Əbədiyyət gülüyəm mən! – TAMİLLA QULAMİ

306

Milli olduğu qədər bəşəri, bəşəri olduğu qədər milli insan

18 sentyabr Azərbaycanda Milli Musiqi günü kimi qeyd olunur.  Bu gün həm də görkəmli sənətkar, gözəl ifaçı Müslüm Maqomayevin də dünyaya göz açdığı gündür. Bu insanlardan nə qədər yazsaq, kəlimələr hissləri çatdırmağa yetməz bəlkə də. Bu gün həm də Yaxın Şərq ədəbiyyatını bədii möcüzələrindən, təravətli obraz və ifadə vasitələri ilə zənginləşdirmiş, xüsusən anadilli poeziyamıza “Heydərbabaya salam” kimi son dərəcə xəlqi və sənətkarlıq baxımından nadir əsərlərdən birini töhfə verən, zamana sığmayan, nəhəng bir ümmanı xatırladan müdrik və məğrur təbiətli sənətkar, o taylı, bu taylı Azərbaycanın XX əsrdə yetirmiş olduğu ən görkəmli şairlərindən biri Seyid Məhəmmədhüseyn Behcət Təbrizinin (Məhəmmədhüseyn Şəhriyar) bu dünyaya gözünü yumduğu gündür.

Ümid Partiyasının təbliğat və təşviqat məsələləri üzrə sədr müavini Tamilla Qulaminin Məhəmmədhüseyn Şəhriyara həsr etdiyi yazısını təqdim edirik:

Hamımızın təqvimdə özümüz üçün qırmızı və ya qara rənglərlə işarələnmiş günlərimiz var.

Bu günləri fəxr, qürur, hüzn, sevgi, yaş günü kimi qeyd edirik.

Məsələn, 18 sentyabr Azərbaycanda Milli Musiqi günü kimi qeyd olunur. Hər birimizə məlumdur ki, bu gün Azərbaycanın dünya şöhrətli bəstəkarı, görkəmli musiqişünas alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim, müasir Azərbaycan peşəkar musiqi sənətinin və milli operasının banisi Üzeyir Hacıbəyovun doğum günüylə bağlıdır. Üzeyir Hacıbəyov bizim fəxrimiz, qürur yerimizdir.

Bu gün həm də görkəmli sənətkar, gözəl ifaçı Müslüm Maqomayevin də dünyaya göz açdığı gündür. Bu insanlardan nə qədər yazsaq, kəlimələr hissləri çatdırmağa yetməz bəlkə də.

Amma bu gün həm ən çox yazmaq istədiyim Yaxın Şərq ədəbiyyatını bədii möcüzələrindən, təravətli obraz və ifadə vasitələri ilə zənginləşdirmiş, xüsusən anadilli poeziyamıza “Heydərbabaya salam” kimi son dərəcə xəlqi və sənətkarlıq baxımından nadir əsərlərdən birini töhfə verən, zamana sığmayan, nəhəng bir ümmanı xatırladan müdrik və məğrur təbiətli sənətkar, o taylı, bu taylı Azərbaycanın XX əsrdə yetirmiş olduğu ən görkəmli şairlərindən biri Seyid Məhəmmədhüseyn Behcət Təbrizinin (Məhəmmədhüseyn Şəhriyar) bu dünyaya gözünü yumduğu gündür.

Məhəmmədhüseyn Şəhriyar 1906-cı (bəzi mənbələrdə 1907) ildə Güney Azərbaycanın Təbriz şəhərinin Bağmeşə bölgəsində hüquqşünas ailəsində anadan olub. Atası Hacı Mirağa Xoşginabi şəxsən özü Şəhriyarın təhsili ilə məşğul olub, onun milləti, vətəni üçün qüdrətli insan, şəxsiyyət olmasında əvəzsiz rol oynayıb.

Şəhriyar ilk təhsilinə Təbrizdə mədrəsələrdən birində başlayıb, uşaqlıq illərini füsunkar Heydərbaba ətəklərində keçirib. Möhtəşəm Heydərbaba mühitindən aldığı ilham, anası Kövkəb xanımdan eşitdiyi şifahi xalq ədəbiyyatı, klassik irsimizdən, xüsusilə də Seyid Əzim Şirvaninin qəzəllərindən, oxuduğu kitablardan Şəhriyar ilk şeirlərini lap yeniyetməlik çağlarından yazmağa başlayıb. Şair həm Azərbaycan, həm fars dillərində, lirik və epik növdə yazıb yaradıb. Bəlkə də ona görə beyninə, qəlbinə həkk olunduğu sevginin təsiridir ki, onun şah əsəri “Heydərbabaya salam” poemasıdır…

Şəhriyar mənimçün əvəzedilməz yazardır. Şairin şeirlərinin hər misrasını oxuduqca bu insanın bütünlükdə ancaq ürəkdən ibarət olduğunu duyursan. Hər misradan damar keçir sanki, hər hərfindən sanki nəbz vurur… Şəhriyar əsərlərində düşünüb duyduqlarını ən sadə və ən şirin dildə oxucusuna çatdırır.

Bu vətən sevdalısının dünyasında sevgi bitməz, tükənməzdir. Onun sözləri zamana sığmır, illər ötsə də, qüdrəti zəifləmir, daha da ucalır, güclənir.

Şəhriyar Azərbaycansız könül quşunun qanad çalmadığı eloğlu, anasını evinin günəşi adlandıran övlad, gözəl xətti olduğu üçün “Quran” ayələrini, sevdiyi şairlərin şeirlərindən nümunələri böyük məhəbbətlə vərəqə köçürüb dostlarına bağışlayan bir dost, dünyasını dəyişmiş yarının qasidinin belə qulluğunda duracaq olan sevgili olub. Yəni insan…

Şəhriyar gözəl tar çalar, muğamları və xalq mahnılarını ifadə etməyi xoşlayardı…

Şəhriyar milli olduğu qədər bəşəri, bəşəri olduğu qədər də milli insan idi…

Qeyd etdiyim kimi o, öz dilimizlə yanaşı fars dilində də əsərlər yazıb. Ancaq hansı dildə yazmasından asılı olmayaraq, Şəhriyar hər zaman vicdanının səsini dinləyən, baş verən hər olayı bütün səmimiyyətilə yazan sənətkar idi. Şəhriyarın əsərlərində həm də ictimai-motivlər geniş yer tutur. Məsələn:

Dedim: Azər elinin bir yaralı nisgiliyəm mən,
Nisgil olsam da gülüm, bir əbədi sevgiliyəm mən.
El məni atsa da öz gülşənimin bülbülüyəm mən.
Elimin farsca da dərdini söylər diliyəm mən.
Haqqa doğru nə qaranlıq isə, el məşəliyəm mən.
Əbədiyyət gülüyəm mən!

Bu şeirlərdə millətin canına susayan İran şahlıq rejiminin həqiqətləri, cəmiyyətə aşıladığı fanatizm və ətalət, bütün çılpaqlıqlarıyla göstərilir…

Həyatının son illərində yazdığı fəlsəfi xarakter daşıyan əsərləri də Şəhriyar yaradıcılığında geniş yer tutur. “Qardaşım oğlu Huşəngə”, “Gecənin əfsanəsi”, “Eynşteynə müraciət” bu kimi əsərlərdəndir. Bu əsərlərdə şair ancaq öz milləti, vətəni üçün yox, həm də bütün dünya üçün sülh, əmin-amanlıq istəyən, millətlərin xoş taleyi üçün mənəvi məsuliyyət daşıyan dahi kimi çıxış edir. Şəhriyar Azərbaycanının quzeyini, quzeyliləri, Bakını, Bakıdakı şair dostlarını da unutmur. Onlara mənzum məktublu şeirlər ünvanlayır.

Şair İranda şahlıq rejiminin, Quzey Azərbaycanda Sovet dövrünün hakim olduğu bir zamanda, oxuyan hər kəsin damarında qanını dondurduğu “Ayrılıq” şeirinə nəfəs verdi:

Bir gözün açar, bir gözün yumar,
Arazı sərin gördükdə umar,
Xəzəri dərin gördükdə cumar,
Qəm dəryasına cuman ayrılıq,
Aman, ayrılıq, aman, ayrılıq!..
Arazım vursun baş daşdan-daşa,
Göz yaşı gərək başlardan aşa,
Necə yad olsun qardaş-qardaşa?
Nə din qanır, nə iman ayrılıq,
Aman, ayrılıq, aman, ayrılıq!

Şəhriyarı oxumağa, Şəhriyardan yazmağa zaman yetməz ki. Onu oxuduqca oxumaq, yazdıqca yazmaq istər insan…

Zaman gələcək bu qüdrətli şəxsiyyətin dünya üçün, milləti üçün dilədiyi haqq, ümidlə gözlədiyi ədalət öz yerini tutacaq, xalqımızın istiqlalı qalib gələcək, istiqbalı nurlanacaq, Qarabağımız daxil olmaqla Azərbaycanımızdan qopan bütün torpaqlarımız öz vətəninin adı altında tanınacaq, Şəhriyarın sənət və gözəllik bayrağı Azərbaycan insanının qəlbində əbədi dalğalanacaqdır. Bəli. Çün… Əbədiyyət gülüdür o…

Ümid Partiyasının Mətbuat Xidməti

Şərh yaz