılığın baş verməsinin və hətta artmasının bir çox səbəbləri var. Erkən nikahlar, məcburi nikahlar, sosial problemlər, narkomaniya, psixi travmalar, təhsil və s. Azərbaycanda zorakılıq qurbanlarının 75%-i hüquq-mühafizə orqanlarına müraciət etmir. Bunun əsas səbəbi isə milli adət-ənənələrdir.
Bir dəfə bu ifadəni işlətmişəm, indi lap yerinə düşür. Bir cəmiyyətin mədəni səviyyəsi onun qadına olan münasibətilə özünü göstərir. Qadına və uşağa olan münasibət insanın cəmiyyətdəkilərə qarşı nə dərəcədə düzgün və mərhəmətli ola biləcəyinin qüsursuz mənəvi ölçüsüdür.
Qadınlar əsasən öz evlərində, ərləri və ya ən yaxın adamları tərəfindən öldürülür, döyülür, zorlanır, şantaj və hədə-qorxulara və digər fiziki, psixoloii, iqtisadi və seksual zorakılıqlara məruz qalırlar. Ailədaxili zorakılıq hallarında daha qorxulu məqam budur ki, ailədə məişət və digər zəminlərdə baş verən münaqişələrin, cinayətlərin 60-70%-i azyaşlı və ya yeniyetmə uşaqların gözləri qarşısında baş verir. Bu isə təbii ki, onların gələcək həyatlarında istər cəmiyyət, istərsə də onların yaxınları üçün izsiz ötüşmür.
Qadın və kişi münasibətlərində gərginlik yaşana bilir, lakin bu artıq faciələrlə sonlanırsa və ya hər gün yeni zorakılıq və cinayət faktlarıyla zənginləşirsə, artıq həyəcan təbili çalmağın vaxtı çatıb və hətta keçir də. Bu tip hallarla mübarizə aparmaq üçün nəhayət ki, hökumət sərt addımlar atmalıdır, ən vacibi sistemdəki boşluqları aradan qaldırmalıdır, düzgün siyasət yürütməlidir. Çünki faciələrin günbəgün artması sosial rifah, ədalətsiz məhkəmələr, müvafiq qurumların fəalliyyətsizliyi və s. kimi məsələlərlə də əlaqəlidir. Heyvanlar aləmində güclülər hər zaman zəiflərə qalib gəlir. Şüursuz olduqları üçün dil tapmaq problemləri var, amma o heyvanlara aiddir. Biz isə insan cəmiyyətində yaşayırıq. Fiziki cəhətdən güclülər öz güclərini nədən cəmiyyətin ən həssas hissəsi, qadın və uşaqlar üzərində sınayırlar? Bu qədərmi heyvani hisslərimiz üstün gəlib, yoxsa buna səbəb olan şərtlərmi bu qədər ağır gəlir? Bilmirəm. Lakin buna bir dur deməyin vaxtıdır.
Məişət zorakılığına qarşı mübarizə bütün cəmiyyətlərdə olduqca mürəkkəb bir problemdir. Məişət zorakılığı və ya ailədə zorakılıq halları yanlız bir ailə üçün deyil, bütövlükdə cəmiyyət üçün təhlükəlidir. Ona görə də problemin aradan qaldırılması, azaldılması üçün bu məsələ dövlət siyasətinin prioritetlərindən olmalıdır.
İlahə Sadıqova
Ümid Partiyası sədrinin ailə, qadın, uşaq problemləri və gender bərabərliyi məsələləri üzrə müavini, kulturoloq