Tofiq Yaqublunun məhkəməsi sifarişli məhkəmədir – İqbal Ağazadə

Ümid Partiyasının sədri İqbal Ağazadə Zaur Qəriboğlunun təqdimatında Reaksiya Tv-də canlı yayımlanan “Siyasi reaksiya” verilişinin qonağı olub. Partiya sədri verilən suallara uyğun olaraq, Qurban Məmmədovun evinin sökülməsi, Tofiq Yaqublunun qanunsuz həbsi, hakimiyyət-mətbuat münasibətləri və 134 FM tezliyinin Ermənistana verilməsi kimi ciddi məsələlərə münasibət bildirib.

İqbal Ağazadə Qurban Məmmədovun evinin sökülməsindən danışarkən bunları deyib: “Siyasi mübarizə metodunun bəyənilib bəyənilməməsi, qəbul olunub olunmaması insanları cəzalandırmaq üçün əsas ola bilməz. İnsanın əmlakına, can güvənliyinə təminat verən hüquqdur. Cinayətkarın belə məhkəmə qərarı olmadan əmlakına toxunula bilməz. Fərz edək ki, Qurban Məmmədovun evi qeyri-qanuni tikilib, amma biz bir qanunsuz hesab etdiyimizi başqa bir qanunsuzluqla həll edə bilmərik. Məsələnin hüquqi tərəfi belədir ki, əgər bina qanunsuz tikilibsə, bu məsələ tikintini aparan şirkətlə dövlət arasında həll olunmalı, yox, əgər Qurban Məmmədovun binanın pulunu ödəmədiyi iddia olunursa, o zaman da məsələ Qurban Məmmədovla tikinti şirkəti arasında həllini tapmalıdır. Hakimiyyətin getməsini istəyib də qanundan kənar mübarizə yolu seçən insanların ailəsinə qarşı fərdi addım atmaq dövlət işi deyil. Kimin kimdən xoşu gəlmirsə, güclüdürsə, öz münasibətlərini qeyri-hüquq üzərində qura bilməz. Biz mental dəyərlərimizi də qorumalıyıq”.

Partiya sədri Tofiq Yaqublunun qanunsuz həbsindən danışarkən qeyd edib ki, Tofiq Yaqublunun məhkəməsi sifarişli məhkəmədir, Azərbaycan hakimiyyətinin siyasi istəyidir. Siz nə qədər insanın adam öldürüb tutulmadığını görmüsünüz, hakimiyyət külli miqdarda rüşvət aldığını iddia etdiyi məmuru həbsdən buraxır, digər tərəfdən isə Tofiq Yaqublunu xırda bir məsələdən ötrü həbs edir.

Ümid lideri verilişin irəliləyən dəqiqələrində hakimiyyət-mətbuat münasibətlərindən danışarkən bildirib ki, əgər doğrudan da hakimiyyət nələrisə dəyişmək istəyirsə, mətbuatı sərbəst buraxsın, KİVDF-ni ləğv etsin, mətbuata pul ayırmasın, reklam bazarı açsın. Siz xalqın pulunu mətbuata niyə verməlisiniz? Hansı ki, o mətbuat da sizə xidmət edir, mənə yox. Hansı mətbu orqan sizin siyasətinizi bəyənmirsə, ona pul ayırmırsınız. Hazırda yazılı mətbuat oxuyan yoxdur. Dövlət orqanlarına sifariş verilir, kimlərsə o qəzetə abunə yazılır və qəzetə pul köçürür. Niyə? Mətbuata dəstək vermək istəyirsinizsə, internetini sürətli və pulsuz edin. Xalqın pulunu xalqın oxumadığı mətbuata vermək olmaz.

İqbal Ağazadə 134 FM tezliyinin ermənilərə verilməsindən danışan zaman qeyd edib ki, Ramin Quluzadə 10 günə cavab verməsə, sənədləri ortaya qoyacağam: “Ramin Quluzadəyə bir daha müraciət edirəm, yenə sussa, sənədlərlə danışacağıq. Niyə bizim işğal olunmuş ərazilərdə yayımlanan 134 FM tezliyi Ramin Quluzadənin imzası ilə ermənilərə verilib? Bu, vətənə xəyanətdir”.

Ümid Partiyasının Mətbuat Xidməti

Şərh yaz