Ümid Partiyası Rəfail Tağızadəni təbrik etdi

Bu gün Ümid Partiyasının Ali Məclisinin sədri, ictimai-siyasi xadim, şair, publisist Rəfail Tağızadənin doğum günüdür.

Rəfail Tağızadə Milli Azadlıq Hərəkatının fəal iştirakçılarından olub.

Ölkəmizdə bir çox ziyalılarin siyasi proseslərə ehtiyatli və məsafəli davranmalarından fərqli olaraq o, bir ziyalı kimi Azərbaycanın ərazi bütövlüyü, ölkədə demokratik cəmiyyətin, hüquqi dövlətin yaranması üçün hər zaman mübarizənin önündə dayanıb. 2002-ci ildən etibarən isə siyasi fəaliyyətini, mübarizəsini Ümid Partiyasında davam etdirir. Hər zaman ümidli olub. Ümidini heç vaxt itirməyib. Azərbaycanda bir “Ümid günəşi”nin doğacağına, bu günəş altında ölkədə ədalətin zəfər çalacağına, ərazi bütövlüyümüzün tam şəkildə bərpa olunacağına, Azərbaycan insanın azad, firəvan, inasının təməl hüquqlarının qorunduğu bir ölkədə yaşayacağına inanır. İnandığı üçün partiyanın ən çətin günlərində – partiya sədri İqbal Ağazadə siyasi məhbus həyatı yaşayarkən, ümidçilərə qarşı hakimiyyətin basqıları olarkən belə ümidini itirməyib, “Ümid”indən iki əllə yapışıb. Ümid etdiyi “ümid yolunda” sınaqlardan alnıaçıq, üzüağ çıxıb. Rəfail Tağızadə öncə partiya sədrinin Qarabağ məsələləri üzrə, daha sonra isə təşkilat məsələləri üzrə müavini olub. Partiya quruculuğuna mühüm töhfələr verən Rəfail Tağızadə hazırda partiyanın Ali Məclisinin sədridir.

Rəfail Tağızadə Azərbaycan Milli Ordusunda cəbhə bölgəsində zabit kimi xidmət edib. Ordu komandanlığı tərəfindən “Şah İsmayıl Xətai” və s. Fəxri Fərmanlarla təltif olunub.

Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Beynəlxalq “Rəsul Rza” mükafatına layiq görülüb (“Qarabağ qazisi haqqında ballada” poemasına görə).

Prezident təqaüdçüsüdür (2011). “Qapı” (2004) və “Qarabağ rüzgarları” (2009), “Gecə xəyalları” (2013), “Su üzərində bahar (2019)” şeir kitablarının müəllifidir. Dünya şöhrətli alim Rafiq Əliyev haqqında “Su kimi sakit və güclü” kitabının tərtibçisi və redaktorudur. Dünyanın çağdaş avanqard şairlərinin, xüsusən çağdaş polyak şairlərinin şeirlərini Azərbaycan dilinə tərcümə edib. “Qəfil görüş” çağdaş polyak şeir antologiyası kitabının həmmüəllifidir. Çağdaş polyak şairlərinin şeirlərini tərcümə edərək, “Şairlər eyni dildə danışırlar” adlı şeir antologiyası kitabını hazırlayıb. “Şopenin ürəyi” poemasına və dahi polyak bəstəkarı Şopenin 200 illik yubileyi ilə əlaqədar Şopenin Azərbaycanda təbliğinə görə Polşa Respublikasının Mədəniyyət və Milli İrs naziri tərəfindən Diploma layıq görülüb. Şeirləri ingilis, alman, italyan, rus, polyak, ukrayna və özbək dillərinə tərcümə olunub.

Mədəniyyətlərin Dialoqu Mərkəzi İctimai Birliyinin sədridir.

Səmimiyyəti, dürüstlüyü, insanlara münasibəti, hadisələrə ədalətli yanaşması ilə əsl ziyalı kimi tanyanlarının, partiyadaşlarının, çevrəsindəki ziyalıların hörmətini qazanıb.

Ümid Partiyasının sədri İqbal Ağazadə başda olmaqla, bütün ÜMİD AİLƏSİ Rəfail Tağızadəni doğum günü münasibətilə təbrik edir, şəxsi işlərində, yaradıcılığında, siyasi fəaliyyətində, daşıdığı missiyada uğurlar diləyir!

Şərh yaz