Ümid Partiyası həftəlik fəaliyyətini təqdim etdi

Ümid Partiyasının təbliğat və informasiya müavinliyi partiyanın həftə ərzindəki (25-29 aprel) fəaliyyəti ilə bağlı məlumat yayıb
PRESS-RELİZ
(Həftəlik 25-29 aprel)
Ümid Partiyası Rəyasət Heyətinin və Müavinliyinin növbəti iclasları keçirilib.
Rəyasət Heyətinin iclasında ölkədə və dünyadakı ictimai-siyasi vəziyyət müzakirə edilib, həftə ərzində partiyada görülən işlər barədə məlumat verilib.
Rəyasət Heyətinin iclasında iki aydan çox davam edən Rusiya-Ukrayna müharibəsi, bu müharibənin dünyaya və o cümlədən Azərbaycana təsirləri müzakirə edilib. Həmçinin müharibədən sonrakı dövr üçün ehtimallar ətrafında da fikir mübadiləsi aparılıb.
İclasda Azərbaycanın suveren ərazisi olan Qarabağ bölgəsində baş verənlər, erməni silahlı qruplaşmalarının bu bölgədə törətdikləri təxribatlar, həmçinin Rusiyanın verdiyi açıqlamalar ətrafında da müzakirələr aparılıb.
Rəyasət Heyəti aprelin 28-də Sumqayıt şəhərində, “Azərsun Sənaye Parkı”nın ərazisində baş vermiş genişmiqyaslı yanğını da müzakirə edib. Bildirilib ki, bu yanğın hadisəsi hüquq-mühafizə orqanları tərəfindən olduqca həssaslıqla araşdırılmalıdır. Hadisədə təxribat ehtimalları da geniş müzakirə edilib. Yanğınla bağlı partiya sədri İqbal Ağazadənin rəsmi mövqeyi olub, partiya funksionerləri media vasitəsilə baş verən hadisəyə münasibət bildiriblər.
İclasda Azərbaycanın” Rus Gəncləri Assosiasiyası” İctimai Birliyi və Bakıdakı “Rus Evi”nin aprelin 30-da keçirəcəyi “Georgi lenti” aksiyası da müzakirə edilib və pislənib. Bildirilib ki, imperiyanın simvolu olan bu lentin paylanması qəbulolunmazdır.
Rəyasət Heyəti Rusiyanın Azərbaycanda törətdiyi ehtimal olunan digər təxribatlar da müzakirə edilib. Eyni zamanda, 2009-cu ilin 30 aprelində Bakıda baş verən ADNA terrorunun hələ də hakimiyyət tərəfindən açılmadığı vurğulanıb.
Toplantıda vətəndaşların seçki iştirakçılığı da müzakirə mövzusu olub.
Müavinliyin iclasında cari işlər və struktur fəaliyyətindən doğan məsələlər müzakirə edilib, bu istiqamətdə müvafiq şöbələrin hesabatları dinlənilib.
Həftə ərzində partiya yetkililəri sədr İqbal Ağazadə və müavinləri (Ümid Partiyasının təbliğat və informasiya məsələləri üzrə sədr müavini Tamilla Qulami, partiyanın siyasi məsələlər üzrə sədr müavini Bakir Həsənbəyli, partiyanın sosial məsələlər üzrə sədr müavini İlahə Sadıqova ) İnternet Televiziyalarında (Reaksiya Tv, Xural Tv, Laf Tv, Pressklub Tv) altı canlı efirlə tamaşaçılar qarşısına çıxıblar. Bu kanallarda ümumi olaraq, iki yüz əlli minə yaxın izləyici canlı və yaxud videoyazını izləyib. Sosial şəbəkələr (YouTube, facebook, twitter, instagram, tik-tok) üzərindən həftə ərzində milyona yaxın izləyici partiya yetkililərini seyr edib, dinləyib, paylaşımlar ediblər.
Həftə ərzində partiya sıralarına yeni üzvlər qəbul olunub. Partiyanın müvafiq orqanı yeni gələn üzvlərlə işləmək və təşkilatlanma barədə öz tövsiyyələrini verib.
Ümid Partiyasının təbliğat və informasiya müavinliyi
Şərh yaz