Vaşinqton və Tehran arasında gizli danışıqlar: ABŞ-ın əsas TƏLƏBLƏRİ NƏDİR? – BAKİR HƏSƏNBƏYLİ şərh edir
İran Müdafiə Nazirliyinin sözçüsü Rza Təlayenik Amerikanı ya onların şərtlərinə tabe edəcəklərini, əks halda təslim edəcəklərini bildirib.
Azərbaycan Ümid Partiyasının İdarə Heyətinin üzvü Bakir Həsənbəyli Yenicag.az-a açıqlamasında İranın bu açıqlamalarının pərdəarxası səbəblərini izah edib:
“İranın ABŞ-a qarşı sərt və hədə-qorxu dolu ritorikası birbaşa 2026-cı ilin fevralında başlayan hərbi qarşıdurma, pozulmuş atəşkəs razılaşmaları və tərəflərin danışıqlar masasında üstünlük qazanmaq cəhdləri ilə bağlıdır. Bu ritorika təkcə hərbi təhdid deyil, həm də Tehranın həm Vaşinqtona, həm də öz daxili auditoriyasına ünvanladığı çoxşaxəli siyasi-psixoloji strategiyadır. Mövcud gərginliyi və İranın sərt bəyanatlarını şərtləndirən bir neçə amil var. 2026-cı ilin fevralında ABŞ və İsrailin İrana qarşı başlatdığı hərbi əməliyyatlardan sonra iyunda imzalanmış Anlaşma Memorandumu avqustda qüvvədən düşüb. Sentyabr ayından etibarən qarşılıqlı zərbələrin bərpa olunması və ABŞ Prezidenti Donald Trampın yeni hərbi əməliyyatlara işarə etməsi Tehranı qabaqlayıcı təhdidlər səsləndirməyə sövq edir. İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzai ABŞ-ın yeni hücumu olacağı təqdirdə təkcə Yaxın Şərqdəki deyil, həm də Avropadakı ABŞ hərbi bazalarının, o cümlədən Böyük Britaniya və Kiprdəki obyektlərin vurulacağını bəyan edib. Bu addım Vaşinqtonun müttəfiqlərinə təzyiq göstərərək onların ABŞ-a logistik dəstək verməsinin qarşısını almağa hesablanıb. İranın sərt ritorikası genişmiqyaslı müharibə istəyindən çox, mümkün danışıqlar masasında daha güclü mövqedən çıxış etmək məqsədi daşıyır”.
B.Həsənbəyli qeyd edib ki, İran Trampın siyasətindən maksimum istifadə edib öz şərtlərini qəbul etdirmək üçün fürsət yarandığını düşünür:
“Tehran Vaşinqtonun hərbi üstünlüyünə qarşı Hörmüz boğazının blokadası və sualtı internet kabellərinin hədəfə alınması kimi təhdidlər irəli sürərək ABŞ-ı güzəştə getməyə vadar etməyə çalışır. İran prezidenti Məsud Pezeşkian və digər rəsmilər ABŞ-ın iqtisadi sanksiyalar və dəniz blokadası yolu ilə Tehrana təzyiq göstərməsini qəbuledilməz sayır. Rəsmi Tehran bildirir ki, qorxutma taktikası Vaşinqton üçün əks effekt verəcək və prosesləri daha da çıxılmaz vəziyyətə salacaq. Tehran administrasiyası hesab edir ki, ABŞ cəmiyyətində müharibəyə və artan enerji qiymətlərinə qarşı narazılıq yüksəlir. İran rəsmiləri sərt bəyanatlarla Vaşinqtonun hərbi qərarlarını daxili siyasi təzyiq altında saxlamağa və Tramp administrasiyasının manevr imkanlarını məhdudlaşdırmağa çalışırlar. Uzun sürən iqtisadi çətinliklər, daxili etirazlar və ağır hərbi itkilər fonunda İran hakimiyyəti öz tərəfdarlarına zəifləmədiyini nümayiş etdirmək istəyir. Parlament spikeri Məhəmməd Bağır Qalibaf və digər yüksək rütbəli şəxslərin çıxışlarında ABŞ-ın “döyüş meydanında və diplomatiyada məğlub edildiyi” vurğulanaraq daxili ictimai rəydə qələbə ritorikası formalaşdırılır. ABŞ administrasiyasının bu ritorikaya qarşı cavab istiqamətləri də var.
Vaşinqton İran iqtisadiyyatını tamamilə çökdürməyi hədəfləyən iqtisadi təcrid kampaniyasını və dəniz blokadasını davam etdirir. ABŞ Maliyyə Nazirliyi Tehranın neft gəlirlərini və kölgə ticarət şəbəkələrini tam dayandırmaq üçün əlavə məhdudiyyətlər tətbiq edir. ABŞ Mərkəzi Komandanlığı İranın Xəzər dənizi və quru yolları ilə qabaqcıl silahlar və hərbi materiallar əldə etməsinin qarşısını almaq üçün xüsusi əməliyyat qrupu yaradıb. İranın amerikalı rəsmilərə qarşı sui-qəsd planları barədə kəşfiyyat məlumatlarından sonra ABŞ təhlükəsizlik tədbirlərini maksimum həddə çatdırıb. Məsələn, maliyyə naziri Skott Bessent təhdidlər səbəbindən Vaşinqtondakı evindən hərbi bazaya köçürülüb. Tehranın Avropadakı bazaları vurmaq hədələrindən sonra Pentaqon Böyük Britaniyadakı hərbi bazalardan bəzi təyyarə və yanacaqdolduranları ehtiyat tədbiri kimi təxliyə edib. Eyni zamanda, regiondakı müttəfiqlərin müdafiəsi üçün əlavə hava hücumundan müdafiə sistemləri yerləşdirilir. Tramp genişmiqyaslı yeni hücumların hələlik gündəmdə olmadığını bildirsə də, ABŞ ordusu İranın hava hücumundan müdafiə sistemlərinə və strateji obyektlərinə qarşı qısamüddətli, lakin yüksək dəqiqlikli zərbələr endirməklə hərbi üstünlüyünü nümayiş etdirir. Ağ Ev Tehranın təhdidlərinə cavab olaraq münaqişənin yalnız ABŞ-ın şərtləri daxilində başa çatacağını vurğulayır və İranın proksi qüvvələrinin mümkün hücumlarına qarşı kəşfiyyat nəzarətini gücləndirir. Hərbi ritorikaya baxmayaraq, Vaşinqton Qətərin vasitəçiliyi ilə Tehrana öz şərtlərini qəbul etdirməyə çalışır. ABŞ-ın əsas tələbləri zənginləşdirilmiş uranın ölkədən çıxarılması və Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyinin bərpasıdır”.
Şərh yaz




