İqbal Ağazadə İXM-nin 158.2-ci maddəsini şərh edib…

İqbal Ağazadə İXM-nin 158.2-ci maddəsini şərh edir….
İqbal Ağa-zadə: Çox təəssüf edirəm ki, məsələnin mahiyyəti doğru deyil!
İlk növbədə, ailədaxili münasibətlərlə hüquqi məsuliyyət məsələsini bir-birindən ayırmaq lazımdır. Hər bir hərəkət öz xarakterinə uyğun olaraq hüquqi dəyərləndirilir.
Əgər ər-arvad arasında inzibati xəta və ya cinayət xarakterli hadisə baş verirsə və tərəflər hüquq-mühafizə orqanlarına müraciət edirlərsə, bu, artıq ailədə ciddi problemlərin mövcudluğundan xəbər verir. Lakin belə hallarda əsas məqsəd ailənin dağılmasını qaçılmaz hesab etmək deyil, ilk növbədə hüququn və təhlükəsizliyin qorunmasını təmin etmək olmalıdır.
Digər tərəfdən, ər-arvadın dost çevrəsi, sosial həyatı və ünsiyyət sərhədləri məsələsinə yanaşanda ailə məsuliyyətini və qarşılıqlı hörməti nəzərə almalıyıq.
Təbii ki, kişinin də dostları ola bilər, qadının da. Ancaq nikaha daxil olmaq insanın üzərinə müəyyən məsuliyyətlər götürməsi deməkdir. Bu məsuliyyətlər yalnız maddi təminatla məhdudlaşmır, qarşı tərəfin hisslərinə, ailənin nüfuzuna və birgə həyatın prinsiplərinə hörmət etməyi də əhatə edir.
Təsəvvür edək ki, ərin dost çevrəsində mütəmadi olaraq narkotik vasitələrdən istifadə edən və ya həddindən artıq alkohol qəbul edən şəxslər var. Xanım həyat yoldaşının həmin mühitdə olmasından narahatdır və buna etiraz edir. Eyni yanaşma qadının dost çevrəsinə də aid ola bilər.
Əgər ər həyat yoldaşının müəyyən məkanlara getməsini, məsələn, bara və ya gecə klubuna baş çəkməsini istəmirsə, bu məsələnin də qarşılıqlı hörmət, etimad və ortaq ailə dəyərləri çərçivəsində müzakirə edilməsi vacibdir. Burada əsas məsələ bir tərəfin digərinə hökm etməsi deyil, ər-arvadın ortaq qərara gələ bilməsidir. Milli-mənəvi dəyərlər, ailə institutunun qorunması və qarşılıqlı məsuliyyət anlayışları cəmiyyətimiz üçün əhəmiyyətlidir. Bununla belə, ailə dəyərləri zorakılığa, təhdidə və insanın hüquqlarının məhdudlaşdırılmasına bəraət qazandırmaq üçün istifadə edilməməlidir.
Əgər iki insan ailə qurubsa, onlar problemlərini ilk növbədə dialoq və qarşılıqlı anlaşma yolu ilə həll etməyə çalışmalıdırlar. Əgər dünyagörüşləri, həyat tərzləri və ailəyə münasibətləri arasında barışmaz fərqlər varsa, bu zaman ayrılıq məsələsi də düşünülə bilər. Ancaq hər bir fikir ayrılığını dərhal hüquqi müstəviyə daşımaq, ailədaxili münasibətləri qarşıdurmaya çevirmək və ailənin təməlini sarsıtmaq çıxış yolu deyil.
Ailəni qorumaq hər iki tərəfin məsuliyyətidir. Nə ər öz həyat yoldaşının iradəsini tamamilə yox saymalı, nə də arvad ərinin şəxsiyyətini və seçimlərini nəzərə almadan davranmalıdır.
Sağlam ailənin təməlində qarşılıqlı hörmət, etimad, məsuliyyət və ortaq dəyərlər dayanır. Ailəni qorumaq naminə hüquqlardan imtina etmək yox, hüquq və məsuliyyət arasında düzgün tarazlıq yaratmaq lazımdır.
Şərh yaz