Ümid Partiyasının sədri İqbal Ağazadə tələbələrin etirazına münasibət bildirib – VİDEO

Ümid Partiyasının sədri İqbal Ağazadə UmidMedia internet kanalına müsahibəsində deyib ki, Ümid Partiyası olaraq, hakimiyyətə pandemiya dövrü üçün proqram təklif etmişdik. O proqramda tələbələrə yönəlik hansı siyasəti həyata keçirmək lazım olduğunu aydın göstərmişdik. Təklif etdiyimiz proqramı bir daha səsləndirmək istəyirəm:

Biz təklif etmişdik ki, hökumət pandemiya dövründə istər özəl, istərsə də dövlət təhsil müəssisələrində tələbələrə həm təqaüdlərini versin, həm də ödənişlərin hamısı bütövlükdə dayandırılsın.

Partiya sədri təhsil haqqının dayandırılması təklifini faktiki olaraq, online tətbiq olunan təhsil sisteminin böyük xərc tələb etməməsi və valideynlərin övladlarının təhsil haqqını bu dönəmdə işləmədikləri üçün ödəyə bilməyəcəkləri ilə əlaqələndirib. İqbal Ağazadə qeyd edib ki, onsuz da vətəndaşların sosial vəziyyəti çox çətindir və ona görə də bu məsələdə hökümətin, o cümlədən də özəl sektorun güzəşt etməsi olduqca vacib idi. Təəssüflər olsun ki, bütün bunların hamısı qulaq ardına vuruldu və tələbələrdən ödəniş tələb olundu. Partiyanın pandemiya dövründə təqdim etdiyi proqramda və ümumiyyətlə Ümid Partiyasının gələcək üçün baxışları belədir: Təhsil sistemində özəl sektoru istisna olmaqla, dövlətin nəzarətində olan heç bir təhsil müəssisəsində təhsil ödənişli olmayacaq. Hər bir vətəndaşa 4 il bakalavr təhsili, 2 il də magistr təhsilini pulsuz almağa şərait yaradılacaq. 11 il orta məktəbdə, 4 il bakalavr və 2 il magistr təhsilini pulsuz almaq hər bir vətəndaşın haqqıdır və bu haqq Kontitusiyamızın vətəndaşa verdiyi hüquqla tənzimlənməlidir.

İqbal Ağazadə daha sonra qeyd edib ki, bu gün Azərbaycanın təhsil sistemi olduqca bərbad vəziyyətdədir: Balı yüksək toplayanlar eyni fakültədə, eyni müəllim, eyni auditoriyada təhsil haqqı ödəyərək, aşağı bal toplayan tələbələrlə birgə təhsil alırlar, eyni auditoriyanı bölüşürlər. Bu yanaşma olduqca yanlış yanaşmadır. Belə ki, təhsildə vahid keçid balı tətbiq olunmalıdır. Müəyyən keçid balından aşağı bal toplayanlar o fakültədə təhsil almaq hüququnu itirməlidirlər. Keçid balını toplayanlar isə fakültəyə daxil olmalı və pulsuz təhsil almalıdırlar. 4 il ərzində ona müəyyən olunmuş təhsil kreditini ödəməyənlər 5-ci il təhsillərini davam etdirmək istəsələr, artıq dövlətə bunun üçün pul ödəməli olacaqlar, o cümlədən magistraturada da təhsil və ödənişlər eyni qayda ilə tətbiq olunacaq. Təəssüflər olsun ki, Təhsil Nazirliyi bu məsələni səlahiyyətli dövlət qurumları, o cümlədən Operativ Qərargah qarşısında qaldırmadı, bu məsələ ilə bağlı tələbələrin etirazı oldu, hətta təhsil haqqını ödəmək imkanı olmadığı üçün etiraz edən tələbələrə İnzibati Xətalar Məcəlləsinin tələbi ilə 100-200 manat məbləğində cərimələr yazdılar, o cümlədən də bir nəfərə 15 sutka həbs cəzası verdilər. Bu tip yanlışlıqlar karantin dövründə çox geniş vüsət aldı.

Partiya sədri qeyd edib ki, hökümətə təhsil sistemi ilə bağlı çeşidli proqramlar təklif edilməsinə və həmin proqramların həyata keçirilməsi üçün böyük vəsait tələb olunmamasına baxmayaraq, hökümət bu təklifi də qulaqardına vurdu.

İqbal Ağazadə təhsildən əlavə pandemiya dövründə ay ərzində əhalidən, fiziki şəxslərdən işıq ödəmələri ümumrespublika üzrə 6 milyona yaxın vəsait təşkil etməsini bildirərək deyib ki, biz qeyd etdik ki, bu vəsaiti dövlət ödəsin. 100 kv limiti qaldırınca, bir-iki aylıq pandemiya, karantin dövrü elan etmişdisə, bu vəsaiti dövlət ödəyərdi. O cümlədən qaz sərfiyyatında da əhalinin qaz-işıq ehtiyaclarını qarşılamaq dövlət üçün o qədər də böyük məbləğ deyildi və bunu həyata keçirməklə əhalinin vəziyyəti xeyli yüngülləşərdi. Təəəssüflər olsun ki, bu müddətdə əhalinin, xalqın, vətəndaşların vəziyyətini yüngülləşdirəcək ancaq inzibati addımlar, yaxud 190 manat ödənişlə kifayətlənməli oldular. Bütövlükdə, bunların hamısının müqabilində sosial siyasət də, sosial yönümlü xətt də bunun əksini diqtə etdi. Hansı ki, verilən təkliflərlə daha ciddi və daha təsirli tədbirlər görmək mümkün idi.

Müsahibənin video variantını buradan izləyə bilərsiniz:

Şərh yaz