Ümid Partiyasının Xocalı Soyqırımı ilə bağlı BƏYANATI

Bu gün Əsrin Faciəsi olan Xocalı Soyqırımının törədilməsindən 29 il ötür. Xocalı soyqırımının dünyada tanınması və bu faciəyə siyasi qiymətin verilməsi üçün Azərbaycan dövlətinin koordinasiyası ilə siyasi institutlar, Qeyri Hökümət Təşkilatları, Diaspor təşkilatları bu istiqamətdə davamlı fəaliyyət göstərməlidir.

Azərbaycanın qədim yaşayış məskənlərindən olan Xocalının 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə rus – sovet alayının iştirakı ilə, erməni vandalları tərəfindən yer üzündən silinməsi üçün dəhşətli soyqırım törədildi. 7000 əhalisi olan Xocalı, Xankəndindən 10 km cənub şərqdə, Qarabağın dağlıq hissəsində, Ağdam-Şuşa-Əsgəran-Xankəndi yollarının üstündə yerləşir. Qarabağdakı yeganə aeroport da məhz Xocalıda idi. Ermənilərin Xocalıya xüsusi maraq göstərməsi də Xocalının strateji mövqeyə malik olması ilə əlaqədar olub.

Xocalıya hücum hazırlığı fevralın 25-də, 366-cı motoatıcı alayın hərbi texnikasının döyüş mövqelərinə çıxması ilə başlandı. Şəhərə hücum tanklardan, “Alazan” tipli zenit toplardan 2 saatlıq atəşdən sonra həyata keçirildi. Xocalıya 3 istiqamətdən hücum olduğu üçün şəhərdə qalan 2500 nəfər xocalılı Ağdam rayon mərkəzinə çatmaq ümidi ilə şəhəri tərk etdilər. Lakin Naxçivanik kəndi yaxınlığında əhalinin qarşısı erməni silahlı quldur dəstələri tərəfindən kəsildi və onlar gülləboran edildi. Qarlı aşırımlarda və meşələrdə zəifləyib taqətdən düşən insanların çox hissəsi də məhz Əsgəran-Naxçıvanik düzündə xüsusi qəddarlıqla qətlə yetirilidi. Şəhəri tərk edən Xocalı sakinindən 613-ü düşmən gülləsinə tuş gəlib, soyqırımın qurbanı oldular. Bu soyqırımın nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, yüzlərlə Xocalı sakini qətlə yetirildi. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideyini, 130 uşaq isə valideynlərindən birini itirdi. Düşmən gülləsinə tuş gəlib yaralanan 487 nəfərdən 76-sı uşaq idi. 1275 xocalılı əsir, 150 xocalılı isə itkin düşdü.

Ümid Partiyası olaraq, Xocalı faciəsinin beynəlxalq aləmdə soyqırım kimi tanınması istiqamətində hakimiyyətə təkliflərlə çıxış etmiş, sədrimiz İqbal Ağazadə beynəlxalq konfranslar zamanı dünya ictimaiyyəti qarşısında bu faciəni törədənlərə qarşı tələblərimizi dəfələrlə irəli sürüb.

Biz Ümid Partiyası olaraq hesab edirik ki, Xocalı faciəsi şahidlərinin əlində olan əyani vəsaitlərdən istifadə etməklə “Xocalı Muzeyi” yaradılsın. Və bu Muzeyi ziyarət ölkəyə gələn rəsmi dövlət nümayəndələri üçün tərtib edilən rəsmi protokola salınsın.

Xocalı Soyqırımı ilə yanaşı Xocalı şəhərinin azadlığı bu gün ictimaiyyətdə sual doğuran ən önəmli məsələlərdən biridir.
44 günlük Vətən Müharibəsindən sonra masa üzərində bu sualın öz həllini tapacağı istiqamətində Ümid Partiyası iqtidara təkliflər paketi ilə çıxış edib. Tezliklə Xocalı şəhərinin müqəddəratının Azərbaycanın lehinə həll olunacağına ümid edir, Xocalı Soyqırımının dünyada tanınması və bu faciəni törədənlərin cəzasız qalmaması üçün haqlı mübarizəmizə davam edəcəyik.

Allah Qarabağ uğrunda canından keçən igidlərimizə, ərazimizin bütövlüyü uğrunda qurban gedən şəhidlərimizə rəhmət etsin!

Şərh yaz