Ümid Partiyası həftəlik fəaliyyətini təqdim edib

Ümid Partiyasının təbliğat və informasiya müavinliyi partiyanın həftə ərzindəki (13-18 iyun) fəaliyyəti ilə bağlı məlumat yayıb.

PRESS-RELİZ

(Həftəlik 13-18 iyun)

Ümid Partiyası Rəyasət Heyətinin və Müavinliyinin iclasları keçirilib.

Rəyasət Heyətinin iclasında ölkədə və dünyada izlənilən ictimai-siyasi vəziyyət müzakirə edilib, partiyanın birinci müavini Ənvər Ağazadə həftə ərzində partiyada görülən işlər barədə toplantı iştirakçılarına məlumat verib.

Toplantıda Azərbaycanın suveren ərazisi olan Qarabağ bölgəsində baş verənlər, erməni silahlı qruplaşmalarının bu bölgədə törətdikləri təxribatlar ətrafında müzakirələr aparılıb, Laçın keçid məntəqəsi, Zəngəzur dəhlizi, Azərbaycan-Ermənistan sərhəddində atəşkəsin pozulması, antiterror əməliyyatları, Rusiyanın Avropa İttifaqını hədələməsi, Şuşada keçirilən Şuşa Bəyannaməsinin bir illiyinə həsr edilən beynəlxalq konfrans və digər gündəmdə olan məsələlər müzakirə edilib, Ümid Partiyasının ən qısa zaman üçün təklif etdiyi Referendum keçirilməsinin vacibliyi, proporsional seçki sisteminin bərpası xüsusi vurğulanıb.

Rəyasət Heyəti rayon şöbələri ilə görüşləri də müzakirə edib. Rayon şöbələrində baş tutan görüşlərdə partiyanın təqdim etdiyi Konstitusiya islahatları, təkliflər, Seçki Məcəlləsinə təklif olunan əlavə və dəyişikliklər barədə danışılıb, partiya rəhbərliyinin və rayon şöbələrinin qarşısında duran vəzifələr, partiya quruculuğu məsələlərinə də toxunulub. Yeni özəklərin yaradılması, rəhbərliyin yenidən formalaşdırılması, bütün seçkili orqanların, xüsusən nəzarət-təftiş qrupunun, məclis üzvlərinin və sədr aparatının tam tərkibdə formalaşdırılması ilə bağlı tövsiyyələr verilib, bu istiqamətdə atılmalı olan addımlar müzakirə olunub. Sözügedən görüşlərdə ölkə vətəndaşlarının qarşılaşdığı problemlər və o problemlərdən çıxış yolu müavin və şöbə müdirlərinin diqqətinə çatdırılıb.

Xatırladaq ki, Ümid Partiyasının Rəyasət heyəti Saatlı, Samux, Ağsu, Cəlilabad, Masallı rayonlarında görüşlər keçirib, şöbələrin konfransa hazırlığı yoxlanılıb, konfransa hazırlıq üzrə Təşkilat Komitələri yaradılıb.

Rəyasət heyəti və müavinliyin iclasında cari işlər və struktur fəaliyyətindən doğan məsələlər də müzakirə edilib, bu istiqamətdə müvafiq şöbələrin hesabatları dinlənilib.

Həftə ərzində partiya yetkililəri – Ümid Partiyasının sədri İqbal Ağazadə və müavinləri (Ümid Partiyasının İcra Aparatının rəhbəri Taleh Əliyev, partiyanın təbliğat və informasiya məsələləri üzrə sədr müavini Tamilla Qulami, partiyanın siyasi məsələlər üzrə sədr müavini Bakir Həsənbəyli, partiyanın diaspora, xaricdə yaşayan soydaşlar və ictimaiyyətlə əlaqələr üzrə sədr müavini Elman Abbasov ) İnternet Televiziyalarında (Xural Tv, Reaksiya Tv, Laf Tv, Kanal13 ) altı canlı efirlə tamaşaçılar qarşısına çıxıblar. Bu kanallarda ümumi olaraq, iüç yüz əlli minə yaxın izləyici canlı və yaxud videoyazını izləyib. Sosial şəbəkələr (YouTube, facebook, twitter, instagram, tik-tok) üzərindən həftə ərzində iki milyona yaxın izləyici partiya yetkililərini seyr edib, dinləyib, paylaşımlar ediblər. Həftə ərzində partiya sıralarına yeni üzvlər qəbul olunub. Partiyanın müvafiq orqanı yeni gələn üzvlərlə işləmək və təşkilatlanma barədə öz tövsiyyələrini verib.

Ümid Partiyasının təbliğat və informasiya müavinliyi

Şərh yaz