Bu gün Cümhuriyyətin elan olunduğu gündür. 108 il bundan öncə qurucu babalarımız Azərbaycanın bir hissəsini Rus imperiyasının cəngindən qoparıb, DÖVLƏT yaratdılar.
Bir parçamız İranda qaldı, bir qisim Gürcüstanda, imperialist qüvvələr yeni elan olunan dövlətə İrəvan ultimatumu verdilər.
Biz heç zaman tam sevinə bilməmişik ki…
Qoymayıblar…
Sevincimiz gözümüzdə qalıb…
Bir gözümüz güləndə, biri həmişə ağlayıb…
Elə müstəqilliyimiz bərpa olunanda da eyni taleyi yaşadıq.
Güney Azərbaycanın, Borçalının, Kərkükün, Dərbəndin, İrəvanın, Göyçənin, Zəngəzurun sırasına Qarabağ da “qoşuldu”.
Yeni itkilərimiz köhnələri unutdurdu…
Düz otuz il gözlədik.
Otuz il Şuşasız, Laçınsız, külli-Qarabağsız qaldıq…
Anidən…
27 sentyabr 2020-ci ildən başlayan hücum, düz 20 sentyabr 2023-cü ilə qədər davam etdi…
Fasilələrlə, manevrlərlə, uğurlu hərbi əməliyyatlarla, bacarıqlı diplomatiya ilə, milli birliklə…
Nadir şahdan bu yana itirə-itirə gələn xalq ilk dəfə qazanmağın nə olduğunu gördü, duydu, iliyinəcən hiss etdi.
Qəhrəman şəhidlərimizə borcluyuq, canlarını əsirgəmədilər. Ruhları şad olsun…
Cəsur qazilərimizə borcluyuq, sonacan döyüşdülər… Canları sağ olsun…
Xalqımıza borcluyuq, milli birliyi saxladı, əyilmədi, sınmadı. Dünya durduqca, yaşasın…
Analarımıza, atalarımıza borcluyuq, gözəl övlad tərbiyə ediblər, var olsunlar…
Ali Baş Komandan İlham Əliyevə borcluyuq, sərkərdə kimi sona qədər dimdik durdu, qələbəyə saribanlıq etdi, çox yaşasın…
108 il əvvəl elan olunan Cümhuriyyət indi toxtayır, indi Azərbaycanın quzeyində əmin-amanlığın nə olduğunu hiss edir.
Ruhunuz şad olsun, qurucu babalarımız…
Gəlib-keçən ölkə rəhbərləri, səhvi, doğrusu ilə tariximizin bir parçası olanlar, bu Vətəni sevənlər, rahat uyuyun, Vətən bütövdür.
Daha Şuşa, Laçın, Kəlbəcər dərdimiz yoxdur.
Xankəndindən nigaran deyilik, indi orda Qarabağ Universitetində sənin fidan balaların gələcək Azərbaycanın yol xəritəsini öyrənir…
Hədəfimiz Güney Azərbaycan, Göyçə, Zəngəzur – Bütöv Azərbaycandır.
Turandır…
Kim inanmır ki, buna?!
Cəmi 6 il bundan əvvəl Cümhuriyyətin 102-ci ilində kim Xankəndi şəhərində Qarabağ Universitetini düşünə bilərdi ki?
Cümhuriyyətin 112-ci, 122-ci ilində kim bilir, nələr olacaq?!
Bu gün Laçın Beynəlxalq Hava Limanı mötəbər qonaqların təyyarəsinin eniş məkanıdır.
Təbrizə, Ərdəbilə, Urmiyaya, Xoya əlimiz çatmayacaqmı?
Olacaq o gün də mütləq…
Mütləq olacaq…
Problemlərimiz var, narazı vətəndaşlarımız var, hər şey ürəyimizcə deyil. Anlayıram…
Amma və lakin…
Qarabağ problemimiz həll olundusa, əlinizi rahatlıqla ürəyinizin üstünə qoyaraq, hər müşkülümüzün asana dönəcəyinə ÜMİD edin.
Darılmayın, darıxmayın…
Hər şey birdən olmur, olmayıb.
Demokratik cəmiyyət istəyiriksə, oxumalıyıq, maariflənməliyik.
İlk növbədə özümüzü tərbiyə etməliyik. Nə sosial şəbəkəni, nə internet resurslarını fürsətcilcəsinə qəzəbimizə, kinimizə yol açan yerə çevirməməliyik.
Ürək istərdi, bütün problemlərin hamısını həll edə bilən, həm də Qarabağla birlikdə həll edə bilən iqtidar olaydı…
Zaman ömrümüzdən aparsa da, problemlər hər kəsi üzsə də, fəxr ediləsi, qürur duyası illəri, ayları, günləri yaşadıq.
Hər şey düzələcək, ÜMİDinizi itirməyin!
Tələbimiz də, təklifimiz də, mübarizə və mücadiləmiz də sevgi ilə olmalıdır.
Vətənə, vətəndaşa, insana və insanlığa sevgi ilə…
Kimsənin haqqına girmədən, hər kəsin haqqını verərək…
Bayramınız mübarək!
Şərh yaz




