Ümid Partiyası həftəlik (13-15 iyul) fəaliyyəti ilə bağlı məlumat yayıb

Ümid Partiyasının təbliğat və informasiya müavinliyi partiyanın həftə ərzindəki (13-15 iyul) fəaliyyəti ilə bağlı məlumat yayıb

PRESS-RELİZ

(Həftəlik 13-15 iyul)

Ümid Partiyası Rəyasət Heyətinin və Müavinliyinin iclasları keçirilib.

Rəyasət heyətinin toplantısında Tovuz döyüşlərinin 2 illiyi nəzərə çatdırılıb, bütün Şəhidlərin ruhu 1 dəqiqəlik sükutla yad edilib. İclasda ölkədə və dünyada baş verən proseslər müzakirə edilib, hadisələr fonunda Azərbaycanın qarşısında dayanan vəzifələr diqqətə çatdırılıb, Ermənistan-Azərbaycan münasibətləri, Qarabağda dayanmadan pozulan atəşkəs, 10 noyabr sazişinin pozulan maddələri, 5 aydır ki, davam edən Rusiya-Ukrayna savaşı və digər məsələlər vurğulanıb.

İclasda Ümid Partiyasının ölkədə sosial-siyasi-iqtisadi problemlərdən çıxış yolu üçün mövcud iqtidara təqdim etdiyi təkliflər paketi bir daha iştirakçıların nəzərinə çatdırılıb.

Müavinliyin toplantısında cari işlərdən doğan məsələlər və struktur fəaliyyəti müzakirə edilib, partiyanın müvafiq şöbələrinin aidiyyatı üzrə hesabatları dinlənilib.

İclasda cəmiyyətin tələblərindən doğan Referendum Seçkiləri üçün Ümid Partiyasının təklif etdiyi Konstitusiya layihəsinin maddələri diqqətə çatdırılıb, ölkə daxilində baş verən sosial gərginliyin səbəbinin qanunların işləməməsindən dolayı yarandığı xüsusi qeyd olunub, mövcud hakimiyyətin siyasi komandasının yarıtmaz idarəetməsinin iflası ilə dəyərləndirilib.

Həftə ərzində partiya yetkililəri – Ümid Partiyasının sədri İqbal Ağazadə və partiyanın rəhbər heyəti (partiyanın İcra Aparatının rəhbəri Taleh Əliyev, partiyanın təbliğat və informasiya məsələləri üzrə sədr müavini Tamilla Qulami, partiyanın siyasi məsələlər üzrə sədr müavini Bakir Həsənbəyli) İnternet Televiziyalarında (Reaksiya Tv, LAF Tv) 5 canlı efirlə izləyicilər qarşısına çıxıb, ölkə gündəmini dəyərləndirib, Ümid Partiyasının problemlərin həlli istiqamətində təklif etdiyi tələbləri efir vasitəsilə toplumun diqqətinə çatdırıb, tamaşaçıların suallarını cavablandırıblar.

Sosial şəbəkələr (YouTube, facebook, twitter, instagram, tik-tok) üzərindən həftə ərzində beş milyon beş yüz minə yaxın izləyici partiya yetkililərini seyr edib, dinləyib, paylaşımlar ediblər.

Ənənəvi olaraq, həftə ərzində partiya sıralarına yeni üzvlər qəbul olunub. Bu həftə də üzvlərdən çoxluğu xanımlar və gənclər təşkil edib. Partiyanın müvafiq orqanı yeni gələn üzvlərlə işləmək və təşkilatlanma barədə öz tövsiyyələrini verib.

Ümid Partiyasının təbliğat və informasiya müavinliyi

 

Şərh yaz