Paşinyandan erməniləri dəhşətə gətirən ETİRAF: Qarabağda əslində nə yaşanıb?- TAMİLLA QULAMİ şərh edir…

Paşinyandan erməniləri dəhşətə gətirən ETİRAF: Qarabağda əslində nə yaşanıb?- Tamilla Qulami şərh edir…
Ermənistanın Baş naziri Nikol Paşinyanın seçki öncəsi kampaniya çərçivəsində çıxışları mübahisələrə səbəb olub. Paşinyan Qarabağın heç zaman Ermənistanın olmadığını bildirib və Azərbaycana qarşı hərbi cinayətlərdə iştirak edən separatçı “generallar”ı tənqid edib.
Analitiklər qeyd edir ki, 30 ilə yaxın işğal dövründə Ermənistan əhalisi nə maddi, nə siyasi baxımdan dividend əldə edib. Qarabağ Ermənistan büdcəsinə yükdən başqa bir şey olmayıb. Paşinyan bu cür çıxışlarla Ermənistanın neçə illik təbliğat strategiyasını darmadağın edir və revanşistlərin əsl simasını xalqına göstərir.
Globalinfo.az-a danışan Azərbaycan Ümid Partiyası İdarə Heyətinin üzvü Tamilla Qulami deyib ki, bu gün Paşinyana qarşı çıxanlar sabah mütləq ona minnətdar olacaqlar:
“Çünki Paşinyan yeganə erməni siyasi rəhbərdir ki, dünyaya Rusiyadan asılı olmayan suveren, müstəqil Ermənistan vermək istəyir. Həm də hazırkı xəritə ilə. Ermənistan lideri ölkəsinə verilmiş bir Qərbi Azərbaycan torpaqlarının olduğunu çox gözəl bilir. O, tarixin müəyyən dönəmində bu oxun Ermənistana qarşı çevrilə biləcəyinin fərqindədir. Paşinyanın çıxışları bir neçə paralel məqsəd güdür və bu, həm daxili siyasətə, həm də regional reallığa hesablanmış strategiyadır.
Əvvəla, Paşinyan Ermənistan cəmiyyətini uzun illər Qarabağla bağlı inandırılmış mifologiyadan çıxarmağa çalışır. Çünki illərlə Ermənistan daxilində qalib, qəhrəman xalq nağılları qurulmuşdu. Amma 2020-ci ildən sonra Azərbaycan Ordusu ermənilərin inandığı reallığı kəskin surətdə dəyişdi. Paşinyan indi cəmiyyətə deməyə çalışır ki, həmin siyasət Ermənistanı gücləndirmədi, əksinə, zəiflətdi, iqtisadiyyatı tükətdi, korrupsioner hərbi-siyasi qrupları varlandırdı, ölkəni blokadada saxladı və minlərlə insanın həyatı, canı bahasına başa gəldi.
Bu çıxışlar həm də revanşist düşərgəyə qarşı siyasi hücumlardan biridir. Paşinyan faktiki olaraq, keçmiş hakimiyyətləri və Qarabağ klanını milli ideya adı altında şəxsi maraqlarını güdməkdə ittiham edir. Ona görə də “generalların işğal olunmuş ərazilərdə buğda əkib, gəlir əldə etməsi” barədə dedikləri təsadüfi deyil. Bu, cəmiyyətə verilən mesajdır ki, sizə vətən, dövlət kimi təqdim olunan layihə, əslində, müəyyən qrupların biznes və hakimiyyət mexanizmi idi”.
Siyasi şərhçinin sözlərinə görə, Paşinyan bu çıxışları ilə beynəlxalq auditoriyaya da mesaj verir:
“O, indiki Ermənistanın əvvəlki ekspansionist, işğalçı xəttdən uzaqlaşdığını və regionda kommunikasiyaların açılması, sülh müqaviləsi və normallaşma istədiyini göstərməyə çalışır. Onun üçün bu yanaşma Qərb qarşısında sülhpərvər, rasional və realist lider imici yaratmaq üçün vacibdir.
Digər əsas məqam isə ondan ibarətdir ki, Paşinyan məğlubiyyəti ideoloji şəkildə əsaslandırmağa çalışır. Əgər cəmiyyətə, “Qarabağ heç vaxt Ermənistanın olmayıb fikrini” qəbul etdirsə, gələcəkdə ərazi iddialarından imtina etmək daha asan, referendum nəticələri isə Paşinyan hakimiyyətinin, dövlətin xeyrinə olacaq. Əlbəttə ki, bu, 7 iyunda baş tutacaq seçkilərdə qalib gələcəyi halda olacaq. Bu, həm də mümkün Sülh müqaviləsinin ictimai müqavimətini azaltmaq cəhdidir.
Ancaq Paşinyanın mövcud siyasi addımları çox risklidir. Çünki Ermənistan daxilində hələ də Rusiyanın güclü revanşist və radikal dairələri mövcuddur. Onlar Paşinyanı milli ideyanı dağıtmaqda ittiham edirlər. Yəni baş nazir hazırda təkcə Azərbaycanın deyil, öz ölkəsinin illərlə qurduğu qondarma ideologiyasının dekonstruksiyası ilə məşğuldur.
Paşinyanın 44 günlük savaşdakı məğlubiyyətdən sonra Qarabağ uğrunda əvvəlki modelin Ermənistanı böyütmədiyi, əksinə, dövlətin resurslarını içəridən dağıtdığı, dağıtmağa da davam etdiyi mesajını verməyə çalışır. Baş nazir bildirir ki, vəziyyətin dəyişməyəcəyi təqdirdə indiki Ermənistanı da itirə bilərlər”.
Şərh yaz