Zəngəzur məsələsi İran üçün sınaq olacaq – ANAR İSAYEV şərh edir

Zəngəzur məsələsi İran üçün sınaq olacaq – Anar İsayev şərh edir
İran Prezidenti Məsud Pezeşkian qonşu dövlətlərlə, o cümlədən Azərbaycan və digər müsəlman ölkələri ilə münasibətlərin əməkdaşlıq, dialoq və qarşılıqlı etimad əsasında inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.
Maraqlıdır, bu bəyanatlar İranın regional siyasətində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilərmi, yoxsa daha çox siyasi mesaj xarakteri daşıyır?
Bu yanaşma Tehran–Bakı münasibətlərinin gələcək inkişafına və ümumilikdə Cənubi Qafqazda regional əməkdaşlığa necə təsir göstərə bilər?
Mövzu ilə bağlı Azərbaycan Ümid Partiyasının İdarə Heyətinin üzvü Anar İsayev Moderator.az-a açıqlama verib.
Politoloq qeyd edib ki, məncə, bu bəyanatları nə sadəcə protokol xarakterli diplomatik mesaj, nə də artıq baş vermiş tam dönüş kimi qiymətləndirmək doğru olar:
“Daha dəqiq ifadə etsək, Pezeşkianın yanaşması İranın regional siyasətində yeni istiqamətə keçmək niyyətinin siyasi siqnalıdır. Lakin bunun yeni mərhələyə çevrilməsi Tehran tərəfindən atılacaq praktiki addımlardan asılı olacaq. İran son illərdə Cənubi Qafqazda həm Azərbaycan, həm də Türkiyə ilə münasibətlərində müəyyən ziddiyyətlərlə üzləşib.
Eyni zamanda regionda Azərbaycan–Ermənistan sülh prosesinin irəliləməsi, nəqliyyat kommunikasiyalarının gündəmə gəlməsi (xüsusilə TRİPP layihəsi) və Türkiyənin regional rolunun artması yeni reallıq yaradıb. Tehran bu reallıqları nəzərə almadan əvvəlki siyasəti davam etdirərsə, regionda təsir imkanlarının bir hissəsini itirmək riski ilə üzləşə bilər.
Pezeşkianın mesajının əsas əhəmiyyəti də buradadır. İran prezidenti qonşularla münasibətlərə ideoloji qarşıdurmadan daha çox əməkdaşlıq və iqtisadi maraqlar prizmasından yanaşılmasının tərəfdarı olduğunu nümayiş etdirir.
Bunun arxasında həm siyasi, həm də ciddi iqtisadi motivlər var. Sanksiyalar şəraitində İran üçün qonşu ölkələrlə ticarət, tranzit, enerji və logistika əlaqələrinin genişləndirilməsi xüsusi əhəmiyyət daşıyır”.
Anar İsayev vurğulayıb ki, Azərbaycan–İran münasibətlərinin gələcək inkişafında ən mühüm məsələ qarşılıqlı etimadın bərpasıdır. Son illərdə yaşanan diplomatik gərginliklər göstərdi ki, iki ölkə arasında potensial çox böyük olsa da, təhlükəsizlik və geosiyasi məsələlər münasibətlərə ciddi təsir edə bilir:
“Əgər Pezeşkianın səsləndirdiyi yanaşma praktik siyasətə çevrilərsə, Azərbaycan və İran arasında bir neçə istiqamətdə ciddi irəliləyiş mümkündür:
sərhəd və təhlükəsizlik məsələləri üzrə daha intensiv dialoq;
ticarət dövriyyəsinin artırılması;
Şimal–Cənub nəqliyyat dəhlizinin inkişaf etdirilməsi;
enerji sahəsində əməkdaşlığın genişləndirilməsi;
sərhədyanı iqtisadi əlaqələrin gücləndirilməsi;
Azərbaycan və İran arasında siyasi dialoqun daha yüksək səviyyəyə çıxarılması.
Burada xüsusilə nəqliyyat məsələsi böyük əhəmiyyət daşıyır. Cənubi Qafqazda kommunikasiyaların açılması İran üçün həm risk, həm də fürsətdir. Tehran prosesə qarşı çıxmaq əvəzinə onun iştirakçısına çevrilərsə, İran öz ərazisindən keçən yeni tranzit imkanlarından iqtisadi gəlir əldə edə bilər.
Məncə Zəngəzur məsələsi İran üçün sınaq olacaq. İranın Azərbaycanla münasibətlərində ən həssas məsələlərdən biri məhz regional nəqliyyat layihələridir. Tehran uzun müddət Ermənistan ərazisindən keçən mümkün marşrutların İranın regiondakı geosiyasi rolunu zəiflədə biləcəyindən narahat olub.
Lakin burada yeni yanaşma mümkündür: marşrutları rəqabət obyekti kimi deyil, bir-birini tamamlayan regional bağlantılar sistemi kimi qəbul etmək. Məsələn, Zəngəzur istiqaməti ilə İran üzərindən Şimal–Cənub marşrutunun inkişafı bir-birinə alternativ olmaq məcburiyyətində deyil. Əksinə, müxtəlif nəqliyyat xətlərinin inteqrasiyası Azərbaycan, İran, Ermənistan və Türkiyə üçün əlavə iqtisadi imkanlar yarada bilər.
İranın konstruktiv mövqe tutması Azərbaycan–Ermənistan münasibətlərinin normallaşması prosesinə də müsbət təsir göstərə bilər. Çünki Cənubi Qafqazda uzunmüddətli sabitlik yalnız iki ölkə arasındakı münasibətlərdən deyil, region dövlətlərinin yeni reallıqları qəbul etməsindən də asılıdır.
Əgər İran Azərbaycanla münasibətlərini yaxşılaşdırmaqla yanaşı, Ermənistanla da iqtisadi və nəqliyyat əlaqələrini inkişaf etdirərsə, regionda Azərbaycan–Türkiyə–İran–Ermənistan arasında qarşılıqlı iqtisadi asılılığın artması mümkündür.
Bu isə siyasi qarşıdurmaların iqtisadi əməkdaşlıqla əvəzlənməsi üçün əlavə stimul yarada bilər.Amma bir mühüm məqam var,belə ki,Pezeşkianın İran daxilində xarici siyasəti müəyyən edən yeganə siyasi aktor olmadığını da nəzərə almaq lazımdır.
İranın xarici siyasətində prezidentdən başqa Ali Rəhbərin institutu, təhlükəsizlik strukturları və digər güc mərkəzləri də mühüm rol oynayır. Buna görə prezidentin diplomatik ritorikasının nə qədərinin real siyasətə çevriləcəyini zaman göstərəcək.
Qənaətim belədir: Pezeşkianın bəyanatları hazırda daha çox strateji niyyət və siyasi mesaj xarakteri daşıyır. Amma bu mesajın arxasında İranın real geosiyasi və iqtisadi maraqları olduğuna görə onu əhəmiyyətsiz saymaq da düzgün deyil.
Əgər Tehran yaxın dövrdə Azərbaycanla münasibətlərdə konkret praktiki addımlar atarsa, xüsusilə nəqliyyat, ticarət, enerji və təhlükəsizlik sahələrində əməkdaşlığı genişləndirərsə, bugünkü bəyanatları sonradan İranın Cənubi Qafqaz siyasətində yeni mərhələnin başlanğıc nöqtəsi kimi qiymətləndirmək mümkün olacaq.
Ən mühüm dəyişiklik isə İranın “regiondakı proseslərə təsir edən tərəf” olmaqdan “regiondakı proseslərin iqtisadi və siyasi iştirakçısı” olmağa keçməsidir. Bu model həm Tehran–Bakı münasibətlərinə, həm də bütövlükdə Cənubi Qafqazın gələcək əməkdaşlıq arxitekturasına müsbət təsir göstərə bilər”.
Pərvin Şakirqızı
Şərh yaz