Ümid növbəti seçkilərin mütləq qalibidir – NAZİM KİŞİYEV

Müsahibimiz Ümid Partiyası Lerik Rayon Şöbəsinin sədri Nazim Kişiyevdir.

Nazim bəy, rayonda vəziyyət necədir?

Təşəkkür edirəm. Vəziyyət sadə xalqın hər birində demək olar ki, eynidir. Sosial-iqtisadi vəziyyət olduqca ağırdır. İnsanların maddi durumunda pisləşmə artıq gündəlik özünü biruzə verir. Bilirsiniz ki, Lerik dağ rayonudur. Məhz bu amilin özü də iş yerlərinin məhdudluğu baxımından ciddi təsir edən amildir.

Pandemiya yəqin ki, Lerikdə də təsirsiz ötüşmədi…

Pandemiya sahibkarlara, o cümlədən şəxsi təsərrüfatlara ciddi problem yaratdı. Təsərrüfatlar ziyanın nəticələrini aradan qaldıra bilmədi. Bu da onları yaşamının pisləşməsi ilə nəticələndi. Rayonda əhalinin əksəriyyəti yalnız kənd təsərrüfatı ilə məşğuldur. Dövlət tərəfindən vətəndaşlar üçün nəzərdə tutulan yardımlar insanlara min bir bahanə ilə verilmədi. Verilən vəsait isə alınacaq toxumun hətta 30%-nin dəyərini belə ödəmədi. Çünki toxumluq buğdanın kiloqramı 80 qəpik, 1 manat civarındadır. Bu məsələnin özü də şərtlə icra edildi. Ən təəccüblüsü isə şərt kimi irəli sürdülər ki, bazardan kimsə toxumluq buğda almasın. Kim buğdanı hökumətin nəzərdə tutduğu yerdən deyil, başqa yerdən alacaqsa, ona yardım edilməyəcək. Rayonda işsizlərin sayı təxminən 70%-dən çoxdur. Bu, Lerik kimi o qədər də böyük olmayan rayon üçün çox ciddi rəqəmdir. İnsanların bu vəziyyətinə münasibətlərini aidiyyatı strukturlar demək olar ki, nəzərə almırlar.

Bu qədər neqativ hadisələr fonunda 44 günlük Vətən müharibəsinin nəticələrini necə qiymətləndirirsiniz?

44 günlük müharibədə bütün Azərbaycan xalqı kimi leriklilərin də ürəyi cəbhə ilə döyünürdü. Hamı bir nəfər kimi cəbhədə döyüşməyə hazır olduğunu bəyan edirdi. Ən sıravi sakin belə imkanı daxilində cəbhə üçün nə isə etmək istəyirdi. Əslən Lerikdən olan, lakin xaricdə yaşayan iş adamları müdafiə fonduna kifayət qədər vəsait köçürdülər. Biz özümüz də həmin dövrdə imkanlarımız daxilində yardımlar etdik.

İtkisiz qalibiyyət olmur. Lerikdən neçə şəhidimiz var?

Təəssüf ki, belədir. Lerikin 57 igid oğlu şəhid oldu. 44 şəhidimiz Lerik şəhərində Şəhidlər Xiyabanında dəfn olundu. 13 şəhidimiz isə paytaxtda və digər rayonlarda dəfn olundular. Təəssüf ki, rayonun millət vəkili İqbal Məmmədov həmin dövrdə demək olar ki, olduqca az göründü. Lakin şəxsən mən və təşkilatımızın aktivləri şəhidlərin dəfnində iştirak edir, müəyyən olunmuş qaydalara uyğun qazilərimizlə görüşürdük. Zaman-zaman bu görüşləri bu gün də davam etdiririk.

Partiyamızın quruculuq işləri Lerikdə necədir?

Təşkilati işlərimiz pandemiya səbəbindən müəyyən qədər tempini azaltsa da, çalışırıq ki, bu işin davamlılığına xələl gəlməsin. Üzvlərimizlə mütəmadi olaraq əlaqə saxlayıram. Pandemiya ilə əlaqədar az sayda da olsa, görüşlərimiz olur. Hər birimizdə qəti bir inam formalaşıb, Ümid növbəti seçkilərdə qalibdir.

Şərh yaz