Ümid Partiyası həftəlik fəaliyyəti ilə bağlı məlumat yayıb

Ümid Partiyasının təbliğat və informasiya müavinliyi partiyanın həftə ərzindəki (11-15 aprel) fəaliyyəti ilə bağlı məlumat yayıb.

Ümid Partiyası Rəyasət Heyətinin və Müavinliyinin növbəti iclasları keçirilib.

Rəyasət Heyətinin iclasında ictimai-siyasi vəziyyət müzakirə edilib, həftə ərzində görülən işlər barədə məlumat verilib. Partiya ölkədə mövcud olan problemlərdən çıxış yolu kimi hazırladığı təkliflər paketini də müzakirəyə çıxarıb.

Rəyasət Heyətinin iclasında Rusiya-Ukrayna müharibəsi, hərbi əməliyyatların törətdiyi əlavə problemlər müzakirə edilib. Sözügedən müharibənin nəticələri və post-müharibə dövrü barədə ehtimallar ətrafında da fikir mübadiləsi aparılıb.

İclasda Azərbaycan Respublikasının suveren ərazisi olan Qarabağ bölgəsində baş verənlər, Ermənistan Silahlı Qüvvələrinin təxribatları, Rusiya rəsmilərinin bu mövzuda verdiyi bəyanat və hədələr, eyni zamanda hərbi əməliyyat ehtimalları müzakirə edilib, hərbi əməliyyatların keçirilməsi qeyri-məqbul hesab olunub.

Azərbaycan və Ermənistan dövlət başçılarının 6 aprel Brüssel görüşündən sonra Rusiyanın mövqeyi, aktivləşməsi, sülh sazişinə mane olmaq cəhdləri də müzakirə edilib. Eyni zamanda, imzalanması nəzərdə tutulan sülh sazişi ətrafında da müzakirələr aparılıb, 2020-ci il noyabrın 9-dan 10-a keçən gecə Rusiya, Azərbaycan və Ermənistan arasında imzalanan sazişdən həmən sonra Ümid Partiyasının Azərbaycan hakimiyyətinə təqdim etdiyi təkliflər paketinin detalları diqqətə çatdırılıb.

Toplantıda Ümid Partiyasının Konstitusiyaya təklif etdiyi dəyişikliklər də müzakirə edilib. Partiyanın dövlət idarəetməsində bir neçə sahə üzrə hazırladığı proqramlar ətrafında da fikir mübadiləsi aparılıb. Tezliklə partiyanın regional müşavirələrinin keçirilməsi də qərara alınıb, bu istiqamətdə müvafiq şöbələrə təkliflər verilib.

Toplantıda partiyanın seçki hazırlığı da müzakirə mövzusu olub.
Müavinliyin iclasında cari işlər və struktur fəaliyyətindən doğan məsələlər müzakirə edilib, bu istiqamətdə müvafiq şöbələrin hesabatları dinlənilib.

Həftə ərzində partiya yetkililəri sədr İqbal Ağazadə və müavinləri (İcra Aparatının rəhbəri Taleh Əliyev, partiyanın siyasi məsələlər üzrə sədr müavini Bakir Həsənbəyli, partiyanın diaspor, xaricdə yaşayan vətəndaşlar və ictimaiyyətlə əlaqələr üzrə sədr müavini Elman Abbasov, partiyanın təbliğat və informasiya məsələləri üzrə sədr müavini Tamilla Qulami) İnternet Televiziyalarında (Reaksiya Tv, Xural Tv, Laf Tv, Vətən Tv, Baku News Tv) səkkiz canlı efirlə tamaşaçılar qarşısına çıxıblar. Bu kanallarda ümumi olaraq, üç yüz iyirmi minə yaxın izləyici canlı və yaxud videoyazını izləyib. Sosial şəbəkələr (YouTube, facebook, twitter, instagram, tik-tok) üzərindən həftə ərzində milyona yaxın izləyici partiya yetkililərini seyr edib, dinləyib, paylaşımlar ediblər.

Həftə ərzində partiya sıralarına yeni üzvlər qəbul olunub. Həftəsonu müavinliyin toplantısında yeni üzvlərin qəbulu barədə təşkilat şöbəsi məlumat verib. Partiyanın müvafiq orqanı yeni gələn üzvlərlə işləmək və təşkilatlanma barədə öz tövsiyyələrini verib.

Şərh yaz