Ümid Partiyasının sədri polislərin peşə bayramını təbrik edib

Ümid Partiyasının sədri, Qarabağ qazisi, sabiq millət vəkili İqbal Ağazadə polislərin peşə bayramını öz sosial şəbəkə hesabında təbrik edib:

Bu gün polislərimizin peşə bayramıdır.

İlk növbədə bütün polislərimizi təbrik edir, onlara uzun ömür, can sağlığı və uğurlar arzulayıram.

Bu il polislərimiz üçün də ağır oldu. Yağış, külək, isti demədən bəzən günlərlə postlarda oldunuz, karantin rejiminin tələblərini qorumağa çalışdınız.

Yanlışlar da oldu, hüquqpozmalar da, xeyirxahlıq da etdiniz, yaxşılıq da…

Çox istərdim ki, polisimizin obrazında ciddi dəyişiklik olsun – xalq, vətəndaş qəbul etsin ki, polis adamları tutmaq üçün deyil, qorumaq üçündür.

Polis əsgərdir – o dünən Qarabağda döyüşüb, şəhid olub, qazidir.

Polis ən qatı cinayətkarlarla döyüşən Vətən oğludur.

Polis bizim övladımızdır, bizlərdən biridir.

Peşə bayramınız mübarək, əziz Polislərimiz.

P.S. Təəssüf ki, bu gün polis həm də siyasi aktivistlərin cibinə narkotik atan, şərləyən, təhqir edən, vətəndaşı evindən çılpaq sürüyərək çıxaran, məhkəmələrdə yalançı şahidlik edən tərəfdir.

Biz elə cəmiyyət qurmalıyıq ki, polis yalnız ictimai asayişi, daxili təhlükəsizliyi qorumaqda və cinayətkarlığa qarşı mübarizə aparmaqda sorumlu olsun.

Heç bir hakimiyyət polisdən öz məqsədləri üçün qeyri-qanuni üsullarla istifadə etməsin.”

 

 

Fotonun müəllifi Orxan Əzimdir.

Şərh yaz