Ümid Partiyası Fransa Senatının qətnaməsi ilə bağlı Bəyanat verdi

Təəssüflə qeyd edirik ki, Fransa Senatının 15 noyabr tarixli Azərbaycana qarşı sanksiyaların tətbiqi qətnaməsi Fransa-Azərbaycan əlaqələrinə çox böyük zərbədir və atılan bu addım gələcək münasibətlər sistemində mütləq özünü göstərəcək. Çünki qətnamədə qeyd olunanların heç biri reallığı əks etdirmir və Fransa Senatı birtərəfli qaydada Ermənistan mövqelərini müdafiə edən sənəd qəbul edib.

Çox təəssüflər olsun, Fransa Senatı unudur ki, Birləşmiş Millətlər Təşkilatının 4 qətnaməsi olmasına rəğmən Ermənistan bu qətnamələri görməzdən gələrək, Azərbaycan torpaqlarını 30 il işğal edərək, torpaqları vəhşicəsinə dağıdıb və Azərbaycanın həmin ərazilərində yaşayan bir milyon insanı öz ata-baba yurdundan didərgin salıb. Bununla yanaşı, həmin bir milyon insanın ev-eşiyi dağıdılıb, təbiəti – faunası, florası sıradan çıxarılıb, o cümlədən Azərbaycan bu torpaqları işğaldan azad edərkən məlum olub ki, orada yüz minlərlə mina basdırılıb. Bu da təkcə insanlar üçün deyil, bütün canlılar üçün gələcəkdə təhlükə törətməsi deməkdir. Bütün bu vandallıqlara susan Fransa təəssüf ki, indi birtərəfli qaydada Ermənistanın mənafeyini, mövqelərini müdafiə edir. Azərbaycan heç kimin ərazisinə daxil olmayıb.

Delimitasiya və demarkasiya haqqında tərəflər arasında danışıqlar gedir. Sərhədlər müəyyən olunduqdan sonra qoşunlar təbii ki, sərhədlərin müəyyən olduğu xətdə yerləşdiriləcəklər. Bu addımları – demarkasiya və delimitasiya məsələlərini dəstəkləmək əvəzinə Fransa höküməti münaqişənin yeni mərhələyə – müharibə mərhələsinə keçməsi üçün bütün imkanlardan istifadə edir, qızışdırıcı və təhrikedici mövqe ortaya qoyur. Azərbaycan xalqı bütövlükdə bu məsələdə Fransa Senatının qəbul etdiyi bu qətnaməyə qarşıdır və israrla tələb edir ki, bu cür qətnamələrin qəbul olunması beynəlxalq aləmdə, o cümlədən Avropa Birliyi və onlarla qonşu olan dövlətlərdə sülhün və əmin-amanlığın bərqərar olmasına çox böyük ziyan vuracaq.

Azərbaycan Ümid Partiyası olaraq, Fransa Senatının bu qətnaməsini pisləyir, bu qətnamənin nəticələrindən çıxan məsuliyyətin bir hissəsinin də Fransanın üzərinə düşdüyünü bəyan edir.

 

Şərh yaz