Ümid Partiyasında 25 noyabr – Qadın Zorakılığına qarşı Beynəlxalq Mübarizə Gününə həsr olunmuş dəyirmi masa keçirilib

Azərbaycan Ümid Partiyası / Azerbaijan Umid Party – nın Qadınlar Təşkilatının bir qrup üzvləri 25 noyabr – Qadın Zorakılığına qarşı Beynəlxalq Mübarizə Gününə həsr olunmuş dəyirmi masa keçirib.
Tədbirdə Qadınlar Təşkilatının məsul üzvü Olqa Həşimova çıxış edib.
Sözügedən çıxışı izləyicilərə təqdim edirik:
Ailə, qadın, uşaq problemləri bizi ən çox narahat edən məsələlərdən biridir. Belə ki, ailə cəmiyyətin, dövlətin təməlidir. Ailənin dağılması cəmiyyətdə xoşagəlməz boşluqların yaranmasına gətirib çıxarır. Dünyada olduğu kimi ölkəmizdə də boşanma haqqında çox danışılır, müzakirələr aparılır. Bir qisim insanlar boşanmanı sosial fəlakət kimi qəbul edir, digər biri isə boşanma prosesinə çox təbii yanaşır.
Boşanmaların qarşısını almaq üçün Azərbaycanda bir sıra sosial tədbirlərin həyata keçirilməsinə baxmayaraq, sözügedən problem hələ də öz həllini tapmayıb.
Dövlət Statistika Komitəsinin məlumatına görə ilin ilk dörd ayında Azərbaycanda 6920 boşanma halı qeydə alınıb. Bu artım tempi kifayət qədər yüksəkdir, həyəcanvericidir.
İlk növbədə, məhkəmə və digər qurumlar tərəfindən boşanmaların əsas səbəbləri araşdırılmalıdır. Statistikaya əsaslanaraq, birinci yerdə boşanmaların səbəbi kimi cütlüklərin xarakterlərinin fərqli olması göstərilir. Eyni zamanda sonsuzluq, alkoqol və narkotik vasitələrindən asılılıq, xəyanət, qısqanclıq, məişət zəminində zorakılıq boşanma səbəblər arasında olan əsas problemlərdəndir.
Texnologiyanın inkişaf etməsi sayəsində meydana çıxan sosial şəbəkələr də boşanmaya təkan verən səbəblərdən biri kimi qeyd edilir.
Ümid Partiyasının sədri İqbal Ağazadə başda olmaqla, partiya rəhbərliyi bu sahəyə də xüsusi diqqət yetirir, sözügedən məsələnin həlli istiqamətində “Ailə, qadın, uşaq problemləri və gender bərabərliyi” mövzusunda dəfələrlə təkliflər paketi irəli sürüb, sürməkdə də davam edir.
Ümid Partiyası ailə institutunun yenidən formalaşdırılması, ailə planlaşdırılması istiqamətində xüsusi dövlət proqramı hazırlayır, qadınların ictimai-siyasi həyatda iştirakını təşviq edən tezislər təqdim edir, valideyn himayəsindən məhrum uşaqlarla bağlı xüsusi dövlət proqramı üzərində işləyir, uşaqların təhsildən kənarda qalmaması, ailə sağlamlığının qorunması, uşaq dünyaya gətirilməsi, onların tərbiyəsi və təhsili istiqamətində müvafiq qurumlar tərəfindən sistemli və ardıcıl olaraq fəaliyyət həyata keçirəcəyi ilə bağlı iş görür. Sağlam ailə quruculuğu saxlamaq üçün davamlı və inkişaf edən cəmiyyətin formalaşdırılması mütləqdir.
Bunun üçün Ümid Partiyası Konstitusiyada bu istiqamətdə maddələrə xüsusi əlavə və dəyişikliklər də təqdim edib.
Şərh yaz