Ümid Partiyası Taleh Əliyevin doğum gününü təbrik etdi

Ümid Partiyası İcra Aparatının rəhbəri, politoloq, Qarabağ qazisi Taleh Əliyevin 45 yaşı tamam olur.

Taleh Əliyev vətəninə, dövlətinə, millətinə bağlı biri kimi gənclik yaşlarından aktiv siyasətlə məşğul olmağa başlayıb. Bir sıra gənclər təşkilatının yaradıcısı və aparıcı simalarından biri olub. Azərbaycanın ərazi bütövlüyü, ölkədə demokratik cəmiyyətin, hüquqi dövlətin yaranması üçün mübarizə aparıb və hazırda Ümid Partiyası İcra Aparatının rəhbəri kimi Ümid ailəsində bu missiyanı davam etdirir.

Təəssüflər olsun ki, torpaqlarımız erməni işğalçıları tərəfindən zəbt edildikdə Taleh Əliyevin də ömrünə yeniyetmə yaşlarından məcburi köçkün həyatı yaşamaq düşmüşdü. Bəlkə də bu acı həyat onu daha çox elinə, obasına bağlayıb, üzərinə böyük bir amal qoyub – ərazi bütövlüyü təmin olunmuş vətən, xalqı firavan, milləti xoşbəxt görmək. Bunun üçün yola çıxıb, bunun üçün  məhrumiyyətlərə dözərək, yoluna davam edib. “Yüksək dağların başı hər zaman qar olar”, deyib atalar. Taleh Əliyev uca bir zirvədir doğmaları, dostları, partiyadaşları üçün. O öz insan sevgisi, dürüstlüyü, qayğıkeşliyi, canıyanımlığı ilə tanıyanlarının – Ümid ailəsinin sevimlisinə çevrilib.

Bu günə qədər heç bir zaman özünə ürəklə, təmtəraqla doğum günü keçirməyib. Hər doğum günündə növbəti doğum gününü elində, obasında – doğma Ağdamında, doğulduğu Poladlı kəndində keçirməyi diləyib.

Hardasa il yarım əvvəl partiya sədrimiz İqbal Ağazadənin rəhbərliyi ilə Ağcabədiyə partiya sədrinin müavini Səməd Hətəmovun  bacısının yas məslisinə getmişdik. Qayıdarkən Taleh bəy Qarqar çayının üzərində sürücüdən maşını saxlamağı xahiş etdi. Hamımız onun niyə belə deməyini anlayırdıq. Qarqar çayı həm də Poladlıdan keçirdi, uşaqlıq xatirələri orada idi. 27 illik torpaq həsrətini, Qarabağın, işğalda olan kəndinin əhvalını elə Qarqardan soruşdu. Hamımız kövrəldik. Həmin vaxt hər birimiz onun yaşadığı hisləri keçirirdik. Hamımız susmuşduq. O bizdən uzaqlaşıb, Qarqar çayının bir kənarına çəkildi. Çayın mənbəyi istiqamətində dayandı, torpağından hal əhval tutdu, Qarqarla dərdləşdi. Sanki ona dərdini deyib, diləyini tutdu. Qayıdarkən əllərində balıqqulağı və fərqli daşlar var idi. O daşlar arasında kəndindən gələn hansısa daşın olacağını düşünmüşdü bəlkə də. Elinin, obasının həsrətini o balıqqulaqlarında, o daşlarda tapmışdı. Torpaqlarımız azad olana kimi həsrətini o daşlarda tapacaqdı. Bu onun vətənə, yurda, elə-obaya, millətə nə qədər bağlı olduğunun göstəricisi idi.

45 yaşı ərəfəsində, ötən il sentyabrın 21-də ona gələn bir zəng hər şeyi dəyişdi. Bu zəng üzərinə düşən missiyanın, arzularının böyük bir qismini həyata keçirmək üçün ona şans yaratdı. Hərbi çağırışdan gələn zənglə də vətənə olan borcunu yerinə yetirmək üçün baş leytenant kimi ordu sıralarında xidmətə başladı. 44 günlük müharibədə Azərbaycan ordusu şanlı bir tarix yazdı, zəfər çaldı. Bu tarixdə, bu zəfərdə məmləkətimizin igid oğulları ilə bərabər bizim Taleh Əliyevin də payı oldu. Orduya baş leytenant kimi getdi, 99-gündən sonra kapitan kimi geri döndü. O, həm də ölkə başçısı tərəfindən “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif olundu. 45 yaşının tamamilə bərabər, doğma eli, doğulduğu kəndi, 27 il həsrətini çəkdiyi Ağdamı, Füzulisi, Qubadlısı, Zəngilanı, Laçını, Kəlbəcəri, Şuşası, Suqovuşanı artıq işğaldan azad olunub. Taleh bəy bu il sanki yenidən doğulub.

Ümid Partiyasının sədri İqbal Ağazadə başda olmaqla bütün ÜMİD AİLƏSİ Taleh bəyi təbrik edir, şəxsi işlərində, siyasi fəaliyyətində, daşıdığı missiyada uğurlar diləyir!

Gün gələcək, torpaqlarımızın tam azad olunması, qürurla, fəxrlə sizin birgə addımladığınız ordumuz, vətənimiz, millətimiz ilə yenə də sevinəcəyimiz ÜMİDİLƏ!

 

Şərh yaz