Ümid Partiyası Şəki Rayon Şöbəsi bölgədə ən aktiv siyasi təşkilatdır – Cavad İsmayıllı

Ümid Partiyası Şəki Rayon Şöbəsinin sədri Cavad İsmayıllı Umidparty.org saytının müsahibidir.

Cavad bəy, pandemiya dönəmində Şəkidəki vəziyyəti necə xarakterizə edərdiniz?

Pandemiyanın ilk dönəmlərində Şəki sanki ölü zonanı xatırladırdı. Düzdür, ölkənin əksər bölgələrində vəziyyət bir-birinin eyni idi. Lakin hesab edirəm ki, Şəkidə situasiya daha kritik həddə oldu. Demək olar ki, Şəkidə fəaliyyət göstərən bir zamanların ən məşhur istehsal sahələri fəaliyyətlərini tam dayandırdı. Onu da qeyd edim ki, vəziyyət bu gün də dəyişməyib. Bu hal isə insanların sosial vəziyyətinə çox ciddi təsir göstərib. Təxminən 30 illik işğaldan sonra bu gün demək olar ki, müəyyən qədər ərazilərimizin bərpasına nail olmuşuq. 44 günlük Vətən müharibəsi dönəmində şəkililər demək olar, bir nəfər kimi maddi və mənəvi cəhətdən qəhrəman əsgərlərimizin yanında oldu. Rayonumuz onlarla şəhid verdi, 200 nəfər də yaralı qazimiz var. Onlar cəbhədə qəhrəmanlıq tarixi yazıblar. İnanıram ki, yaralılarımızın ən qısa zamanda sağlamlıqları bərpa ediləcək. Ümid Partiyası Şəki Rayon Təşkilatı şəhidlərimizin əbədiyyətə uğurlanması zamanı bir nəfər kimi bu prosesdə iştirak etdi. Pandemiya dövrünün qaydalarına uyğun olaraq, şəhid ailələri, yaralı və qazilərlə görüşməyi planlaşdırırıq.

Deyirsiniz ki, pandemiya əhalinin sosial vəziyyətinə də təsirsiz ötüşməyib. Hazırda vəziyyət necədir?

Yuxarıda qeyd etdiyim kimi insanların sosial vəziyyəti olduqca acınacaqlıdır, ərzaq və qeyri-ərzaq mallarının qiymətlərinin artması fonunda bu məsələ özünü daha qabarıq formada göstərir. Hesab edirəm ki, Qarabağ probleminin həllindən sonra bu məsələ ən aktual və həllini təcili gözləyən məsələdir.

Partiyanın rayon şöbəsində təşkilatlanma prosesi hansı mərhələdədir?

Şəki də daxil olmaqla, ölkənin bir neçə rayonunda daha sərt karantin tətbiqi oldu. Sonra sosial məsafənin gözlənilməsi, insanların bir yerə toplaşması qadağası və s. Bilirsiniz ki, siyasət daha çox canlı ünsiyyəti sevir. Uzun müddətdir ki, görüşlərimizi pandemiya qaydalarına uyğun formada qururuq. Rayon şöbəsinin Məclisinin işini bərpa etmişik. Onu da qeyd edim ki, bizim rayon şöbəsinin məclisləri kifayət qədər hərəkətli olur. Ümid Partiyası Şəki Rayon Şöbəsi bölgədə ən aktiv siyasi təşkilatdır.

QEYD: İsmayıllı Cavad Məhəmməd oğlu 7 yanvar 1958-ci ildə Şəki şəhərində ziyalı ailəsində doğulub. Şəki Pedaqoji məktəbinin “Texnologiya və rəsmxətt” fakültəsini, daha sonra Ümumi Texniki Fənlər İnstitutunu bitirib. Hazırda 9 saylı Şəki orta məktəbdə müəllim işləyir. 1988-ci ildə başlayan Xalq Hərəkatınını fəallarındandır.
Ümid Partiyası Ali Məclisinin üzvü, Şəki Rayon Şöbəsinin sədridir.

Şərh yaz