Ümid Partiyası Konstitusiyaya dəyişikliklər təklif etdi

Ümid Partiyasının təbliğat və informasiya müavinliyi partiyanın həftə ərzindəki (4- 8 aprel) fəaliyyəti ilə bağlı məlumat yayıb.

Həftə ərzində Ümid Partiyası Rəyasət Heyətinin və Müavinliyinin növbəti iclasları keçirilib.

Rəyasət Heyətinin iclasında ictimai-siyasi vəziyyət müzakirə edilib, həftə ərzində görülən işlər barədə məlumat verilib. Ölkədəki mövcud durum, siyasi və sosial probemlər ciddi və detallı şəkildə müzakirəyə çıxarılıb, partiyanın müxtəlif proseslərə, problemlərə mövqeyi ifadə olunub. Partiya eyni zamanda ölkədəki müxtəlif problemlərdən çıxış yolu kimi hazırladığı təkliflər paketini də müzakirəyə çıxarıb.

Rəyasət Heyətinin iclasında Rusiya-Ukrayna münasibətləri, qırx gündən artıq davam edən müharibə, Rusiyanın işğal siyasətinin səbəbləri və gözlənilən nəticələr müzakirə edilib. Müharibənin nəticələri, post-müharibə dövrü barədə ehtimallar ətrafında fikir mübadiləsi aparılıb, hərbi əməliyyatların törətdiyi əlavə problemlər müzakirə edilib.

Rəyasət Heyəti Azərbaycan Respublikasının suveren ərazisi olan Qarabağ bölgəsində separatçı erməni silahlıları tərəfindən son həftələr baş verən təxribat cəhdlərini müzakirə edib və hərbi əməliyyatların keçirilməsini qeyri-məqbul hesab edib.

İşğaldan azad olunmuş ərazilərə məcburi köçkünlərin qaytarılması, köçürülmə prosesinin vacibliyi kimi məsələlərə toxunulub və bu istiqamətdə partiyanın təklifləri açıqlanıb.

İclasda aprelin 6-da Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan ilə keçirilən görüşü də müzakirə olunub, Brüssel səfərindən gözləntilər ətrafında fikir mübadiləsi aparılıb.

Ümid Partiyasının Konstitusiyaya təklif etdiyi dəyişikliklərin bir hissəsi müzakirə olunub və həmin dəyişikliklərin ictimailəşdirilməsi istiqamətində təkliflər verilib.
Müavinliyin iclasında cari işlər və struktur fəaliyyətindən doğan məsələlər müzakirə edilib. Növbəti üç ay (aprel-iyun) üçün partiyanın rüblük fəaliyyət planı açıqlanıb, müzakirəyə çıxarılıb və təsdiq olunub.

Həftə ərzində partiya yetkililəri sədr İqbal Ağazadə və müavinləri (Taleh Əliyev, Bakir Həsənbəyli, İlahə Sadıqova,) İnternet Tv-lərdə (Reaksiya Tv, Xural Tv, Laf Tv) altı canlı efirlə tamaşaçılar qarşısına çıxıblar. Bu kanallarda ümumi olaraq, üç yüz minə yaxın izləyici canlı və yaxud videoyazını izləyib. Sosial şəbəkələr (YouTube, facebook, twitter, instagram, tik-tok) üzərindən həftə ərzində milyona yaxın izləyici partiya yetkililərini seyr edib, dinləyib, paylaşımlar ediblər.

Həftə ərzində partiya sıralarına yeni üzvlər qəbul olunub. Bu barədə Ali Məclis rəhbərliyi Rəyasət Heyətinin iclasında məlumat verib.

Xaricdə yaşayan həmvətənlərimizin problemləri barədə səlahiyyətli dövlət qurumları qarşısında məsələ qaldırılıb. Xüsusilə Rusiya-Ukrayna müharibəsinin yaratdığı problemlərlə bağlı soydaşlarımızın qarşılaşdıqları problemlər müzakirəyə çıxarılıb.

Partiyanın diaspor, xaricdə yaşayan soydaşlar və ictimaiyyətlə əlaqələr üzrə müavinliyinin bu istiqamətdə gördüyü işlər də diqqətə çatdırılıb.

Şərh yaz