Sülh niyə kövrəkdir? – BAKİR HƏSƏNBƏYLİdən İlham Əliyevin AQEM-dəki çıxışına TƏHLİL
“Prezident İlham Əliyevin Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 7-ci Zirvə Toplantısındakı çıxışı təhlükəsizlik mövzusuna, qlobal təhlükəsizlik sisteminin qorunmasına, beynəlxalq hüququn aliliyinə və bölgədə sülhün möhkəmləndirilməsinə həsr olunub. Dövlət başçısı bu mövzuda fikirlərini ifadə edərkən, düşünürəm ki, çatdırmaq istədiyi fikir qlobal təhlükəsizliyin ən mühüm şərtinin beynəlxalq münasibətlərdə ikili standartlara son qoyulmasıdır. BMT Təhlükəsizlik Şurasının qətnamələrinin uzun illər boyu icrasız qalmasını tənqid edən dövlət başçısı təcavüzkarın cəzasız qalmasının yeni təhlükələrə yol açdığını və beynəlxalq təhlükəsizlik sistemini zəiflətdiyini diqqətə çatdırdı. Prezident bəyan etdi ki, bütün dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə eyni meyarlarla yanaşılmalıdır. Təhlükəsizliyin təmin olunmasında ədalət və məsuliyyət prinsipləri ön plana çəkilməlidir. Ermənistanın sabiq rəhbərlərinin törətdikləri müharibə cinayətlərinə görə hələ də layiq olduqları cəzanı almadıqlarını vurğulayan Prezident bu cür şəxslərin məsuliyyətdən kənarda qalmasının gələcəkdə yeni cinayət riskləri və təhlükəsizlik təhdidləri yaratdığını da ifadə etdi”.
Bu fikirləri Aznews.az-a açıqlamasında Azərbaycan Ümid Partiyasının İdarə Heyətinin üzvü Bakir Həsənbəyli deyib.
Qeyd edək ki, AQEM-in 7-ci Zirvə Toplantısında Prezident İlham Əliyevin Azərbaycan-Ermənistan münasibətlərinə və müharibədən sonrakı mərhələdə rəsmi Bakının yanaşmasına dair açıqlamaları Cənubi Qafqazda sülh perspektivlərini yenidən müzakirə mövzusuna çevirib. Dövlət başçısının Azərbaycanın hərbi qələbədən sonra qarşı tərəfə əlavə zərbələr endirmədiyini və sülh yolunu seçdiyini vurğulaması ölkənin münaqişədən sonrakı siyasətinin əsas istiqamətlərini önə çıxarır. Bununla belə, sülhün dayanıqlılığı ilə bağlı mövcud narahatlıqlar regionda təhlükəsizliyin təmin edilməsi, qarşılıqlı etimadın formalaşdırılması və yeni gərginliklərin qarşısının alınması istiqamətində atılacaq addımların əhəmiyyətini artırır.
Siyasətçi qeyd edib ki, ədalətin bərpası qlobal təhlükəsizliyin təmin olunmasının əsas şərtlərindən biridir.
“Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdiyini qeyd edən Prezident regional sülh modelinə də toxundu. Lakin o, eyni zamanda xəbərdarlıq edib ki, “sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır”. Regionda dayanıqlı təhlükəsizlik üçün dövlətlərarası münasibətlər qarşılıqlı hörmət və hüquqi öhdəliklər əsasında qurulmalıdır. Azərbaycanın AQEM-ə sədrliyi çərçivəsində təşkilatın institusional olaraq gücləndiyini deyən dövlət başçısı real təhlükəsizliyin yalnız xoşməramlı bəyanatlarla deyil, həm də praktiki əməkdaşlıq və qarşılıqlı etimad tədbirləri vasitəsilə qurulduğunu nümayiş etdirmişdir. Prezident İlham Əliyev bu çıxışı ilə güclü və ədalətli beynəlxalq hüquq nizamı olmadan dayanıqlı təhlükəsizliyin qeyri-mümkün olduğunu bəyan etdi və regionda yeni münaqişə risklərinin qarşısını almaq üçün qətiyyətli sülh strategiyasını ortaya qoydu. “Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır” fikrini söyləməklə Prezident bir neçə məqamı nəzərdə tuturdu. Xalqın 30 illik işğal dövründə çoxlu əzablar, soyqırımları və dağıntılar yaşaması, erməni tərəfinin isə keçmişdə verilən sülh və mehriban qonşuluq mesajlarından sonra yenidən xəyanət etməsi fonunda hələ də tam və dərin qarşılıqlı etimadın formalaşmaması. Azərbaycanın sülh təklif etməsinə və sülh şəraitində yaşamasına baxmayaraq, regionda sabitliyin köklərinin hələ möhkəm deyil, həssas mərhələdə olması. Keçmişdə işğal və etnik təmizləmələrə görə Ermənistana vaxtında sərt sanksiyaların tətbiq olunmamasının və təcavüzkarın cəzasız qalmasının regionda gələcək təhlükələr yarada bilməsi. Əldə edilmiş sabitliyin pozulmaması üçün həm Azərbaycanın mübariz iradəsini davam etdirməsinin, həm də sülh prosesinin davamlı və dönməz hala gətirilməsi üçün ciddi səylərin tələb olunması. Dövlət başçısı vurğuladı ki, müharibə Azərbaycanın seçimi olmayıb. Vaxtilə Ermənistanın işğalçılıq siyasətinə qarşı sanksiyaların tətbiq edilməməsi və onun arxasında dayanan xarici havadarların qeyri-konstruktiv yanaşması sülhü təhlükəyə atan amillər olub. Sülhün indi də kövrək adlandırılması bu cür xarici təsirlərin və revanşist meyillərin sülh prosesinə yenidən mane ola biləcəyinə qarşı bir xəbərdarlıqdır. Prezident bu bəyanatla bildirdi ki, sülhün davamlı regional sabitliyə çevrilməsi üçün həm region ölkələrinin, həm də beynəlxalq birliyin qarşılıqlı etimad tədbirlərini və sülh gündəliyini fəal şəkildə möhkəmləndirməsinə ehtiyac var”.
Şərh yaz




