Xalq İqbal Ağazadəni sevir, ona ümidləri böyükdür – İMAMVERDİ CƏMİLLİ

Umidparty.org-un müsahibi Ümid Partiyası Goranboy Rayon Şöbəsinin sədri İmamverdi Cəmillidir.

İmamverdi bəy, rayonda vəziyyət necədir?

Goranboyda sosial – iqtisadi vəziyyət çox ağırdır. Rayonun sosial rifah halı həddən artıq aşağıdır. Son qiymət artımları isə daha ciddi problem yaratdı. İnsanlar bəzi hallarda çarəsiz duruma düşdü. Ən ciddi problemi isə hökumətin laqeydliyi yaratdı. Digət ölkələrdən fərqli olaraq, bizim ölkədə vətəndaşa demək olar ki, güzəşt etmədi. Ən azından elektrik, qaz və digər məsələlərdə ödəmə halları onsuz da az olan, qənaətlə idarə edilən büdcəni daha kritik vəziyyətə saldı. Pandemiya ciddi problemləri daha da dərinləşdirdi. Təxminən 20 nəfər rayonda bu xəstəliyin qurbanı oldu. Ən dəhşətlisi isə gənclərin də bu xəstəlikdən dünyalarını dəyişmələridir. İnsanların psixologiyasına da ciddi təsir etdi. İş yerlərinin kütləvi qapalı olması təsirsiz qalmadı. Onsuz da iş yerləri məhdud sayda idi. İnsanlar min bir əziyyətlə ərsəyə gətirdiyi məhsulunu belə paytaxta apara bilmədi. Bu isə kəndlini yuxarıda qeyd etdiyim kimi çətin duruma salır.

Vətən müharibəsi zamanı Goranboy ölkənin ən qaynar nöqtələrindən biri idi. Necə xatırlayırsınız o dövrü?

Bəli, Vətən müharibəsi insanların birliyini ən yüksək səviyyədə təmin etdi. 44 günlük müharibədə ab-hava yüksək səviyyədə oldu. Hər kəs hətta şəhid olmağa hazır idi. Lakin etiraf edək ki, sonluq heç də  ürəkaçan olmadı. Rus sülhməramlılarının Qarabağa gəlişinə insanlar birmənalı yanaşmırlar. Hətta müxtəlif qələbə xəbərlərindən sonra rus bayraqlarının qaldırılması da lazımsız aksiya idi.

Qələbələr itkisiz olmur. Goranboyda neçə şəhidimiz oldu?

Vətən müharibəsində Goranboy rayonundan 51 nəfər igidimiz şəhid oldu. Demək olar ki, onların dəfnində fəallarımızla birlikdə iştirak etdik. 3 nəfər mülki şəxs şəhid oldu, 2 nəfər itkindir, 200-dən çox isə qazimiz var.

Partiya quruculuğu hansı mərhələdədir?

Pandemiya partiya quruculuğuna ciddi təsir göstərdi. Lakin bir gün belə fəaliyyətimizi dayandırmadıq. Hal-hazırda sənədlərimizin formalaşması ilə bağlı iş aparırıq. Üzvlərimizlə mövcud şəraitin imkan verdiyi formada görüşürük, məsləhətləşmələr aparırıq. Ümid edirik, vəziyyət qısa zamanda əvvəlki vəziyyətə qayıdacaq. Çünki siyasət həm də üzbəüz təması sevir. Onu da qeyd edim ki, liderimizin müxtəlif internet kanallarında aktual məsələlərlə bağlı müsahibələri regionda ciddi rezonans doğurur. Xalq İqbal bəyi birmənalı şəkildə sevir və ona ümidləri böyükdür. Bu gün hər kəs inanır ki, Ümid növbəti hakim partiya olacaq.  

QEYD: İmam Cəmilli  25 avqust 1954 cü ildə Kəlbəcər rayonunun Cəmilli kəndində doğulub. Gəncə Politexnik Texnikumunu bitirib. I Qarabağ müharbəsində Goranboy Özünümüdafiə Batalyonunun tərkibində vuruşub.  Qarabağ qazisidir. İmam Cəmilli 15 kitab müəllifidir. Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvüdür.

Şərh yaz