Ümid Partiyası İsrailə qarşı terror hücumunu pisləyən Bəyanat yayıb

Bu gün səhər saatlarında Qəzza zolağından olan radikal Həmas qruplaşması İsrail ərazisinə raket zərbələri endirib.
Bu barədə İsrail Müdafiə Qüvvələrinin Mətbuat Xidməti məlumat yayıb.
“Qəzza zolağından İsrail ərazisinə 500-dən çox raket atılıb. İsrailin cənub və mərkəzi hissələrində yaşayan sakinlərinə mühafizə olunan ərazilərdə qalmaları və Daxili Cəbhə Komandanlığının göstərişlərinə əməl etmələri tövsiyə olunur”, – deyə məlumatda qeyd edilib.
Eyni zamanda vurğulanıb ki, bir çox şəhərdə təhlükə səbəbindən həyəcan siqnalı verilib.
Xəstəxanaların məlumatına görə, İsrailin cənubunda və mərkəzində raket hücumları nəticəsində 100-dən çox israilli yaralanıb, onlardan bəzilərinin vəziyyəti çox ağırdır.
İsrail artıq antiterror əməliyyatına başladığını elan edib.
ÜMİD Partiyası olaraq, yaxın şərqdə yaranmış bu gərgin vəziyyətdən narahatlığımızı bildirir, terroru lənətləyir və terror nəticəsində ölən dinc sakinlərə Allahdan rəhmət, yaralılara isə şəfa diləyirik.
Terrordan əziyyət çəkən bir ölkə kimi İsraili çox yaxşı anlayır, bu xain hücumların qarşısının alınmasında onlara hər cür mənəvi dəstəyimizi ifadə edirik.
Ölkəmiz erməni təcavüzü və terroru ilə üzləşdiyi zaman İsrail Azərbaycan dövlətinin yanında olub, bizə hərbi və siyasi dəstəyini əsirgəməyib. Heç bir ölkəyə satmadığı müasir silahları yalnız Azərbaycana verib.
İkinci Qarabağ müharibəsində qısa bir müddətdə düşmənə qalib gəlməyimizdə qardaş Türkiyə ilə yanaşı İsrailin əvəzsiz dəstəyi mühüm rol oynayıb.
İsrail-Fələstin münaqişəsinə yalnız dini təəssübkeşlik ilə yanaşanlar da xatırlamalıdırlar ki, müsəlman Fələstin dövləti terrorçu ermənilərə hər cür dəstək verirdi. İnanırıq ki, İsrail bu xain hücumların qarşısını alacaq və terrorçulara layiqli cavab verəcək.
Şərh yaz