TAMİLLA QULAMİdən Rasim Musabəyova sərt təpki

Tamilla Qulamidən Rasim Musabəyova sərt təpki
Deputat Rasim Musabeyov son açıqlaması ilə gündəmi zəbt edib.
Onun Başkəndlə bağlı fikirləri birmənalı qarşılanmayıb:
“İndi belə olan halda oraya axı yol da olmalıdır. Bu yolu da sən gərək qarşılıqlı: Başkənd Azərbaycan ərazisindən yol almalıdır, Azərbaycan eksklavlara isə Ermənistan ərazisindən… Bu yenə də təkrar deyirəm qarşılıqlı, hansısa bir mübadilə, ya da güzəşt tələb edən məsələdir. Yol verildiyi halda həmin o yolun qazı, suyu, işığı çəkilməli, mühafizəsi təmin edilməlidir. Bu da asan məsələ deyil. Mübadilə mənə daha əlverişli görünür”.
Qeyd edək ki, Rasim Musabəyovun fikirləri Azərbaycan cəmiyyətində sərt təpkilərə səbəb olub. Erməni mediası isə onun sözlərinə manşetlərdən verib.
Azərbaycan Ümid Partiyasının sədr müavini Tamilla Qulami “Cebhe.info”ya açıqlamasında Rasim Musabəyova cavab verib.
O bildirib ki, Başkənd Azərbaycanın əzəli-əbədi torpağıdır. Başkənd qəsəbəsi XX əsrin əvvəlləri – 1920-ci illərdə Sovet rəhbərliyi tərəfindən Ermənistana verilmişdi. Ona qədər isə ermənilər Başkəndə ilk dəfə 1859-cu ildə köçürülmüşdülər:
“Mən Rasim Musabəyovun belə fikirlər səsləndirməsini çox üzücü və təəssüfedici sayıram. Çünki illərlə parlamentdə millət vəkili kürsüsündə əyləşən bir nəfərin bu cür fikir səsləndirməsi doğru deyil.
Əlbəttə ki, Başkəndin Ermənistana verilməsindən söhbət belə gedə bilməz. Bu istiqamətdə hansısa fikrin səsləndirilməsi Azərbaycana qarşı xəyanətdir”.
Həmsöhbətimiz vurğulayıb ki, Azərbaycanın 4 anklav kəndi qaytarılıb, digər 4 kəndin – Qazaxın 3 və Naxçıvanın Kərki kəndinin qaytarılması istiqamətində də addımlar atılır:
“Bu istiqamətdə atılan addımlar da Zəngəzurə gedən yolumuzu açır. 10 noyabr 2020-ci ildə imzalanan üçtərəfli Bəyanatda da Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirən quru yolunun olması barədə bənd var”.
Tamilla Qulami hesab edir ki, belə bir vəziyyətdə Azərbaycana qarşı ola bu fikirlər hansısa məqsəd daşıya bilər:
“Çünki bir millət vəkilinin bu cür ifadələr səsləndirməsi çox anormaldır. Təəssüf ki, bəzi ziyalı adına iddia edənlər, deputatlar və ya ekspertlər bəzən elə absurd fikirlər səsləndirirlər ki, birbaşa başqa ölkənin və ya Rusiya siyasətinin dəstəkçisi kimi görünürlər. Yaxşı olar ki, hansısa ölkənin deyil, Azərbaycanın mövqeyindən çıxış etsinlər.
Təəssüflər olsun ki, illərdir, millət vəkili kürsüsündə əyləşən Rasim Musabəyov xalqın, dövlətin mənafeyindən çıxış etməkdənsə, Başkəndlə bağlı fikir səsləndirməyə ehtiyac duydu. Üstəlik, onun fikirləri bu gün Ermənistan mediasında manşetlərdədir. Bu da çox təəssüfedici bir amildir”.
Elmir Mustafa
“Cebhe.info”
Şərh yaz