Ümid Partiyası həftəlik fəaliyyətini təqdim edib

Ümid Partiyasının təbliğat və informasiya müavinliyi partiyanın həftə ərzindəki (16-20 may) fəaliyyəti ilə bağlı məlumat yayıb.
Ümid Partiyası Rəyasət Heyətinin və Müavinliyinin növbəti iclasları keçirilib. Rəyasət Heyətinin iclasında ölkədə, bölgədə və dünyadakı vəziyyət müzakirə edilib. Həmçinin həftə ərzində partiyada görülən işlər də müzakirəyə çıxarılıb.
Rəyasət Heyətinin iclasında Rusiya-Ukrayna müharibəsi, Rusiyanın təcavüzkar siyasətindən əl çəkməməsi və bunun bütün dünya düzəninə təsiri də iclasın müzakirə mövzusu olub. Müharibənin gedişatı, ondan gözləntilər, bu müharibənin Azərbaycanın siyasi-iqtisadi həyatına mənfi və ya müsbət təsiri və bu təsirlərdən itkisiz çıxmaqla əlaqədar məsələlər, ölkənin post-Putin dövrünə hazır olub-olmadığı partiya yetkililəri tərəfindən müzakirə edilib.
Toplantıda partiyanın seçki hazırlığı, struktur islahatları da təhlil edilib.
Rəyasət Heyətinin iclasının davam etdiyi dəqiqələrdə Seçki Məcəlləsinin təkmilləşməsinin vacibliyi qeyd olunub, partiyanın bu istiqamətdə təklifləri səsləndirilib. Ümid Partiyası yetkililəri Seçki Məcəlləsinə dəyişikliklər istiqamətində apardıqları işlərin nəticələrini bölüşüblər.
Eyni zamanda, Konstitusiya islahatlarının vacibliyi vurğulanıb və Ümid Partiyasının hazırladığı təkliflər paketinin hökumətə göndərilməsi qərara alınıb. Konstitusiyaya təklif edilən əlavə və dəyişikliklər online olaraq, rayon təşkilatlarına da təqdim edilib. Həmçinin bu təklif paketinin digər partiyalarla görüşlər zamanı təqdim və müzakirə edilməsi barədə qərar qəbul olunub.
Ümid Partiyası rayon təşkilatları ilə növbəti görüşlərin keçirilməsinə də hazırlaşır. Bu istiqamətdə görüləcək işlər də iclasın müzakirə mövzusu olub.
Müavinliyin iclasında cari işlər və struktur fəaliyyətindən doğan məsələlər müzakirə edilib, bu istiqamətdə müvafiq şöbələrin hesabatları dinlənilib.
Partiyanın rayon təşkilatlarının fəaliyyətinin gücləndirilməsi və stimullaşdırılması ətrafında müzakirələr aparılıb, təhlillər edilib, aidiyyatı istiqamətdə təkliflər verilib.
Partiya rəhbərliyinin, xüsusən rayon təşkilatlarının ölkədə gözlənilən böyük siyasi hərəkətlənməyə qədər daha da gücləndirilməsinin vacibliyi qeyd edilib və bu istiqamətdə təkliflər səsləndirilib.
Həftə ərzində Ümid Partiyasının sədri İqbal Ağazadə və partiya yetkililəri (Ümid Partiyası İcra Aparatının rəhbəri Taleh Əliyev, partiyanın təbliğat və informasiya məsələləri üzrə sədr müavini Tamilla Qulami, partiyanın siyasi məsələlər üzrə sədr müavini Bakir Həsənbəyli, partiyanın diaspora, xaricdə yaşayan soydaşlar və ictimaiyyətlə əlaqələr üzrə sədr müavini Elman Abbasov) İnternet Televiziyalarında (Reaksiya Tv, Laf Tv, Xural Tv) yeddi canlı efirlə tamaşaçılar qarşısına çıxıblar. Bu kanallarda ümumi olaraq, dörd yüz əlli minə yaxın izləyici canlı və yaxud videoyazını izləyib.
Ümumilikdə sosial şəbəkələr (YouTube, facebook, twitter, instagram, tik-tok) üzərindən həftə ərzində milyona yaxın izləyici partiya yetkililərini seyr edib, dinləyib, paylaşımlar ediblər.
Şərh yaz
PAYLAŞ