Ümid Partiyası həftə ərzindəki (10-14 oktyabr) fəaliyyəti ilə bağlı məlumat yayıb

Ümid Partiyasının təbliğat və informasiya müavinliyi partiyanın həftə ərzindəki (10-14 oktyabr) fəaliyyəti ilə bağlı məlumat yayıb.

PRESS-RELİZ

(Həftəlik 10-14 oktyabr)

Ümid Partiyası Rəyasət Heyətinin və Müavinliyinin iclasları keçirilib.

Rəyasət Heyətinin toplantısında Azərbaycan və Ermənistanın bağlayacağı sülh müqaviləsi müzakirə olunub, 2020-ci il noyabrın 9-dan 10-a keçən gecə Rusiya-Azərbaycan-Ermənistan arasında bağlanan atəşkəs sazişi ilə bağlı Azərbaycan Ümid Partiyasının həmin gecə dərhal təqdim etdiyi təkliflər paketi təhlil edilib.

Daha sonra toplantıda Azərbaycanın daxili və xarici siyasəti müzakirə mövzusu olub, Azərbaycanın Vaşinqtondakı səfirliyinin avtomobilinin atəşə tutulması pislənib.

İclasın gedişatında İranda hələ də davam edən teokratik rejimə qarşı aksiyalar, Rusiya-Ukrayna, Rusiya-Ermənistan, Amerika-Ermənistan münasibətləri də təhlil edilib, bu münasibətlərin Azərbaycana müsbət və ya mənfi təsirindən danışılıb.

Həftə ərzində Ukraynanın Luqansk, Donetsk, Zaporojye və Xerson vilayətlərinin Rusiya Federasiyasına qanunsuz birləşdirilməsi ilə bağlı Ümid Partiyası bəyanat yayıb.

Ümid Partiyasının müavinliyinin iclasında Fransa Prezidenti Emmanuel Makronun Rusiyanı Ermənistan və Azərbaycan arasında baş vermiş son toqquşmalar zamanı “məqsədli təxribat”da ittiham etməsi, Azərbaycan Ermənistanla sərhədin delimitasiyası üzrə Katiblik də müzakirə mövzularından olub.

Rəyasət Heyətinin toplantısında Türkiyənin Ankara şəhərində Güney Azərbaycan Mühacir Milli Məclisinin yaranması alqışlanıb, İran adlanan ərazidə 40 milyonuq soydaşlarmızın haqlarının tapdanması pislənib və güneyli soydaşlarımızın verdikləri bütün qərarlarda yanlarında olacaqları xüsusi vurğulanıb.

Toplantının dəyişməz mövzularından biri də Azərbaycan-Rusiya-Ermənistan arasında 2020-ci ilin noyabrın 9-dan 10-na keçən gecədə imzalanan atəşkəs sazişinin bəndlərinin yerinə yetirilməməsi olub, atəşkəsin pozulması, Azərbaycanın suveren ərazisi olan Qarabağ bölgəsində erməni silahlı qruplaşmalarının törətdikləri təxribatlar ətrafında fikir mübadiləsi aparılıb, atəşkəsin pozulması qəti pislənib. Müavinliyin iclasında qeyd olunub ki, Azərbaycanımızı sevməyən qüvvələr xarici ölkələrin səfirliklərində törətdikləri qanunazidd hərəkətləri ölkə içinə daşımağa və dövlətimizin dayaqlarını sarsıtmağı əsas hədəfləri seçsələr belə Azərbaycan iqtidarı, müxalifəti və cəmiyyət ayıq-sayıq olmalıdır. İranıjiminə qarşı davam edən aksiyalardan yararlanmağa çalışan İrana bağlı qüvvələrin aktivləşəcəyini qeyd edən partiya yetkililəri hamını birliyə, konstitusiyamızda təsbit olunmuş dünyəvilik prinsipinə sadiqliyə çağırıb.

Toplantıda daxili siyasət də müzakirə edilib və əhalini narahat edən məsələlərdən biri – Azərbaycanda uşaq pulunun verilməsi, sosial gərginliyin aradan qalxması üçün addımlar və s. məsələlər də müzakirə edilib, həlli üçün təklifləri diqqətə çatdırılıb.

Müavinliyin toplantısında Ümid Partiyasının ən qısa zaman üçün təklif etdiyi Referendum seçkisinin keçirilməsinin vacibliyi, proporsional seçki sisteminin bərpası xüsusi vurğulanıb.

Rəyasət heyəti və müavinliyin iclasında cari işlər və struktur fəaliyyətindən doğan məsələlər də müzakirə edilib, bu istiqamətdə müvafiq şöbələrin hesabatları dinlənilib.

Həftə ərzində partiya yetkililəri – Ümid Partiyasının sədri İqbal Ağazadə və müavinləri (Ümid Partiyası sədrinin birinci müavini Ənvər Ağazadə, partiyanın siyasi məsələlər üzrə sədr müavini Bakir Həsənbəyli, partiyanın sosial məsələlər üzrə sədr  müavini İlahə Sadıqova) İnternet Televiziyalarında (Xural Tv, Reaksiya Tv, Laf Tv, Press Klub Tv, Kanal 13 Tv, Təbriz Tv ) səkkiz canlı efirlə tamaşaçılar qarşısına çıxıblar. Bu kanallarda ümumi olaraq, altı yüz minə yaxın izləyici canlı və yaxud videoyazını izləyib. Sosial şəbəkələr (YouTube, facebook, twitter, instagram, tik-tok) üzərindən həftə ərzində altı milyona yaxın izləyici partiya yetkililərini seyr edib, dinləyib, paylaşımlar ediblər.

Həftə ərzində partiya sıralarına yeni üzvlər qəbul olunub. Partiyanın müvafiq orqanı yeni gələn üzvlərlə işləmək və təşkilatlanma barədə öz tövsiyyələrini verib.

Ümid Partiyasının təbliğat və informasiya müavinliyi

 

 

Şərh yaz