Ümid Partiyasının Fransa Senatına etirazı

Fransa senatının bir neçə üzvü Azərbaycanın Yuxarı Qarabağ ərazisinin ermənilərə məxsus müstəqil dövlət qurumu kimi tanımaq təşəbbüsü ilə çıxış etməsi Azərbaycan cəmiyyətində ciddi narazılığa səbəb olub.

Beynəlxalq hüquqa və ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransa dövlətinin mandatına tamamilə zidd olan bu müzakirələr Azərbaycanda hüquqi dövlət, demokratik cəmiyyət qurmaq uğrunda fəaliyyət göstərən, Avrointeqrasiya xəttinə üstünlük verən Ümid Partiyasını xüsusilə narahat edir.

30 ildir ki, erməni silahlı birləşmələrinin işğalı altında qalan, tarixi və hüquqi baxımdan Azərbaycan ərazisi olan Qarabağ ərazisi BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi və digər beynəlxalq hüquqi sənədlər əsasında azad edilib.  Bu qətnamələrin qəbulunda  BMT Təhlükəsizlik Şurasının üzvü kimi Fransa dövləti də iştirak edib.

30 ilə yaxın davam edən münaqişənin həllinə şərait yarandığı bir vaxtda Fransa senat üzvlərinin bu təşəbbüsü problemin sülh yolu ilə həllinə deyil, münaqişənin yenidən alovlanmasına xidmət edir.

Ümid Partiyası  olaraq, Qarabağ münaqişəsinin nizamlanmasına məsul olan Minsk qrupu həmsədrlərindən biri kimi Fransanın obyektiv mövqe tutmalı olduğunu qeyd edir, Azərbaycanın erməni əsilli vətəndaşlarının Azərbaycan torpaqlarında sülh içində yaşaması, bütövlükdə regionda sülhün bərpası və uzunmüddətli olması üçün Fransanı beynəlxalq hüquq normalarını pozmamağa və Ermənistanın mövqeyini müdafiə etməməyə çağırırıq.

Azərbaycana qarşı qərəzli, qeyri-obyektiv, beynəlxalq hüquqa zidd olan hər hansı bir sənədin qəbulu nəinki sülhə xidmət edəcək, əksinə bütün regionda gərginliyi daha da artıracaq, gözlənilən sülhə vurulan növbəti zərbə olacaq,  Ermənistanı bundan sonra da bütün regional layihələrdən kənarda qoyacaqdır.

Eyni zamanda bu cür təşəbbüslərin müzakirəyə çıxarılması Azərbaycan və Fransa dövlətləri və xalqları arasında siyasi, iqtisadi və mədəni əlaqələrin pozulmasına səbəb olacaqdır.

Ümid Partiyası bu təşəbbüsü qətiyyətlə pisləyir, Fransa Senatını BMT-nin məlum qətnamələrinə və beynəlxalq hüquq normalarına hörmət etməyə çağırır.

Qeyd: Etiraz məktubu tərcümə edilərək,  Fransanın Azərbaycandakı səfirliyinə və Fransa Senatına göndərilib.

 

Şərh yaz

Warning: A non-numeric value encountered in /home/t52984/public_html/umidparty.org/wp-content/themes/Newspaper/includes/wp_booster/td_block.php on line 1009