Ümid Partiyası Əli Əliyevin 70 illik yubileyini təbrik etdi

Bu gün Ümid Partiyası Ali Məclisinin üzvü,  Neftçala Rayon Təşkilatının sədri Əli Əliyevin 70 yaşı tamam olur.

Əliyev Əli Sahib oğlu 1951-ci ildə Neftçalada anadan olub, Azərbaycan Dövlət Universitetinin “Filologiya” fakültəsini bitirib. 40 ildən artıq müddətdə pedoqoji fəaliyyətlə məşğul olub. Əli Əliyevin yüzlərlə vətənpərvər gəncliyin yetişməsində xüsusi xidməti olub, bir ziyalı kimi özünü cəmiyyətə təqdim edə bilib. İşlədiyi müddətdə tək amalı dövlətinə, millətinə, vətəninə layiq, yüksək elmi potensiala malik gənclərin yetişdirilməsi olub. Bunun nəticəsidir ki, Əli Əliyevin illər əvvəl yetişdirdiyi şagirdləri onu sevir və sayğı duyur.

Əli bəy Milli Azadlıq Hərəkatının fəal iştirakçılarından olub. Azərbaycanın ərazi bütövlüyü, ölkədə demokratik cəmiyyətin, hüquqi dövlətin yaranması üçün hər zaman mübarizənin önündə dayanıb və hazırda Ümid Partiyasının sıralarında rayon təşkilat sədri olaraq, mübarizəsini davam etdirir.

Əli Əliyev həm də vətənpərvərlik mövzusunda bir çox şeirlərin müəllifidir.
Vətənpərvərliyi, dürüstlüyü, sədaqəti, hüququn aliliyinə yanaşması, elin-obanın probleminin həllində hər zaman öndə olması, bütün elmi potensialını xalqının xoş gələcəyinə sərf etməsi, hər zaman haqqın yanında dayanması Əli Əliyevin əsil ziyalı simasını ortaya qoyur. Bu səbəbdəndir ki, həm onu tanıyanların, həm də Ümid ailəsinin sevimlisinə çevrilib.

Ümid Partiyasının sədri İqbal Ağazadə başda olmaqla bütün ÜMİD AİLƏSİ Əli bəyi yubileyi münasibətilə təbrik edir, şəxsi işlərində, yaradıcılığında, siyasi fəaliyyətində, daşıdığı missiyada uğurlar diləyir!

Təbrik edirik!

Şərh yaz